Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:23

Yerevanın Dağlıq Qarabağda tarazlıq siyasəti


V.Putin və S.Sarkisian
V.Putin və S.Sarkisian

-

«Ermənistan Qarabağı çətin tanıya»; Qlobal Möhkəmlik İndeksi açıqlanıb; Türkiyə vizasız rejimə ümidini itirir; Gənclər İŞİD-ə niyə qoşulurlar – 12 may Qərb mediasının icmalı.

«The Moscow Times» qəzetində ermənistanlı təhlilçi, Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian Yerevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatik tarazlıq yaratma cəhdlərindən söz açır.

Müəllifin fikrincə, aprelin əvvəlindəki toqquşmalar Azərbaycanın yeni hərbi strategiyasını – hücumla ərazilərini tutub status-kvonu dəyişmək siyasətini ortaya qoydu.

Təhlilçi yazır ki, hazırda əsas məsələ təməl diplomatiyaya qayıtmaqdır. Münaqişənin həllindən çox, sakitliyin bərpasına, effektiv atəşkəsin qurulmasına çalışılmalıdır. Hazırda bu diplomatiyanı irəli aparan və dəstəkləyən isə hər iki tərəfə silah satan Rusiyadır: «Ancaq Rusiyaya əsas meydan oxuyan heç də Qərb deyil, strateji tərəfdaşı olan Ermənistandır. Moskva Yerevanla ehtiyatla və incə davranmalı olacaq. Yerevanın strateji tərəfdaşlığın qeyri-bərabər şərtlərindən narazılığı getdikcə dərinləşir».

Müəllif yazır ki, Ermənistan bu məqamda diplomatiyasında tarazlıq yaratmağa başlayıb. Birincisi, ordunun bir qrup yüksəkrütbəli zabitini NATO ilə görüşə göndərib, yəni Moskvaya demək istəyir ki, başqa variantları da var. İkincisi, Dağlıq Qarabağın müstəqilliyini tanımaqla hədələyib. Əslində, bu addımın da məqsədi Azərbaycan da daxil olmaqla, tərəflərə, vasitəçilərə təzyiq göstərmək idi. Ən böyük təzyiqi isə Moskvaya göstərməyə çalışırdı. Çünki Moskva Yerevandan uzaqlaşıb Bakıya yaxınlaşmaqdadır.

Giragosian düşünür ki, Ermənistan Qarabağı çətin tanıya, sadəcə, tanımaqla hədələyir, çox ehtiyatlı davranmağa çalışır. Xarici siyasətində bir neçə alver predmetindən və məhdud variantlardan savayı, bu tanıma yalnız Azərbaycanı daha çox hərəkətə gətirər.

Biznes
Biznes

QLOBAL MÖHKƏMLİK İNDEKSİ

Biznesin effektliliyinin kökündə təchizat zəncirinin möhkəmliyi, dayanıqlığı durur. «FM Global» şirkəti ölkələrin bu göstərici üzrə, yəni təchizat zəncirinin pozulmasına qarşı dayanıqlığı üzrə reytinqini hazırlayır. Neftin ucuzlaşması, təbii fəlakətlər, terrorçuluğun yayılması bu möhkəmliyə təhlükə sayılır.

«FM Global» dünyanın ən böyük kommersiya əmlak sığortaçı şirkətlərindəndir. Şirkət dünyanın 130 ölkəsinin və ərazisinin reytinqini hazırlayıb. Reytinq bu regionlarda biznesə təsir göstərəcək 9 kriteriya üzrə tərtib olunub. Şirkətlər və sahibkarlar ayrı-ayrı ölkələrdə biznes qurmaq planlarında bu göstəriciləri nəzərə alırlar.

Bu dəfə neftin ucuzlaşması reytinqin həm düşməsinə, həm də qalxmasına təsirsiz ötüşməyib. Ermənistan (52) və Malavi (84) xeyli irəliləyib, səbəb də neft şokuna dayanıqlığın artmasıdır.

9 göstərici arasında siyasi amil də var. Məsələn, təkcə bu il Pakistan (117), Belçika (17), Nigeriya (116) və Türkiyədə (79) terror hücumları baş verib. Artıq ikinci ildir Ukrayna (125) ən çox geriləyən ölkələr sırasındadır. Səbəb də ölkədə gərginliyin qalmasıdır. Rusiya 75-ci yerdə qərarlaşıb.

Azərbaycan reytinqdə 54, Gürcüstan 53-cü yerdədir.

AB-Türkiyə
AB-Türkiyə

TÜRKİYƏ ÜMİDİNİ İTİRİR

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri deyir ki, o, türklərin Avropaya vizasız gediş-gəlişinə ümidini itirir. Volkan Bozkır BBC-yə müsahibəsində söyləyir ki, Türkiyədə terror əleyhinə qanunvericiliyi dəyişdirmək mümkün olmayacaq.

