Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Əli Kərimli: "Dövlətə 1 milyarda başa gələn stadionda..."


Bakı Olimpiya Stadionunun açılışı
Bakı Olimpiya Stadionunun açılışı

►Oğullu-uşaqlı olasınız, oyunçu aparsın...

Keçən yay Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Şotlandiyanın “Celtic” komandasını ot örtüyünün, az qala, yarısı sıradan çıxmış T.Bəhramov adına Respublika Stadionunda qəbul eləmişdi.

Həmin vaxt “Qarabağ”ın azarkeşləri oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi iə bağlı AFFA-ya müraciət də eləmişdi. Ancaq 60 minlik arena UEFA-ya təqdim olunmadığından qarşılaşma bu stadionda baş tutmadı. O zaman da stadionun hansı gün üçün tikildiyini sual edənlər vardı.

Bu günlərdə Bakı Olimpiya Stadionunun (BOS) rəsmi saytında burda toy və ad günü mərasimləri keçirilməsi xəbəri yayılandan azarkeşlər yenə bu sualı verir. Necə olur ki, bu stadionda toy keçirilir, futbol oyunları yox?

"O boyda stadion tikdilər ki, sonradan toyxana olsun?"

Futbol azarkeşi Azər Kərimli deyir, heç olmasa, yerli klubların Avroliqadakı oyunlarını Bakı Olimpiya Stadionundan izləmək istəyərdi:

“Eşitdim ki, Bakı Olimpiya Stadionunda toy olacaq. Başa düşmədim ki, stadionda niyə toy eləyirlər. Komandalarımızın, heç olmasa, Avqroliqadakı oyunlarını burda keçirsələr, yaxşı olar”.

SƏN DƏ "STADİONDA TOY" MÖVZUSUNDA FİKRİNİ DE, FORUMA QOŞUL

Söhbət etdiyimiz digər azarkeşlər də stadionda toy mərasimlərinin keçirilməsi niyyətini birmənalı qarşılamır:

– Nə bilim, deyirlər, stadionda toy olacaq. O boyda stadion tikdilər ki, sonradan toyxana olsun?

– Mənə gülməli gəlir, stadion hara, toy hara...

– Yəqin 60 mindən çox qonaqları olanlar orda toy eləyər.

– Futbol azarkeşiyəm, stadionda da futbala baxmağa getmək istəyərəm, toya yox.

BOS ötən ilin may-iyun aylarında Avropa Oyunlarının açılış və bağlanışına ev sahibliyi edib. Stadionda ilk futbol oyunu, nəhayət, keçən ilin oktyabrında baş tutdu. Futbol üzə Azərbaycan yığması 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İtaliya yığmasını burada qəbul elədi. Moldova millisi ilə yoldaşlıq görüşü də bu stadionda keçirilib. Ondan sonra stadion yenə futbol yarışlarına həsrət qalıb.

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

Toyda “buts” geyinəcəklər?

İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, Bakı Olimpiya Stadionunda icarə haqqı baha olduğundan maliyyə durumları heç də yaxşı olmayan klublara bu məkanda oynamaq sərf eləmir:

“Neft pulları gələndə xərclər futbol klublarının gözünə görünmürdü. Ancaq indiki dövrdə o pullar yoxdur. Bundan sonra o stadion, ümumiyyətlə, klublara lazım olmayacaq. Çünki vəziyyət daha çətin olacaq. Stadionlarda konsert təşkili ənənəsi var. Ancaq o da böyük stadionlara xasdır. Həm də toyda adamlar otun üstünə çıxmalıdırlar. İdmanda otun üstünə öz ayaqqabılarımızda deyil, xüsusi “butslarda” çıxırıq. Stadionda toy keçirmək gülməlidir. Onsuz da ölkədə toyxanalar, şadlıq evləri çoxdur. Stadion da futbolçu kimi formada olmalıdır. Bu stadion isə görünür ki, heç kimə lazım deyil, heç Avrokubok oyunları da keçirilməyəcək”.

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun sözçüsü Cəmilə Mehdiyeva isə deyir ki, yerli klubların öz stadionları olduğundan burada oynamırlar. Yeni komandalar isə məşq edirlər. İcarə haqlarına gəldikdə isə bunun ancaq klublarla müzakirə olunduğunu bildirdi. Stadionun sözçüsü söyləyir, gələcəkdə Avrokubok oyunları stadionda baş tuta bilər, çünki FİFA, UEFA və digər beynəlxalq idman təşkilatlarının standartlarına uyğun tikilib. Azərbaycanda Avroliqa və Çempionlar Liqasının matçları keçirilsə, burada təşkil olunacaq. Stadionda toy mərasimlərinə gəldikdə, sözçü bunu beynəlxalq təcrübəyə əsaslanıb etdiklərini söyləyir:

“Beynəlxalq təcrübəyə əsasən, Bakı Olimpiya Stadionunun müxtəlif yerlərində - tədbirlər zallarında, yaşıl məkanlarında müxtəlif tədbirlər keçirlə bilər. Biz, sadəcə, yer təqdim edirik. Artıq bizə müraciətlər var. İnsanlar zəng vurur, deyirlər ki, “arzumuz budur ki, toyumuz, ad günümüz stadionda keçirilsin”. Biz ancaq yer veririk. Yeməkdən tutmuş, dekora qədər is bütün işlər sifarişçiyə aiddir”.

