Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:07

«Soğan əkmirsən, get kartof, çiyələk ək...»


Aqil Abbas
Aqil Abbas

-

Deputat Aqil Abbas AzadlıqRadiosuna verdiyi sonuncu müsahibənin doğurduğu əks-reaksiyalardan əsəbiləşib. O, «Yeni Müsavat» qəzetinə müsahibəsində bunu etiraf edib, «hirsinin soyumasını» gözləyib: «Sözümü kimsə bəyənməyə bilər, mənim dediyim Quran ayəsi deyil. Subyektiv və obyektiv fikirlərim ola bilər, kiminsə də bununla razılaşmaması normaldır. Amma fikrini bildirə bilər. Təhqir elədilər, etsinlər də. Kiminsə alqışı ilə yaranmamışam, qarğışı ilə də öləm».

Aqil Abbas deyir ki, o, torpağı əkib-becərməyin çətinliklərindən xəbərdardır: «1 milyon ton xurma yerə tökülüb qalıb, biz niyə cemi xaricdən almalıyıq? Bəzi yerlərdə artıq meyvə şirəsi istehsal edirik, niyə digər istehsal müəssisələri də yaratmayaq? Təbii ki, iş adamları gedib orda bir konserv zavodu tikə bilər. Məsələn, mən Masallıda gördüyüm bir fakta görə çox pis oldum. Orada İstisu tərəflərdə bir konserv zavodu var idi, özüm də orda olmuşdum. Nə günə qoydularsa, o zavod bağlandı. Belə zavodların sayını artırmaq lazımdır. Həm iş yeridir, həm bölgələr daxili məhsulun istehsalı ilə məşğul olur, həm də ekoloji təmiz məhsuldur».

Aqil Abbas hesab edir ki, Azərbaycanda rüşvət var: «Əslində, mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb. Cəlilabad yolu ilə gəlirsən, insanlar balaca sahələrdə çiyələk əkiblər, adamın gözünü oxşayır. Bakı kəndlərində vaxtilə gül əkirdilər, ildə bir maşın alırdılar. Sonra qaz olmadı, gülçülük də dayandı. Məsələ budur, insana şərait yarat və ondan da tələb elə. Ağcabədi, Bərdə, Beyləqan, Füzulidə vaxtilə hektardan 50 sentner taxıl götürülürdü. Toxumu da Amerika, ya Kanadadan gətirmirdilər, yerli alimlərimizin yaratdığı toxumlar idi, İmam Mustafayevdən tutmuş, Cəlal Əliyevə qədər bu sahədə işləyən adamların toxumları idi. Məsələn, Ağcabədidə ən çox xahiş edirlər ki, onlara Xaçmaz toxumu tapım. Çünki 50 sentner məhsul verir. Amma indi məhsuldarlıq 20 sentneri aşmır. Mən bunlardan danışıram. Mənim fikrimi başqa yerə yozdular ki, deyir «soğan ək». Soğan əkmirsən, get kartof, çiyələk ək...».

Tikinti
Tikinti

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ 1 İLDƏ 7 DƏFƏ TƏMİR OLUNUB

«Bizim Yol» qəzeti yazır ki, bu bir ildə universitetin prioritetləri - davamlı təmir, inventar, avadanlıq, «sair xərclər» olub.

Qəzet araşdırıb ki, 2015-ci ildə universitet ümumi dəyəri 2 milyona yaxın vəsaiti təmirə, inventara xərcləyib: «Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 milyon 421 min 294 manatlıq təmir işi «İlqar-MR» MMC-yə həvalə olunub. Bu şirkət də dövlət qurumlarından yetərli qədər iri həcmdə tenderləri qazanıb və adı maliyyə fırıldağı edən bəzi qurumlarla yanaşı çəkilir. Bizim araşdırmalarda da bu şirkətə toxunmuşuq. Keçən il üç dəfə və ümumilikdə 1 milyon 517 min 179 manatlıq təmir aparılıb, 25 min manatlıq da layihə-smeta işləri görülüb. 68 min 217 manat inventar, 48 min 156 manat avadanlıq, 48 min 729 abadlıq, 34 min 652 manat dəftərxana və təsərrüfat malları, 23 min manat mətbəə, 17 min manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də «digər xərclər» altında 100 min 266 manat istifadə edilib.«Markom Group», «Sosial-İnkişaf-Layihə», «İlqar-MR», «Admarket», «Eltun Poliqrafiya», «Cavid 2010», «Maskomar» MMC-lər, yenə avtomobil satışı üçün 2 saylı mağaza podratçı seçilib».