AB təkid edir ki, Türkiyə terrorçuluq anlayışını məhdudlaşdırsın. Birliyin daha 4 tələbi var və bunlar Avropanın miqrasiya böhranını yüngülləşdirəcək razılaşmanın bir hissəsidir.

V.Bozkır çərşənbə günü BBC-yə müsahibəsində deyib ki, danışıqlar həlledici mərhələyə çatıb və Türkiyə artıq yetərincə iş görüb. Bir gün öncə nazir Strasburqda Avropa Parlamentinin aparıcı üzvləri ilə görüşlər keçirib.

AB və insan haqları qrupları Ankaranı jurnalistlərin qorxudulması və narazıların susdurulmasından ötrü antiterror qanunvericiliyindən sui-istifadədə suçlayır.

Ankara isə bu tənqidləri qəbul etmir, məqsədinin silahlı qruplaşmalarla savaş olduğunu deyir. Elə prezident Recep Tayyip Erdoğan da bir müddət öncə deyib ki, qanunlar dəyişilməyəcək.

Vizasız rejim razılaşması iyunun sonunadək hazır olmalıydı. Ancaq getdikcə real görünmür. Avropa Komissiyası bu ayın əvvəlində bildirib ki, Türkiyə 72 şərtinin böyük hissəsini yerinə yetirib. Ancaq Avropa Parlamenti bütün kriteriyalara əməl olunmayınca, məsələni səsverməyə çıxarmaqdan imtina edir.

Bu saziş Türkiyəyə Yunanıstana miqrant axınını dayandırmaq əvəzində təklif olunub.

Beləliklə, Türkiyə korrupsiyanı əngəlləməkdən ötrü AB-nin tövsiyə etdiyi tədbirləri görməlidir; şəxsi məlumat bazasının qorunmasına dair qanunvericiliyini AB standartlarına uyğunlaşdırmalıdır; Avropanın polis xidməti olan «Europol»la razılaşma imzalamalıdır; cinayət işlərində AB-nin bütün üzvləri ilə işləməlidir; terror qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalıdır.

Türkiyə hədələyir ki, AB viza qaydalarını yüngülləşdirməsə, Yunanıstana gedən miqrantların qarşısını almayacaq.

Yunanıstanda suriyalı qaçqınların davası
Yunanıstanda suriyalı qaçqınların davası

GƏNC SURİYALILAR İŞİD-Ə NİYƏ QOŞULUR

«Newsweek» dərgisində «International Alert» təşkilatından Rebecca Crozier «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulan gənclərin motivasiya səbəblərini araşdırır. Müəllif yazır ki, çox vaxt bunu əngəlləməkdən ötrü gənclər arasında ideoloji təbliğatı azaltmaqdan danışsalar da, əsl səbəb bu deyil. Konkret Suriyada cavanlar İŞİD-ə dini səbəblərdən deyil, gündəlik ehtiyaclarını ödəməkdən ötrü üzv olurlar.

«İşlə təmin olunmağa ümid azdır, qonşu ölkələrlə sərhədlər bağlanıb, özlərini və ailələrini dolandırmalıdır. Bu zaman silahlı qruplaşmaların verdiyi pul onların gözünü qamaşdırır», - müəllif yazır.

Suriyada münaqişə artıq altıncı ilə qədəm qoyur. «International Alert» təşkilatı suriyalılarla söhbət edib, gənclərinin niyə ekstremistlərə qoşulmasının səbəbini tapmağa çalışıb. 300-dən artıq gəncdən müsahibə alıblar.

Müsahibələrdə ən çox gündəlik çörəkpulunu qazanmaq məsələsi vurğulanıb. Amma təkcə pul söhbəti də deyil. Qaçqın düşərgələrində yaşayan suriyalının ölkəsinə qayıdıb silahlı qruplaşmaya qoşulması özlüyündə böyük xərc tələb edir. Müəllif yazır ki, özü müharibə şəraitində olan Livanda əhalisinin 25 faizi qədər qaçqın yaşayır. Nəticədə suriyalı qaçqınlar yerli əhalinin ədavəti ilə üzləşirlər. Gənclərin çoxu ümidsiz duruma düşür. İŞİD kimi qruplara qoşulmaqla sanki bir məqsədləri olur, öz həyatlarını idarə edirlər və qəzəblərini çıxara bilirlər.

Bəziləri isə ailələrini, evlərini dağıtmış, hər şeylərini əllərindən almış rejimdən intiqam almaq istəyirlər. «Cəbhat ən-Nusra» qruplaşması rejimlə savaşır və onların bu intiqamı almasına fürsət açmış olur.

XS
SM
MD
LG