Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:06

İqtisadçıdan antiböhran resepti


Vüqar Bayramov
Vüqar Bayramov

-

Manatın kəskin devalvasiyası ilə yaranan iqtisadi böhranda hökumət həm də antiböhran planı olmadığı üçün tənqid edildi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə iqtisadi böhranla bağlı Ekspert Şurası yaradılıb. Şura tanınmış iqtisadçı ekspertlərdən təşkil edilib. Şuranın üzvü, iqtisadiyyat eksperti Vüqar Bayramov AzadlıqRadiosuna hökumətə təqdim etdiyi antiböhran planını açıqlayıb.

BÖHRAN DÖVRÜNƏ UYĞUNLAŞDIRMAQ

Ekspert deyir ki, monetar siyasət daxil olmaqla, mövcud iqtisadi siyasətin postneft və ya böhran dövrünə uyğunlaşdırılmasına ehtiyac var:

«Hazırda Mərkəzi Bank və bütövlükdə hökumətin mövcud iqtisadi siyasətinin iki əsas prioriteti var: inflyasiyanı tənzimləmək və milli valyutanın məzənnəsinin potensial kənarlaşmalarının qarşısını almaq və ya yubatmaq. Bu prioritetlər vacibdir, amma bunlar heç də iqtisadi çətinlik və ya böhran dövrünün əsas hədəfləri deyil və ola da bilməz. Pul bazasının inzibatı metodlarla məhdudlaşdırılması qısa müddətə prosesi tənzimləməyə imkan versə də, orta və uzun müddətli dövrdə neqativ nəticələrə gətirib çıxara bilər».

BAĞLANAN İŞ YERLƏRİNİN SAYI ARTACAQ

Vüqar Bayramov bildirir ki, manatın birinci devalvasiyasından sonra hökumət «məhdudlaşdırıcı» siyasətini dəyişib, iqtisadi aktivliyi stimullaşdıran siyasət həyata keçirməyə başlamalı idi:

«Pul bazasının məhdudlaşdırılması hesabına real sektorda aktivliyi azaldan mövcud iqtisadi və monetar siyasət tamamilə dəyişdirilməlidir. Belə siyasət nəinki real sektorda canlanmanın yaranmasına gətirib çıxara bilməz, hətta bağlanan iş yerlərinin sayını artırması ilə nəticələnəcək. Böhrandan çıxmaq iqtisadiyyata «isti» pulların daxil olmasını tələb edir. Məhdudlaşdırıcı monetar siyasət isə bu pulların real sektora daxil olmasına imkan vermir. Nəticədə bu, manatın inzibati yolla məzənnəsinin saxlanmasına səbəb olsa da, nə dollara olan tələb ödənilir, nə də yeni iş yerlərinin açılmasına xidmət edir».

«DOLLARA TƏLƏB TAM ÖDƏNİLMƏYİNCƏ...»

Onun qənaətincə, dollara tələb tam ödənilməyincə, proses, sadəcə, süni şəkildə «acı bağırsaq» kimi uzanacaq:

«Mərkəzi Bank hədəflədiyi sonluğa yetişə bilməyəcək. Deməli, yanaşmanın dəyişməsi olduqca vacibdir. Əslində bu, mövcud iqtisadi siyasətin ən həlledici elementi olmalıdır. Dollar satışının məhdudlaşdırılması idxal ilə məşğul olan sahibkarların fəaliyyətində ciddi durğunluq yaradıb. İş adamları xarici valyutaya olan tələbini ödəyə bilmədikləri üçün xarici ticari fəaliyyətində çətinliklər yaranıb və bu da real sektorun kiçilməsinə gətirib çıxarır. Mərkəzi Bank, mərhələli olsa da, manatın bazar kursunun müəyyənləşdirilməsinə imkan verməlidir. İnzibati metodlar ilə milli valyutanın məzənnəsini uzun müddət stabil saxlamaq mümkün deyil».

NEFT FONDU – BİZDƏ VƏ NORVEÇDƏ

Vüqar Bayramov Dövlət Neft Fondunun(DNF) aktivlərinin istifadəsi zamanının çatdığını deyir:

«DNF-nin aktivlərinə hər zaman «sığorta yastığı» kimi baxılıb. «Yastıq» nə zaman lazım olur? İqtisadi çətinlik və ya böhran olanda. Deməli, indi. Maraqlıdır, biz bu «yastıq»dan niyə istifadə etmirik? Norveç Pensiya (Neft) Fondu xaricdəki daşınmaz əmlakını satışa çıxardığı bir zamanda, DNF ölkəmizdə valyutaya ciddi ehtiyac duyulduğu halda, İtaliya iqtisadiyyatına sərmayə qoyaraq əmlak alır. Halbuki, indiki halda valyutanın ölkədən kənara çıxmasına deyil, daxildə qalmasına üstünlük verilməlidir. Heç bir böhran nəzəriyyəsi bu suala cavab tapa bilməz: Ölkədə valyutaya tələbat varsa, nə üçün valyuta ölkədən çıxarılmalı və başqa ölkənin iqtisadiyyatına sərmayə qoyulmalıdır?».

Ekspert Fondun aktivlərinin bir hissəsinin, təxminən 4 milyard dollarının ölkəyə gətirilməsi və sahibkarlara verilməsini tövsiyə edir.

XS
SM
MD
LG