Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:53

Bir dəfə yüksələn benzin qiyməti…


Karikatura. Benzin.
Karikatura. Benzin.

-

Neftin ucuzlaşmasının benzinin qiymətinə təsiri yenə müzakirə mövzusuna çevrilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev neftin dünya qiyməti ilə Azərbaycanda yanacağın qiyməti arasında bağlılıq görmədiyini deyib: «Bizdə neftin qiymətini ölkədəki ümumiqtisadiyyat və orta qiymətlər fonunda Tarif Şurası müəyyənləşdirir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda neftin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur».

QİYMƏT ŞURASI TƏKZİB ETMİŞDİ

Azərbaycanda benzinin qiyməti son dəfə 2013-cü il dekabrın 2-də bahalanıb. O vaxtdan bəri Aİ-95 benzinin litri 80 qəpiyə, Aİ-92 və Aİ-80 markalı benzinlərin litri 70 qəpiyə, dizel yanacağının bir litri isə 60 qəpiyə satılır.

Tarif Şurasının katibi İlkin Məcidov o bahalandırmanı belə əsaslandırmışdı: «Məlumat üçün bildirim ki, neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilib. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir». Qısası, neftin qiyməti artdığından, benzin də bahalanıb.

İndi Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər xaricdən gətirilir.

Yanacaqdoldurma məntəqəsi.
Yanacaqdoldurma məntəqəsi.

HÖKUMƏT GERİ ADDIM ATDI, AMMA ARDNŞ...

2013-cü ilin dekabrında benzinin qiymət artımı Nazirlər Kabinetinin aksiz dərəcələrini qaldırmasından qaynaqlanmışdı. Kabinetin 2 dekabr 2013-cü il tarixli qərarına görə, Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101-dən 159 faizə, Aİ-92 və Aİ-80 markalı benzinlərin aksiz dərəcəsi 134 faizə yüksəldilmişdi (uyğun olaraq əvvəlki 92 və 93 faizdən). Dizeldə artım 24-dən 57 faizə qaldırılmışdı.

Vergi dərəcəsinin artırılması yanacağın topdansatış qiymətini, o da öz növbəsində təkdənsatış qiymətini artırmışdı. Elə həmin gün Tarif Şurası Nazirlər Kabinetinin qərarına əsaslanaraq, «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» qərar qəbul etdi və dekabrın 3-dən etibarən yanacağı bahalaşdırdı. Bu artımın qazancı ARDNŞ-yə yox, dövlət büdcəsinə çatmalı idi.

BAHALANDIRMAĞA GÜCÜ YETDİ, UCUZLAŞDIRMAĞA YOX

Üstündən 2 ay keçəndən sonra - 2014-cü il fevralın 6-da Nazirlər kabineti özünün 2 dekabr 2013-cü il tarixli qərarına dəyişiklik etdi. Dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergiləri əhəmiyyətli dərəcədə azaldı. Dəyişikliyə görə, Aİ-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159-dan 64 faizə endirildi. Aİ-92 benzinində vergi 134-dən 65 faizə, Aİ-80-də 134-dən 66 faizə salındı. Dizel yanacağı üçünhəmin göstərici 3 dəfədən çox azaldıldı (57-dən 18 faizə endirildi).

Samir Əliyev
Samir Əliyev

Diqqətçəkən bir məqam da fevralın 6-da verilən qərarın geri tarixlə - yanvarın 1-dən qüvvəyə minməsi idi. Yəni yüksək aksiz dərəcəsi cəmi 28 gün qüvvədə qalmışdı. Bu dəyişiklik yanacağın qiymətinə təsir göstərmədi. Bahalaşmanın törədicisi olan verginin «gücü» ucuzlaşdırmağa yetmədi. Axı Tarif Şurası öz işini görmədən susmuşdu.

«QÜVVƏDƏN DÜŞMÜŞ SAYILMALIYDI»

İqtisadçı ekspert Samir Əliyev deyir ki, Nazirlər Kabinetinin aksiz vergilərinin aşağı salınması haqqında qərarından sonra Tarif Şurasının qiymət artımı qərarı qüvvədən düşmüş sayılmalıydı: «Əks halda yanacağın pərakəndə satış qiyməti ucuzlaşdırılmalıydı. Çünki Şuranın bu qərarı ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərini tənzimləyir».

Ekspertin fikrincə, benzinin ucuzlaşdırılması nəqliyyat xərclərini azalda bilər: «Bu da nəticədə kənd təsərrüfatı məhsullarının ucuzlaşması ilə nəticələnər».

Vüqar Bayramov
Vüqar Bayramov

«AVROZONADAKI... BÜTÜN DÖVLƏTLƏRDƏ YANACAQ UCUZLAŞIB»

Başqa bir ekspert - Vüqar Bayramov bildirir ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16 sent ekvivalentində, Polşada - 30, Norveçdə - 22 faiz azalıb: «Avrozonaya daxil, demək olar, bütün dövlətlərdə yanacağın qiyməti aşağı düşüb. Neftin qiyməti kəskin azalsa da, ölkəmizdə benzinin qiyməti dəyişdirilməyib».

V.Bayramovun fikrincə, indiki halda yerli benzinin qiymətini 30 faiz ucuzlaşdırmaq olar: «Benzinin 1 litrinin qiymətini 70 qəpikdən 50 qəpiyə endirmək büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməz. Çünki benzinin ucuzlaşması digər sahələrdən qazanılan əlavə dəyərin artmasına yol açacaq».

«BENZİNƏ TƏTBİQ EDİLƏN VERGİLƏR AZALSA…»

Ekspert vergilər azaldılarsa, benzinin ucuzlaşmasını mümkün sayır: «Yanacağın və benzinin xərc strukturunda əsas məsrəf - vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barrel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neft neçəyə satılsa da, şirkətdə bir barrel neftin xərci dünya bazarındakı qiymətdən aşağı olduğundan benzinin ucuzlaşdırılması bu qurumun gəlirlərinə təsir göstərməyəcək».

XS
SM
MD
LG