Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:35

Ağdamın dəmirçi Eyvazı


Eyvaz Abbasov
Eyvaz Abbasov

-

Ağdam rayonunun «Bənövşələr» qəsəbəsində sadə dəmirçi sexi var. Onu 62 yaşlı məcburi köçkün Eyvaz Abbasov işlədir. Burada əsasən nazik dəmir lövhədən odun sobası, boru, dirsək, tutkeş, əl-üz yuyan, manqal və başqa məişət əşyaları hazırlanır.

Orta və yaşlı nəsil Eyvaz kişini Ağdam şəhərində dəmirçi sexində işləyən vaxtdan tanıyır. Polad biləkli, pəhləvan cüssəli dəmirçinin artıq beli bükülüb, gözlərinin nuru azalıb. Amma o, bu gün də çəkici, toxmağı, dəmir kəsən iri qayçını əlindən yerə qoymaq istəmir. Ömrün ahıl çağında da dəmir lövhələrin «qulağını burmaqdan», onların üzərində naxış açmaqdan zövq alır...

«BABAM ƏLƏKÇİ, ATAM QALAYÇI OLUB»

Eyvaz kişi deyir ki, ata və babası da sənətkar olub:

«Babam ələkçi olub. O, dünyasını dəyişəndən sonra nənəm bu işlə məşğul olmağa başladı. Ələyin toru atın quyruq tükündən toxunurdu. Nənəm məni çağırırdı yanına, deyirdi istəyəndə tük ver. «Ələkçinin qıl verəni» məsəli bu işlə bağlıdır.

Atam isə qalayçı olub. Ağdamda teşt, qazan, güyüm düzəldən misgərlərlə işləyib. Deyəndə ki, mən də elə bu sənəti öyrənmək istəyirəm, kişi məsləhət bilmədi. Dedi oğul, qalayçılıq, misgərlik həm çirkli işdir, həm də ağır. Bir qazana iki-üç milyon dəfə çəkic vururdular».

Eyvaz kişi deyir ki, ağız dadı elə mis qablarla gedib: «İndi bu qablar qəhətə çəkilib. Mis qazanda bişən, mis kasaya çəkilən yeməyin tamını heç nə verə bilməz».

ŞAGİRDLİK İLLƏRİ

Hazırda «Qafqazın yoxa çıxan şəhərləri» siyahısında olan Ağdam ötən əsrdə Qarabağın sənət mərkəzi kimi tanınıb. Ətraf yerlərdə yaşayan sənətkarlara işləmək üçün ora cəlbedici olub.

1960-cı ildə qalayçı Mövsümün ailəsi Kəlbəcər rayonunun Xallanlı kəndindən Ağdam şəhərinə köçüb. Eyvaz orta təhsilini orada alıb. O, sənətdə, necə deyərlər, peşəkar karyerasına 1976-cı ildə başladığını bildirir:

Eyvaz Abbasov
Eyvaz Abbasov

«Şəmil Allahverdiyevin dəmirçi sexinə getmişəm. Belə obyekt keçmiş SSRİ üzrə bir dənə olub. Rəhmətlik həm yaxşı usta, həm də müharibə veteranı idi. 4 il burada işlədim. Sonra Məişət Xidməti Kombinatında işə düzəldim».

KEÇİCİ BAYRAQLI KOMBİNAT

Adıçəkilən kombinat o zaman rayonun ən iri müəssisələrindən olub. Orada eyni vaxtda min nəfərdən çox işçi çalışıb. Tanınmış ustaların yanında xeyli sayda gənc peşə sirlərini öyrənib. Qəhrəmanımız deyir ki, bu müəssisə onun da bir sənətkar kimi formalaşmağında və tanınmağında müstəsna rol oynayıb:

«Təkcə dəmirçi sexinin uzunluğu 100-120 metr olardı. Orada soba, boru, dirsək, manqal, dəmirdən qapı, darvaza, çən, sandıq, qazan, teşt, güyüm hazırlanırdı. Dəmir tor toxunurdu. Balta, dəhrə bağlanırdı. Qocaman sənətkarlar vardı: Həzi, Məmməd... Təkcə dəmirçilər sexi ayda dövlətə 50 min rubl ödəyirdi.

Mən orada işləyən vaxt idarə SSRİ-nin keçici bayrağını almışdı. Rayonun birinci katibi Murtuzayev, prokuroru Mahmudov Bakıdan gələn nümayəndələrlə birgə çox böyük təntənə ilə bayrağı təqdim etdilər».

KÖÇKÜNLÜK

Ağdam şəhəri işğal olunanda onun çoxillik zəhməti ilə tikdiyi ev, saldığı bağ-bağatla yanaşı, illərlə topladığı əmək alətlərinin çox hissəsi əlindən çıxıb. Bir müddət Bərdə rayonundakı 1 saylı çadır şəhərciyində (ona el arasında «ərəb çadırı» deyirlər) yaşayıb. 14 il sonra dövlət hesabına məcburi köçkünlər üçün salınmış «Bənövşələr» qəsəbəsində evlə təmin olunub. İndiki dəmirçi sexi də elə burada yerləşir.

Dəmirçi sexi
Dəmirçi sexi

Deyir ki, köçkünlük illərində də sənət onu ac qoymayıb, şəraitsizliyə baxmayaraq bir tikə çörəyini qazanıb, uşaqları böyüyüb.

DƏZGAHI ÖZÜNDƏN YAŞLIDIR...

Əsasən köhnə dəzgah və alətlərlə işləyir. Deyir, əlim daha çox bunlara öyrəşib:

«Bu dəzgah qədimidir, Nikolay dövründən üzü bəri dəmirçilər bunu işlədib. Onunla dəmirə naxış vurulur. Bu biri dəzgahla dirsək qatlanır. Valların da hərəsinin öz işlənən yeri var- bu, sobada, bu, ləyəndə, bu, sənəkdə istifadə olunur. Bununla ara açırıq, bu «noxudu» naxış vurur...

Buna toxmaq deyirlər. Bərk ağaclardan- fıstıqdan, qarağacdan hazırlanır. Boş ağacları dəmir tez yeyir. Bu qayçını 1980-ci ildə almışam. İndi nə qədər axtarasan, beləsi tapılmaz».

ÖZ SƏNƏTİNİ OĞULLARINA DA ÖYRƏDİB

Payız girəndən ta yazadək işi çox olur. Mənzillərin qızdırılması üçün qəsəbə sakinlərinin soba, boru, dirsək sifarişləri artır. Eyvaz kişi deyir ki, daha bu sahədə əvvəlki vaxtlarda olan qazanc yoxdur, amma çiyninin yükü də azalıb. Oğlanlarının üçü də ailə qurub. Onlardan iksinə öz sənətini öyrədib. Beləcə bu nəsildə sənətkarlıq ənənəsi davam etməkdədir...

XS
SM
MD
LG