Komandalar da stadionu istəmir

Ölkə çempionatındakı oyunların təşkili ilə məşğul olan Peşəkar Futbol Liqasından Aslan Şahgəldiyev deyir, yerli komandalar hansı stadionda oynamaq istəsələr, mövsümün əvvəlində həmin stadionu sifariş vərəqəsində göstərməlidir. Ancaq hələ ki, yerli komandaların BOS-da oynamaq arzusu yoxdur:

“Əgər klub istəsə, niyə də olmasın? Ancaq hələ belə bir arzu yoxdur. Oranın icarə haqqı var. Yəqin komandalar artıq xərcə düşmək istəmirlər”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ağdamın “Qarabağ” komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyir ki, komanda bu il də Avroliqadakı ev oyunlarını T.Bayramov adına Respublika Stadionunda keçirəcək. Çünki Respublika Stadionu komandanın balansındadır. Buna görə icarə haqqı da ödəmir:

“Keçən il ictimaiyyət “Qarabağ”ın Avrokubok oyunlarını Olimpiya Stadionunda oynamasında maraqlıysə. Çünki daha çox azarkeş tutur. Ancaq UEFA standartlarına əsasən, biz oyun keçirəcəyimiz stadionu UEFA-ya bildirməli, UEFA da ona lisenziya verməli idi. Biz oynadığımız vaxt UEFA hələ Olimpiya Stadionuna lizenziya verməmişdi, ona görə mümkün olmamışdı. Növbəti Avrokuboklara hələ vaxt var. Amma biz Respublika Stadionundan məmnunuq. 30 min azarkeş tutur. Böyük ehtimalla, gələcəkdə də ev oyunlarımızı orada keçirəcəyik. Ot örtüyündə problem vardı, ancaq bərpa olundu. İndi yaxşı vəziyyətdədir”.

Stadion kimin balansındadır?

BOS-un hansı qurumun balansında olması da uzun müddətdir müzakirə edilir. Stadionun sözçüsü Cəmilə Mehdiyeva stadion AFFA-nın balansında olduğunu bildirir. Millinin oyunlarına görə isə icarə haqqı almırlar.

AFFA mətbuat xidmətinin baş mütəxəssisi Firuz Abdulla isə stadionun AFFA-ya uzunmüddətli icarəyə verildiyini söyləyir. İcarə haqqına gəldikdə isə, maliyyə tərəfi haqqında məlumat verə bilməyəcəyini sözlərinə əlavə edir.

"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün imkandır. Stadionun xərclərini ödəmək baxımından mühümdür".

Bunu isə Gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də jurnalistlərə deyib. Nazir təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün yaxşı şərait olduğunu bildirib.

Stadion toya yarayır?

Əli Kərimli
Əli Kərimli

Olimpiya Stadionunda toyların keçiriləcəyi xəbəri sosial şəbəkələrdə də müzakirə olunur. Elə stadionun facebook səhifəsinə istifadəçilərdən biri yazır:

“Palatkanı neçəyə qururlar?”

Olimpiya Stadionunda toy keçirilməsinə AXCP sədri Əli Kərimli də münasibət bildirib:

“Bakı Olimpiya Stadionu Türkiyənin “Tekfen inşaat” şirkəti tərəfindən 640 milyon dollara tikilmişdi. İndiki məzənnə ilə 1 milyard manatdan artıq pul xərclənib tək o stadiona. Biz o zaman bu bədxərcliyi tənqid edəndə “inkişafımızı gözünüz götürmür” deyirdilər. Bu da sonu. Çox simvolikdir. Gəncədə minlərlə insan iş və çörək üçün ayağa qalxan gün elan olunur ki, dövlətə 1 milyard manata başa gəlmiş stadionda bundan sonra toy edəcəklər. Deməli, ancaq buna yarayır. Stadionun qiymətini ona görə yadınıza salıram ki, hansı səhv addımlarla, bacarıqsız idarəetmə, israfçılıq və korrupsiya ilə bugünkü sosial səfalətə düçar olduğumuzu unutmayaq”.

XS
SM
MD
LG