Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 06:00

Yeni yaradılan qurumlar nəyi dəyişə bilər?


İlham Əliyev
İlham Əliyev

-

Ölkədəki iqtisadi durum, beynəlxalq münasibətlər və yeni yaradılan qurumlar medianın aparıcı mövzusudur.

SƏRKƏRDƏ QƏTİYYƏTİ...

«Azərbaycan» qəzetində «Sərkərdə qətiyyəti» adlı məqalə dərc edilib. Deputat Hüseynbala Mirələmovun qələmindən çıxan bu yazıda cəbhə xəttində son günlər baş verən hadisələr Azərbaycanın qələbəsi kimi dəyərləndirilir. Yazıçı, deputat bildirir ki, indi gözlər diplomatik səngərlərə dikilib.

«Hadisələrin yaxın günlərdə hansı məcrada davam edəcəyini, hələlik, bilmirəm. Amma Azərbaycanın bu davadan da qalib çıxmasının, torpaqlarımızın azadlığa qovuşmasının artıq an məsələsi olduğuna tam əminəm. Çünki bu haqq davasını aparan qətiyyətli lider - İlham Əliyev var! Bütün Azərbaycan xalqının döyüş əzmini, mübarizlik ruhunu öz şəxsiyyətində təcəssüm etdirən Ali Baş Komandan var! Onun bircə əmri ilə, bir neçə saat içində bayrağımızı Xankəndidə ucaldacaq qüdrətli Azərbaycan Ordusu var!»,-deyə Hüseynbala Mirələmov yazır.

Cəmil Həsənli
Cəmil Həsənli

«PANAMA KAĞIZLARI»NIN ACI HƏQİQƏTİ...

«Azadlıq» qəzeti isə AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiyalar keçirilməsinə ictimaiyyətin tanınmış simalarının münasibətini təqdim edir. Qəzet bugünkü sayında Milli Şuranın sədri, professor Cəmil Həsənlinin məqaləsinə dərc edib. «Bu rüsvayçılıqdan sonra indi balaca uşaq da bilir ki, «kral lütdür»»,- Cəmil Həsənli yazını bu cümlə ilə başlayır.

O, daha sonra yazır: «23 ildir işğal olunmuş əraziləri azad edə bilməyən hakimiyyət, deyəsən, çıxış yolunu Əli Kərimlinin evi ətrafında veyllənməkdə tapıb. YAP-ın dirijorluğu, polisin müşayiəti ilə səfərbər edilmiş bu «Qarabağ əzabkeşləri» vətən uğrunda məhz belə «fədakarlıq» edirlər. Bu gün (aprelin 12-i - AR) İdman Akademiyasında tələbələri Əli bəyin evi ətrafında «vətənpərvərlik» piketinə səfərbər etmək cəhdləri göstərişin çox yuxarıdan gəldiyinin daha bir təsdiqidir».

Cəmil Həsənli bu aksiyaları heç də təsadüf saymır. O düşünür ki, hakimiyyət bununla cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışır: ««Panama kağızları»nın acı həqiqəti çılpaq formada ortaya qoyduğu bir məqamda Əli Kərimlinin simasında hədəf axtarmaq əsl hədəfi ictimai diqqətdən yayındırmaq cəhdidir. Bunu hətta dövlət satınalmaları üzrə tenderdən keçib müxalifəti ləkələmək məqsədilə hakimiyyətin əlində miskin vasitəyə çevrilmiş bəzi mətbuat orqanlarının çatlaq zümzüməsinin çat verən sədası da göstərir».

ABŞ/Rusiya
ABŞ/Rusiya

BÖYÜK MARAQLARIN TOQQUŞDUĞU MƏKAN

«Novoye Vremya» qəzetində dərc olunan «Qərb Bakını çağırışlarla təkbətək qoydu» adlı məqalədə Qərb-Rusiya münasibətləri sistemində Azərbaycanın yeri və rolundan bəhs edilir.

Müəllif Azərbaycanın coğrafi mövqeyinə görə, regionda önəmli yer tutmasını xüsusi qeyd edir: «Müasir dünyada Azərbaycanın vacib coğrafi mövqe tutması haqda çox deyilib. Aparıcı qüvvələrin Azərbaycana marağı ilk növbədə məhz coğrafi mövqeyi ilə bağlıdır».

Müəllif yazır ki, müasir dövrün siyasi münasibətlər sistemində hansısa qüvvəyə inanmaq lazım deyil. Ölkə üçün nə vacibdirsə, olanları etmək gərəklidir: «Odur ki, birbaşa deyək, kiçik dövlətlər ilk növbədə öz problemləri haqda düşünməli, ona görə kiminsə özünü fəda edəcəyi illüziyaları ilə yaşamamalıdır. Bu gün Azərbaycan qarşıdurmada olan iki tərəfin maraqlarının düyün nöqtəsidir. Bir tərəfdən Qərb ölkədə qəti olaraq möhkəmlənmək istəyir, digər tərəfdən Rusiya postsovet məkanını öz təsirində saxlamağa çalışır. Belə şəraitdə biz ancaq öz maraqlarımız haqda düşünməliyik. Bizim üçün Qarabağ və öz maraqlarımız daha vacibdir».

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

YENİ ADDA KÖHNƏ İŞ…

Dövlət başçısı Ilham Əliyevin bir sıra yeni qurumlar yaradılması ilə bağlı son fərman və sərəncamları da diqqət mərkəzindədir. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov onlardan biri-«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin yaradılmasını «Bizim Yol» qəzetinə şərh edib.

Vahid Məhərrəmov deyib: «Əslində, bu sovet vaxtı mövcud olan «Azərittifaq»ın adının dəyişdirilmiş formasıdır. Yəni, eyni funksiyanı yerinə yetirən bir səhmdar cəmiyyət olacaq. Əsas funksiyası dövlət büdcəsi hesabına istehsalçılardan məhsulun alışı və satışı olacaq».

V.Məhərrəmov düşünür ki, hökumət bu işləri öz üzərinə götürməklə bu sahədə çalışanların işinə maneə yarada bilər: «Hazırda yerlərdə tədarüklə məşğul olan çoxlu sayda qurumlar var. Onların özləri müstəqil fəaliyyət göstərir, məhsullarının əsas hissələrini xaricə ixrac edirlər. Bir hissəsi isə məhsulları daxili bazara çıxarır».

Ekspert deyir ki, hökumət şəffaf tenderlər təşkil etməklə bu məsələni daha yaxşı həll edə bilərdi: «Hansı kooperativ daha ucuz və keyfiyyətli məhsul təqdim edirsə, o da qalib gələ bilər».

V.Məhərrəmov daha bir məqamı da diqqətə çatdırıb: «Yeni yaradılan qurum yerli məhsullardan istifadə etməzsə, bu çox absurd olar. Çünki fərmanda göstərilir ki, bu qurum yerli məhsul istehsalının stimullaşdırılması məqsədilə yaradılır».

XS
SM
MD
LG