Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

"Nə qədər qəddar ana olasan ki..."


Daşsalahlı bağçası
Daşsalahlı bağçası

►“Deyirlər, Bakıda bahalı bağçalar tikilir, hərdən Daşsalahlıdakı uşaqları da yada salın”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə iki azyaşlı övladını bağçaya qoya bilmədiyi üçün işsiz qalan Nahidə Quliyeva deyir.

O, Qazaxın Daşsalahlı kənd sakinidir. Həyat yoldaşını ötən il itirib. 1 övladı məktəbə gedir, ikisi bağçaya getməlidir. Ancaq ana deyir, kənddə uşaqların sağlamlığını etibar etməyə normal şəraitli bağça tapa bilmir:

“NƏ QƏDƏR QƏDDAR ANA OLASAN Kİ...”

“Bağçamız elə yox kimi şeydir. Soyuq, təmirsiz, iki balaca otaqdır. Nə qədər qəddar ana olasan ki, uşaqlarının sağlamlığı ilə oynayıb aparıb o bağçaya qoyasan”.

Bağçanın otaqları odun sobası ilə qızdırılır. Sobanın tüstüsü uşaqların səhhətinə zərər vurur. Ona görə də çoxu övladını elə evində - öz gözünün qarşısında saxlamağı üstün tutur:

“Mənim kimi köməksizlər mütləq işləməlidilər ki, ailənin tələbatını ödəsinlər. İş də rayon mərkəzindədir. Uşaqları qışda rayon mərkəzindəki bağçaya daşımaq mümkün deyil. Heç oradakı bağçalarda yer də yoxdur. Aparırsan, deyir, “hansı kənddənsən, apar uşaqlarını da o kəndin bağçasına düzəlt””.

Buna da bax: Nardaranlı Məşədi Natiq təcridxanadan buraxıldı

“HEÇ KƏS UŞAĞININ CANINDAN BEZMƏYİB”

Kənd sakini Dilarə Mütəllibova da ötən il azyaşlı övladını kənd bağçasına düzəltmək istəyib. Ancaq sonra fikrindən daşınıb:

“Getdim, yeməklərinə baxdım. Hər gün vermişeli, ya makaronu tökürlər suya, süzürlər, yedirdirlər uşaqlara… Uşaqlara deyəndə ki, nə vaxt getsən, bağçada 4-5 uşaq gözə dəyir. Qışda davamiyyət lap pis olur. Çünki heç kəs uşağının canından bezməyib”.

Qazax rayon icra hakimiyyətindən Daşsalahlı kəndindəki bağçaların əsaslı təmir olunacağını deyirlər. Qurumdan buna qədər rayon mərkəzində və kəndlərdə bir neçə bağçanın təmir olunduğunu da bildiriblər.

Buna da bax: Xədicəyə görə prokurorluğa müraciət olunacaq

3 BAĞÇA VAR, AMMA...

Sakinlər təmir işlərinin kəndə də gəlib çatacağı günü gözləyirlər. Buna qədərsə, deyəsən, əziyyətləri çox olacaq. Belə ki, Daşsalahlıda 1, 2 və 3 saylı uşaq bağçaları fəaliyyət göstərir. Heç birində vəziyyət ürəkaçan deyil. Hər üçü odun sobası ilə qızdırılır. Uşaqların qidalandırılması da aşağı səviyyədədir. Sakinlər kənd bağçalarının əsaslı təmiri və uşaqların yaxşı qidalandırılması üçün rayon icra hakimiyyətinin başçısına dəfələrlə müraciət etdiklərini deyirlər.

Dilarə Mütəllibova deyir, hər üç bağçada ayaqyolu çirkab içindədir. Bu isə uşaqların infeksion xəstəliklərə yoluxmasına və xəstəliyi bir-birinə keçirməsinə şərait yaradır. Hətta yataq dəstləri də vaxtlı-vaxtında yuyulmur.

Daşsalahlının azı 10 min əhalisi var. Onsuz da sosial problemlərdən əziyyət çəkən əhali heç olmasa, övladlarının qayğı görməsi üçün kənd bağçalarının tezliklə təmir olunmasını arzulayırlar.

XS
SM
MD
LG