Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:21

Keçmiş hakim prokurora 100 min rüşvət verdiyini deyir


Həsən Əliyev
Həsən Əliyev

-

Keçmiş hakim Həsən Əliyev etiraf edib ki, ona qarşı dələduzluq ittihamıyla bağlı məsələnin həlli üçün Bakının rayonlarından birinin prokuroruna 100 min manat rüşvət göndərib.

2000-ci ildən 2007-ci ilədək Binəqədi Rayon Məhkəməsinin sədri, bundan sonra 2013-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Əliyev bunu yanvarın 15-də Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda danışıb.

Həsən Əliyev Ramazan Səlimov adlı tanışını icra başçısı təyin etdirmək üçün ondan 600 min manat almaqda təqsirləndirilir. 7 il azadlıqdan məhrum edilməsinə dair hökmdən narazı qalan keçmiş hakim Gəncə Apellyasiya Məhkəməsində ifadə verərkən bildirib ki, tikinti maqnatı kimi tanınan «Şərurlu İsfəndiyar»a (İsfəndiyar Axundov) 200 min dollar borcu olub, ona görə də Ramazan Səlimovdan 300 min manat borc almaq istəyib. Həmin dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən Həsən Əliyevin dediyinə görə, Səlimova 300 min manat borc götürdüyü haqda yazılı qəbz versə də, pulu almayıb. Təxminən bir il sonra Ramazan Səlimovla bu dəfə notarial qaydada olmaqla, 300 min manat borc alması barədə müqavilə bağlayıb. Amma son nəticədə, nəinki 600 min, heç bir manat da pul almayıb.

600 MİNİ 350 MİNLƏ «BAĞLAMAQ»

Keçmiş hakimin bu ifadəsindən sonra Ramazan Səlimovun vəkili İradə Cavadova ona belə bir sual ünvanlayıb:

«Siz hakim işlədiyiniz dövrdə yəqin ki, təkcə boşanma işlərinə baxmamısınız, dələduzluqla bağlı cinayət işlərini də araşdırmısınız. Dediyinizə özünüz inanırsınızmı?»

Həsən Əliyev danışdıqlarının doğru olduğunu bildirib. O, həmçinin qeyd edib ki, pulu almamasına baxmayaraq, Ramazan Səlimov polisə müraciət edib, ondan 600 mini tələb edəndə, öz nüfuzunu nəzərə alaraq, istədiyi vəsaitin bir hissəsini ona vermək qərarına gəlib. Dediyinə görə, 600 min məsələsini 350 minlə «bağlaması» üçün Nərimanov rayon prokuroruna tanışı Elman Məmmədov vasitəsilə 100 min, Ramazan Səlimova da - daha sonra 100 min manat vermək şərti ilə - 250 min manat pul göndərib.

Foto illüstrasiya.
Foto illüstrasiya.

Elman Məmmədov keçmiş hakimin bu iddiasına belə cavab verib: «Mən kişiyəm, kimə nə verdiyimi, kiminlə nə iş gördüyümü danışmıram. Mən heç kimə rüşvət verməmişəm».

«MƏNİ DÖYDÜLƏR»

Elman Məmmədov onu da qeyd edib ki, Ramazan Səlimovun şikayətlərindən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağrılıb, orada Akif Çovdarov tərəfindən döyülüb, təhqir olunub:

«Məni söydü, mən də ikiqat cavab qaytardım. Bundan sonra məni döydülər. Məni məcbur edirdilər ki, Cavid Quliyevin (Nərimanov rayon prokurorunun keçmiş müavini) əleyhinə ifadə verim».

Təqsirləndirilən şəxslərdən biri də Nərimanov Rayon Prokurorluğunun keçmiş əməkdaşı Taleh Süleymanovdur. İttihama görə, Elman Məmmədov prokurorluğun rəhbərliyi ilə danışıqları Taleh Süleymanov vasitəsilə aparıb. Lakin Taleh Süleymanov ittihamı qəbul etmir. Keçmiş prokurorluq əməkdaşı məhkəmədə bildirib ki, işinə düzgün baxılmaması, barəsində çıxarılmış hökmün ədalətsizliyinə etiraz olaraq yanvarın 9-dan təcridxanada aclıq edir.

Məhkəmə prosesi yanvarın 29-da davam edəcək.

Həsən Əliyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə 7 il, onunla birlikdə mühakimə olunanlardan Taleh Süleymanov da 7, Elman Məmmədov isə 8 il həbs cəzası alıb.

XS
SM
MD
LG