Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:40

«Vaxtilə o çayın suyunu içirdik»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bu çayın da bir vaxtları vardı. Tor atardın, çəkəndə içərisində, heç olmasa, 4-5 balıq olardı. Təmiz, həm də bərəkətli çay idi...»

Lerikin Şovu kəndinin sakini Həmid Həmidov elə kəndin ərazisindən keçən Lənkərançay haqqında danışır.

«SU QUYUSU QAZDIRMIŞIQ»

Lənkərançayın uzunluğu 81 km, hövzəsinin sahəsi 1080 km²-dir. Başlanğıcını Talış dağları silsiləsinin Gümür-Göydağ mənbəyindən alır. Orta və yuxarı axımında Vəzəru, Dübür, Lerikçay, Bəşərüçay qolu qovuşandan sonra Lənkərançay adlanır. Yaxın vaxtlara qədər Lənkərançayın suyu suvarma işlərinə və Lənkəran şəhərinin su təchizatına sərf olunurmuş. Kənd sakini deyir, vaxtilə kəndlilərin əsas ruzisi hesab olunan balığı da bu çaydan tuturlarmış. Bir sözlə, Lənkərançay həm də insanların ruzi mənbəyi imiş. Ancaq indi çayda balıq əvəzinə zibillər üzür. Kəndlilər son 1-2 ildə bu çayın suyundan heç məişətdə də istifadə etmirlər. Həmin Həmidov:

«Çayın kənarında yaşayırıq. Ancaq özümüz su quyusu qazdırmışıq.Təsəvvür edirsiniz? Bu çayın suyu ilə ağacları suvarmağa da ehtiyat edirik. Halbuki, ağlım kəsəndən görmüşəm ki, ağacları Lənkərançayın suyu ilə suvarıblar. Vaxtilə o çayın suyunu içirdik».

«HEÇ MAL-QARAYA DA VERMİRİK»

Kəndli deyir, Xəzərə axan Lənkərançayın keçdiyi bir neçə kənd indi ondan istifadə edə bilmir. Xəzərə isə bu istiqamətdən neçə ildir ki, çay yox, zibil axıdılır: «Çayın yanından ötmək mümkün deyil. Gərək burnunu tutub keçəsən. Hələ ömrümdə iylənən çay görməmişdim. O qədər zibil atırlar, o qədər murdar, tullantı sular axıdılır ki bu çaya... Nəinki özümüz burdan su içmirik, heç mal-qaraya da vermirik».

Kənd sakinlərinin deməsinə görə, səbəbkar son illər paytaxtdan və ölkənin başqa yerlərindən Lerikə və yaxın kəndlərə yol açan işbazlardır:

«İmkanlı adamlar gəlib bizə qonşu olublar. Lerikdən ta bizim kəndlərə qədər biri karxana açıb, biri istirahət mərkəzi, biri toyuq ferması. Bütün tullantıları bu çaya axıdırlar. Hətta zibilləri də çaya tökürlər. Çayı o qədər çirkləndiriblər ki, adam yaxınlaşıb əlini yumağa da iyrənir».

KARXANALAR

Şovu sakini Emin Qurbanov deyir, çayın bu vəziyyətə düşməsinin əsas səbəbkarı ətrafdakı karxanalardır:

«Daş karxanaları tikirlər. Nə sənədləri, nə rəsmi icazələri, nə kənd sakinləri ilə razılaşma – heç nə yoxdur. Çaya yaxın ərazilərdə hər hansı obyekt tikiləndə əvvəl seldən müdafiə qurğuları tikilməlidir. Heç bunu da etmirlər. Halbuki, bu çay çox təhlükəlidir, tez-tez daşır».

Kənd sakinləri həm də ondan narahatdırlar ki, əsasən paytaxtdan gələnlər yerli əhalinin kasıb zümrəsindən hektarlarla torpağı dəyər-dəyməzinə alıb istirahət mərkəzləri, karxanalar tikirlər. Kəndlilərsə başqa yerlərə köç etmək məcburiyyətində qalırlar.

Lənkəran şəhər İcra Hakimiyyətindən Lənkərançayın başına gələnlərlə bağlı «Qaynar xətt»ə danışmaq istəyən tapılmadı. Dəstəyi qaldıran xanım AzadlıqRadiosunun adını eşidər-eşitməz dəstəyi yerinə asdı və bu, bir neçə dəfə təkrar olundu. Kəndlilərsə Lənkərançayın başına gələnlərdən ölkə rəhbərliyinə yazıb.

XS
SM
MD
LG