Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:54

“Qaranlıq Bakı” nə vəd edir?


Bakı
Bakı

►İqtisadçı deyir ki, Avropa Oyunlarının xərclərinə Bakını 20 il işıqlandırmaq olardı

Bakı şəhərini işıqlandırma üçün ildə 10-14 milyon manat ayrılıb. Yəni, 10-14 milyon manata qənaət edəcəklər

Artıq Bakıda axşam saat 10-dan sonra çox küçə və meydanlarda işıqlar söndürüləcək.

Hökumət elektrik enerjisinə qənaət etməklə “kəməri sıxır”.

“Qaranlıq Bakı” nə vəd edir? AzadlıqRadiosunun suallarını iqtisadçı Məhəmməd Talıblı cavablandırır:

– Bakıda qənaət rejiminə keçib axşam saat 10-dan sonra küçələrin işığını söndürmək qərarı verilib. "Qaranlıq Bakı" dövlət büdcəsinə nə qədər qənaət edə bilər ki?

– Əslində, "Ağ Bakı" layihəsi haqqında düşünən zaman "Qaranlıq Bakı" haqqında da düşünmək lazım idi. Amma vaxtında! O zaman qeyd edirdik ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt küçələrini işıqlandırmaq üçün böyük vəsaitlər xərcləyir. Bakı şəhərini işıqlandırma məqsədilə, səhv etmirəmsə, ildə 10-14 milyon manat ayrılıb. Yəni, 10-14 milyon manata qənaət edəcəklər. Bu isə, bulvarda kiçik bir zona üçün xaricdən "od" qiymətinə alınan ağacların yanında qəpik-quruşdur.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

– Şəhərin küçə və prospektlərini, parklarını işıqlandırmaq izafi xərc sayıla bilərmi?

– Hər addımda təkcə qənaətcil olmaq və iqtisadi səmərə gözləmək prioritet olmalı deyil. Söhbət ondan gedir ki, müəyyən qənaət hesabına digər problemlərə yol açılır. Söhbət qaranlıq şəhər şəraitində avtomobillərin qəza hallarının artması, kriminogen durumun mürəkkəbləşməsi, oğurluq hallarının artması və s. problemlərdən gedir. İqtisadi araşdırmalar sübut edib ki, iqtisadi faktorlarla kriminogen durum arasında əlaqə mövcuddur. Ona görə minimal işıqlandırma sisteminə keçid də pis olmaz.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Məhəmməd bəy, fikrinizcə, Azərbaycanda alternativ enerji mənbələrindən istifadə edilsəydi, ənənəvi enerji xərclərindən qaçmaq mümkün olardımı?

– Təbii ki, dövlətdə bütün xərcləri bir mənbədən götürmək doğru olmazdı. Vaxtında alternativ enerji mənbələrinə çıxış imkanları əldə edilsəydi, indi həmin təminatı həmin mənbələr hesabına etmək olardı.

– Sizcə, hökumət qənaət rejiminə keçmək istəyirsə, nədən başlamalıdır?

– Hökumət qənaət məqsədilə Bakını qaranlığa qərq etməli deyil. Bu, ifratdır. Nə vaxtsa daha geniş miqyasda və bədxərclik hesabına musiqili fontan quraşdırılması, bahalı ağacların idxalı da eyni dərəcədə ifrat idi. Ona görə elə etməliyik ki, Bakı şəhərində minimal işıqlandırma sistemi qalsın. Amma yaxşı olardı, il ərzində bahalı və səxavətli addımlardan çəkilib, bütün dövrlər üçün sabit xərcləri saxlayaq. Məsələn, Avropa Olimpiya oyunları zamanı xarici qonaqların üzərimizə götürdüyümüz xərclərilə Bakı şəhərini 20 illiyə işıqlandıra bilərdik. Ona görə bütün sahələrdə bədxərclikdən qaçmalıyıq. Neft pulları çox, lap çox gələndə də...

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

XS
SM
MD
LG