İlham Əliyev
İlham Əliyev

ƏLİYEV LƏĞVETMƏYƏ NƏLƏRDƏN BAŞLAMALIDIR?

«Azadlıq» qəzeti eyni sərlövhəli suala cavab axtarıb. Qəzet hesab edir ki, İlham Əliyevin dövlət qurumlarında «ləğv etmək» imkanları genişdir, çünki kifayət qədər lazımsız, bir-birini təkrarlayan qurumlar var: «Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir».

«Azadlıq» vurğulayır ki, ölkədə Neft Akademiyası ola-ola Ali Neft Məktəbi yaradılıb: «BDU-nun Hüquq fakültəsi var, eyni zamanda müxtəlif təhsil ocaqlarında hüquq sahəsi öyrədilir. Belə olan halda Ədliyyə Akademiyası niyə yaradılıb? Ölkədə həm Pedaqoji Universitet var, həm Müəllimlər İnstitutu var, həm də müəllim istehsal edən müxtəlif kolleclər var. Nəticədə bütün bu müəssisələr eyni məqsədə xidmət edir. Bütün nazirliklərin istintaq təcridxanası mövcuddur, prokurorluğun işini görən müxtəlif orqanlar var, Səhiyyə Nazirliyinin həyata keçirə biləcəyi missiyanı üzərinə götürmüş qurumlar var».

Əli Məsimli
Əli Məsimli

ƏLİ MƏSİMLİ: «İL YARIMA VƏZIYYƏTDƏN ÇIXMAQ OLAR»

«Prezident İlham Əliyev son müşavirədə yaranmış vəziyyətdən çıxış yolları istiqamətində proqram xarakterli fikirlər qeyd edib». Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib, - yap.org.az saytı yazır.

Ə.Məsimli bildirib ki, dövlət başçısının irəli sürdüyü təkliflər və verdiyi tapşırıqlar vəziyyətdən çıxış yolları üçün tam yetərlidir. Onun fikrincə, müvafiq icra orqanları bu vəzifələri yerinə yetirsələr, il yarım ərzində yaranmış vəziyyətdən qurtularaq yeni inkişaf yoluna çıxmaq mümkündür:

«Ölkə prezidentinin təsvir etdiyi Azərbaycanın perspektiv inkişafına yönəlik optimal inkişaf modeli, əslində, neft amilinin rolunu və əhəmiyyətini inkar etmir, sadəcə onu real məzmunda təqdim edir. Neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla, həm də bu reallığın dünya bazarında neftin qiyməti aşağı düşərkən ölkəmizin gəlirlərinə necə təsir etdiyini ortaya qoyur. Ona görə də prezidentin çıxışında neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin və daim gəlir gətirə bilən sahələrin inkişafının önə çıxarılmasını davamlı inkişafın əsas şərti kimi götürür. Cənab İlham Əliyevin çıxışı hazırkı reallıqlar şəraitində elmin, elmi texniki nailiyyətlərin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinin sürətləndirilməsinə, turizmin və bununla bağlı səhiyyənin, mədəniyyətin inkişafına, yerlərdə istehsalın genişləndirilməsinə və s. bu kimi istiqamətlərə yönəldilməsi prosesinin daha səmərəli variantlarda davam etdiriləcəyinə işarədir».

XS
SM
MD
LG