Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:05

Q. İbadoğlu: «Bu, siyasi iradədən asılıdır»


Qubad İbadoğlu
Qubad İbadoğlu

Açıq Hökumət Tərəfdaşlığı Koalisiyası mayın 4-də Azərbaycanın bu təşkilatda iştirakını dondurub. Bir il ərzində Azərbaycan hökuməti Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı tədbirlərə dəvət almayacaq, bu təşəbbüsün yaratdığı imkanlardan istifadə edə bilməyəcək.

Sözügedən qərarın səbəblərini, hansı nəticələr doğuracağını iqtisadçı ekspert, «Mədən Sənayesində Şəffaflığın Artırılması» QHT Koalisiyasının üzvü Qubad İbadoğlu şərh edir.

Qərarın səbəbləri...

Q.İbadoğlu deyir ki, belə bir qərar verilməsinin başlıca səbəbi Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan məhdudiyyət və çətinlikləri Azərbaycan hökumətinin aradan qaldırmamasıdır.

Onun fikrincə bunun başqa səbəblər də var.

Bunlardan biri Q. İbadoğlunun deməsinə görə, hökumətin yeni dövr üçün nəzərdə tutulan milli fəaliyyət planını gecikdirməsi olub:

«Hökumətə yeni planla bağlı 2015-ci il iyulun 1-dək vaxt verilmişdi, sonra bu müddət həmin ilin sonuna kimi artırıldı. Təəssüflər olsun ki, yalnız bu il aprelin 27-də prezident belə bir sənədi imzaladı. Bu da artıq gec idi, təbii ki, qarşı tərəfi təmin edə bilməzdi»

İqtisadçının fikrincə, hökumətin Açıq Hökumət Tərəfdaşlığı Proqramına laqeyd münasibəti, regional səviyyədə tədbirlərə qatılmaması belə qərarın verilməsini qaçılmaz edib.

Əvvəlki plan da effektiv icra edilməyib

Ekspert həmçinin, Azərbaycanın 2012-2015-ci illər üçün açıq hökumət və korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyət planının icrasının da qaneedici olmadığını qeyd edib:

«Bu planın icrası onları qane etsə idi, yəqin ki, belə bir qərar verməzdilər. Azərbaycanda planların yerinə yetirilməsi ilə bağlı həm beynəlxalq təşkilatlar, həm də yerli təşkilatlar monitorinq aparıblar. Monitorinqlər göstərir ki, xüsusilə informasiyaya çıxış imkanlarının asanlaşdırılması, maliyyə nəzarətini həyata keçirən orqanların şəffaflığı ilə bağlı ciddi problemlər var».

Bundan sonra nə olacaq?

Q. İbadoğlu deyir ki, beynəlxalq təşkilat Azərbaycan hökumətinə islahedici bir plan verməlidir. Bu plan bir il ərzində hökumətin görməli olduğu işləri əhatə etməlidir.

Ekspert qeyd edir ki, hökumət istəsə bu planı bir ay ərzində də həll edə bilər:

«Çünki bu, siyasi iradədən asılıdır. Əsas məsələ vətəndaş cəmiyyəti qarşısında mövcud baryerlərin aradan qaldırılması, vətəndaş cəmiyyəti institutları arasında diskriminasiyaya yol verilməməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti indiyə qədər fəaliyyətində yalnız seçilmiş və hökumətyönlü vətəndaş cəmiyyəti institutları ilə belə bir proqramın müzakirəsi ilə bağlı işlər aparıb. İndiki halda, hökumət müstəqil vətəndaş cəmiyyətinin iştirakı ilə ictimai platforma yaratmalı, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə olan baryerləri aradan qaldırmalıdır»

Hökumət öhdəliklərə əməl etməzsə...

Q. İbadoğlu deyir ki, Azərbaycan iqtisadi cəhətdən böhran dövrü yaşayır. Onun xaricdən investisiyaya ehtiyacı var. İqtisadçıya görə, ölkənin investisiya reytinqi, borclara çıxışı bu qərarla əlaqəli olacaq:

«Beynəlxalq maliyyə korporasiyalarından Azərbaycanın istədiyi vəsait kifayət qədər böyük məbləğlə ifadə olunur. Yəni, milyardlardan söhbət gedir. Bunu da adi kommersiya banklarından götürmək mümkün deyil. Beynəlxalq maliyyə-kredit təşkilatları isə öz prinsiplərinə sadiqidirlər. Əgər, sonadək prinsiplərinə sadiqlik nümayiş etdirəcəklərsə, o halda Azərbaycan kimi şəffaflığa, hesabatlılığa hörmət etməyən ölkələrlə əməkdaşlığın perspektivi görünmür»

XS
SM
MD
LG