Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Avstriyalı atletlərin vurulması işi ibtidai istintaqa qaytarıldı


Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

►Səbəb ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verilməsidir

Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı idmançıların vurulması ilə nəticələnmiş avtobus qəzası üzrə cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. İş təkrar prokurorluğa qaytarılıb.

Bu barədə yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib. Məhkəmə işin prokurorluğa qaytarılmasını ibtidai istintaqın kobud qanun pozuntuları ilə aparılmasıyla əsaslandırıb.

Məhkəmənin hazırlıq iclasının bu haqda qərarı elan olunmamışdan əvvəl isə prosesdə təqsirləndirilən dörd nəfərin vəkilləri müxtəlif vəsatətlər qaldırıblar.

HƏBS QƏTİMKAN TƏDBİRİ DƏYİŞDİRİLSİN

Sözügedən avtobus qəzası ilə bağlı təhlükəsizlik kamerasının qeydə aldığı görüntüləri yaymaqda təqsirləndirilən Nizami Rayon Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənovun vəkili İsmayıl Abışov müvəkkilinin barəsində cinayət təqibinə xitam verilməsini istəyib:

"Onun əməlində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinin tərkibi yoxdur. Onun ittihamda yazılanlardan fərqli olaraq, Azərbaycan dövlətinin imicinə xələl gətirmək niyyəti olmayıb".

Vəkil Elçin Həsənovun iki azyaşlı övladının olduğunu əsas gətirərək, cinayət təqibinə xitam verilməsə belə, həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Buna da bax: Qubada etiraz aksiyası keçirilir

Avtobusun sürücüsü Vəli Əhmədovun vəkili Zöhrab Əsgərov işin istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Bildirib ki, ibtidai istintaq zamanı üç nəfər zərərçəkmişlə bağlı ekspertiza keçirilməyib, onların iddia tələbinin olub-olmadığı müəyyənləşdirilməyib.

"Əgər iş ibtidai istintaqa qaytarılmasa, heç olmasa, Vəli Əhmədov barəsində həbs-qətimkan tədbirinin başqa bir qətimkan tədbirilə əvəz olunmasını xahiş edirəm. Çünki Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsində üç ilə qədər həbs cəzası nəzərdə tutulub. Bu maddədə nəzərdə tutulan əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab olunur və cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Amma altı aydan çoxdur ki, Vəli Əhmədov həbsdə saxlanılır", - deyə vəkil qeyd edib.

“KİM BİLƏ BİLƏRDİ Kİ...”

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi olan Fərid Əmiraslanovun vəkili Ağaveyis Şahverdi də müvəkkilinin əməlində cinayət tərkibi olmadığını deyib:

"O, 314-cü (səhlənkarlıq) maddənin subyekti ola bilməz. İttiham olunur ki, Avropa Oyunlarında iştirak edəcək sürücülərin siyahısından niyə Vəli Əhmədovun adını çıxarmayıb. Əvvəla, ona belə bir səlahiyyət verilməyib. İkincisi, Fərid Əmiraslanov əvvəlcədən bilə bilməzdi ki, Vəli Əhmədov belə bir hadisə törədəcək".

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamovun vəkili Pərviz Ələkbərov da eyni məzmunlu vəsatət qaldırıb. Bildirib ki, sürücülərin siyahısı hazırlanarkən müvəkkili məzuniyyətdə olub, Vəli Əhmədovun adını da siyahıya o, daxil etməyib:

"Digər tərəfdən, kim bilə bilərdi ki, belə bir hadisə baş verəcək? Heç bir sürücü bundan sığortalanmayıb".

Hakim Cavid Hüseynov məhkəməyə Baş Prokurorluqdan və Azərbaycanın Avstriyadakı səfirliyindən daxil olan məktubu elan edib. Orada bildirilir ki, Avstriya səfirliyi, Avstriya Olimpiya Komitəsi, eləcə də qeyri-rəsmi vasitələrlə zərərçəkmişlərə ibtidai istintaqın yekunlaşması, işin məhkəməyə göndərilməsi, zərərçəkmiş kimi hüquq və vəzifələri barədə məlumatların çatdırılması üçün mümkün olan bütün tədbirlər görülüb.

Buna da bax: Neftin qiyməti 30 dollardan da aşağı düşdü

1 MİLYON AVRODAN ÇOX KOMPENSASİYA...

Bundan sonra müşavirəyə gedən hakimlər kollegiyası təxminən 15 dəqiqə sonra geri qayıdaraq, məhkəmənin hazırlıq iclasının işin ibtidai istintaqa qaytarılması barədə qərarını elan edib.

Qərarda göstərilib ki, istintaq orqanı zərərçəkmişləri dindirməyib, onların şəxsiyyətini, ailə vəziyyətini, yaşayış yerini, maddi tələblərinin olub-olmaması müəyyənləşdirməyib. Onlar ekspertizadan keçirilməyib, aldıqları xəsarətlərin dərəcəsi bəlli deyil. Qərardan o da məlum olub ki, iş materialları arasında Gənclər və İdman Nazirliyinin Baş Prokurorluğa məktubu var. Həmin məktubda göstərilib ki, xəsarət almış avstriyalı idmançıların reabilitasiyası üçün 1 milyon – 1 milyon 200 min avro kompensasiya tələb olunacağı ehtimal edilir.

Xatırladaq ki, sözügedən avtobus qəzası 2015-ci il iyulun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda baş verib.

"Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pajer və Verena Breyti vurub. Hadisə ilə əlaqədar dörd nəfər həbs olunub.

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG