Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47

“Neftin qiyməti 25 dollardan götürülə bilər”


Samir Şərifov
Samir Şərifov

-

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərdə neftin qiyməti 25 ABŞ dolları həddində götürülə bilər. “ANS PRESS” bu xəbəri maliyyə naziri Samir Şərifova istinadən yayıb.

“2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman neftin qiyməti 50 dollar səviyyəsində götürülüb. Hazırda isə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı əsas kimi 25 ABŞ dolları səviyyəsini götürmək istəyirik"- deyə nazir vurğulayıb.

S.Şərifova görə, 2015-ci ilin dekabrında manatın növbəti ucuzlaşması dövlət büdcəsi xərclərində də bəzi dəyişiklikləri zəruri edib.

"Söhbət ilk növbədə xarici valyutada ifadə olunan xərclərdən gedir. Yəni xarici borclara xidmət edilməsi ilə bağlı xərcləri, xaricdəki diplomatik nümayəndəliklərimizin xərcləri, beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və xarici valyutada ifadə olunmuş buna bənzər öhdəliklər, yeni reallığa uyğun manat-dollar məzənnəsi nəzərə alınmaqla, dövlət büdcəsində əks etdirilməlidir. Manat ifadəsində dövlət büdcəsində təsdiq edilən səviyyələr bunun üçün kifayət deyil. Odur ki, büdcədə əlavə xərclər nəzərdə tutulmalı, uyğun maliyyə təminatı yaratmaq lazımdır".

1 MİLYARD MANATDAN ÇOX VƏSAİT AYRILACAQ

Nazir manatın devalvasiyası ilə bağlı müəyyən inflyasiya təzyiqləri olduğunu, bəzi qiymətlərin artdığını, əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması üçün dövlətin müəyyən tədbirlər gördüyünü deyib.

"Ölkə başçısı bir sıra sərəncamlar imzalayıb, bunların bir hissəsi təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib, bu barədə məlumat verilib. Digər sərəncamlar əmək haqlarının artımına yönəlib, bir sıra yeni sərəncamlar da gözlənilir. Bunlar da, əsasən sosial sahəyə yönəlmiş, o cümlədən işsizlik müavinətlərinin artırılması, ünvanlı sosial yardıma əlavə vəsaitin dövlət büdcəsindən ayrılması, müvafiq sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulur. Bütün bu artımlar üçün də dövlət büdcəsində vəsait olmalıdır. Çünki təsdiq olunmuş büdcədə bu vəsait mövcud deyildi. Bu artımların maliyyə təminatının yaradılmasına da yenidən baxılacaq və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Dövlət büdcəsində bu məqsədlərə 1 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur", - deyə Samir Şərifov qeyd edib.

BƏZİ MƏNBƏLƏRDƏN GƏLƏN GƏLİRLƏR AZALACAQ

Nazir büdcəyə yenidən baxılmasının digər səbəbi kimi bəzi gəlir mənbələrindən daha az gəlir əldə ediləcəyini göstərib:

"Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft konsorsiumları dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər. Bu vergi onların əsas fəaliyyət sahəsi olan neft və qaz sektorundan asılıdır. Bu sahədə də vəziyyət artıq məlumdur. Bununla bağlı proqnozlar var ki, qiymət bir qədər də aşağı ola bilər. Amma ilin ikinci yarısında qiymətin artmasına aid proqnozlar da var. Odur ki, neft sektorundan gəlirlər, şübhəsiz ki, azalacaq. Bu gəlirlərin bir qismi xarici valyutada olduğuna görə, bunun bir hissəsi yumşalır, çünki, xarici valyutanın məzənnəsi artıb. Manat ifadəsində daha çox manat əldə edəcəyik. Buna baxmayaraq, beynəlxalq konsorsiumlar və SOCAR-dan 200 milyon manat az vəsaitin daxil olmasını proqnozlaşdırırıq".

VERGİ VƏ GÖMRÜK DAXİLOLMALARINA DA YENİDƏN BAXILIR

Nazir Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan daxilolmalara da yenidən baxıldığını bildirib.

"Bu yenidənbaxma ilk növbədə manatın məzənnəsinin dəyişməsinə bağlıdır. Çünki bəzi mallar ölkəyə xarici valyutada idxal edilir. Bunların manatda ifadəsi daha yüksək olduğuna görə daha çox gəlir əldə edilə bilər. Həm də hesab edirik ki, manatın devalvasiyası Vergilər Nazirliyi xətti ilə daxilolmalarda müəyyən inflyasiya yaradacaq. İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10,12% faiz götürülüb. Ona görə vergilər sahəsində də inflyasiya hesabına əlavə gəlirlər əldə edilə bilər. Bunları nəzərə almaqla yeni təqdim edəcəyimiz büdcə layihəsində dövlət büdcəsi gəlirləri təsdiq etdiyimiz gəlirlərlə müqayisədə 1,9 milyard artmış olur. Hazırda gəlirlərimiz 14,5 milyard manatdırsa, yeni təsdiq olunacaq büdcədə bu, təqribən 16, 4 mlrd. səviyyəsində olacaq. Digər tərəfdən, Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transferin məbləği də artacaq".

Büdcəyə yenidən baxılması onunla bağlıdır ki, keçən ilin sonlarında neftin qiyməti 40 dollardan aşağı düşdüyü halda, hökumət bunu büdcədə 50 dollardan hesablayıb. 2015-ci il dekabrın 21-də manatın devalvasiyası isə, kəskin qiymət artımı hökuməti narazılıqların qarşısını almaq üçün

bəzi addımlar atmağa məcbur etdi. Bundan sonra büdcəyə yenidən baxmaq zərurəti yarandı.

XS
SM
MD
LG