Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Türkiyənin diktaturaya çevrilməyi


R.T.Erdoğan vs. Ahmet Davutoğlu
R.T.Erdoğan vs. Ahmet Davutoğlu

-

İranın Həccdən imtinası Səudiyyəyə yarım milyard dollara başa gələ bilər; Rusiya Suriyadan çıxdımı, çıxmadımı? – 13 may Qərb mediasının icmalı.

«Türkiyənin Baş naziri Ahmet Davutoğlu-nun məcburi istefası yalnız bir şeyi göstərir – hakimiyyət hərisliyinə yoluxmuş prezident Erdoğan siyasi mövqeyini əldən verməmək xətrinə heç kəsə dözən deyil. Davutoğlu da istisna olmadı. Türkiyə Konstitusiyası baş nazirə xeyli səlahiyyət verib, prezidenti formal vəzifə elan etsə də, Erdoğan ozamankı xarici işlər naziri Davutoğlu-dan yeni hökumətin qurulmasını istəyəndə, ağlındakı bu deyildi». «The Huffington Post» qəzetində Alon Ben-Meir belə yazır.

Müəllif Davutoğlu-nu ta Erdoğan-ın baş müşaviri olandan bəri tanıdığını vurğulayır. Onun hədəfi Türkiyəni sabitləşdirici regional qüvvəyə və beynəlxalq səhnədə vacib oyunçuya çevirmək idi. Qonşularla heç bir problemin qalmaması fəlsəfəsini reallaşdırmağa çalışırdı ki, ilkin mərhələdə Türkiyə əksər qonşuları ilə dost münasibətləri qura bildi. Ancaq Erdoğan-ın kobud siyasi yanaşması hər bir qonşuyla problem ortaya çıxardı.

Müəllif yazır ki, Davutoğlu PKK ilə sülh danışıqlarını yenilətməyə çalışdığı bir vaxtda Erdoğan yeni müharibədən dəm vurdu. Baş nazir prezidentin azad mətbuata sistematik hücumları barədə açıq danışmasa da, onun qanunsuz addımlarıyla razılaşmadı, ancaq şefini bu yoldan sakitcə döndərə də bilmədi.

Yazıda Yaxın Şərqdəki qarışıqlar, milyonlarla suriyalı qaçqının axını, İŞİD-lə mübarizə fonunda Türkiyənin rolunun getdikcə ön plana çıxdığı vurğulanır. Müəllifin fikrincə, ABŞ və Avropa Birliyi Erdoğan-ın absurd davranışından xoşlanmasalar da, onunla işləməyə məcburdurlar. Erdoğan da öz planlarını irəlilətməkdən ötrü Qərb dövlətlərinin qanını damla-damla soracaq.

«Davutoğlu-nun gedişi ilə Türkiyə de-fakto diktaturaya çevrilib, daha Erdoğan-ın yolunda duran yoxdur. Türkiyə xalqı kədərli günlərini yaşayır, ölkəni heç bir nəzarətə, hesabatlılığa baş əyməyən qəddar diktator idarə edir və o, hakimiyyətdə qaldıqca, perspektivdə dəyişiklik də görünmür».

Müəllif yazır ki, türk xalqı küçələrə çıxıb Erdoğan-ı istefaya göndərənədək etiraz etməlidir. Əks halda, Türkiyənin gələcəyində azadlıq anlayışına yer qalmayacaq və avtoritar rejim də yerini bərkidəcək.

Məkkədə basabasda ölənlər.
Məkkədə basabasda ölənlər.

İRANIN HƏCCDƏN İMTİNASININ DƏYƏRİ

Ötən il Həcc ziyarətinə 75 min iranlı gedib, bu il isə bircə nəfər də getməyəcək. Səbəb ötənilki Həcc basabasında 464 iranlının ölməsidir. Ümumilikdə, həmin qarışıqlıqda 2 min 426 zəvvar dünyasını dəyişib. İran Səudiyyəni səriştəsizlikdə ittiham edib. Üstəlik, bu ilin yanvarında Səudiyyə şiə ruhanini edam edəndən sonra ikitərəfli münasibətlər gərginləşib.

«Forbes» jurnalı hesablayıb ki, İranın ziyarətdən imtinası Səudiyyəyə yarım milyard dollara başa gələ bilər. Təbii ki, Səudiyyə İranın kvotasını digər ölkələr arasında paylaşdırmasa.

«Foreign Policy» dərgisində Benjamin Soloway yazır ki, hətta Tehran Həccdən imtina etməsəydi belə, çox az iranlı Məkkəyə gedə biləcəkdi. Səudiyyə İranla diplomatik münasibətləri kəsdiyindən viza məsələsi qəlizləşir. Gərək ziyarətə getmək istəyənlər digər ölkələrdəki səfirliklərə müraciət etsinlər.

Tehran 1988-1989-cu illərdə də Həcc ziyarətini boykot etmişdi. Səbəb 1987-ci ildə Səudiyyə polisi ilə toqquşmada yüzlərlə iranlı zəvvarın ölməsi idi.

İran ziyarətə məsuliyyətin Əl-Saud ailəsinin əlindən alınmasını istəyir. Son 25 ildə Həcc basabaslarında minlərlə zəvvar həlak olub. Müəllif yazır ki, hətta əgər Səudiyyə-İran münasibətləri bərpa olunsa və Tehran ziyarəti boykot etməsə belə, Məkkədə təhlükəsizlik məsələləri açıq qalır.

Suriya rus qoşunu.
Suriya rus qoşunu.

RUSİYA SURİYADAN NİYƏ ÇIXMADI

Rusiya prezidenti deyəndə ki, Rusiya qüvvələrinin əsas hissəsi Suriyadan çıxa bilər, onların missiyası tamamlanıb, qismən həqiqəti söyləyirdi. Ancaq maraqlı olan odur ki, Rusiyanın Suriyadan çıxması, əslində, baş verməyib. Bunu «The Economist» yazır.

«Çıxmaq Rusiyanın nüfuzundan imtina və Suriyanı prezident Bashar al-Assad-ın müttəfiqi İrana vermək demək olardı. Qüvvələrini geri çəkməkdənsə, Putin səngərə girdi. Rusiya silahlı qüvvələri üzrə ekspert Dmitry Gorenburg-un fikrincə, martda verilmiş bəyanat bu ölkədə hərbi iştirakın artıq daimiləşdiyini ifadə edirdi, yəni daha xüsusi missiya anlamından çıxdı. Rusiya bir neçə təyyarəsini çıxarsa da, Suriyada xeyli qüvvəsi qalır».

Yazıda vurğulanır ki, Latakiya liman şəhəri yaxınlığındakı Xmeymim hava bazası qırıcı və bombardmançı təyyarələrlə qaynaşır. Yeni döyüş vertolyotları gəlib. Güclü S-400 raket sistemləri bölgədədir və hətta NATO-nu çəkindirir. Amerika İraqda KFC açmışdı, Rusiya ordusu üçün slavyan qadınlar çadırlarda sıyıq bişirir. 2 min kitabdan ibarət kitabxanaları da var.

Rusiya əməliyyatlara nəzarət edir. Rusiya və Suriya qüvvələri birgə missiyaları «Rusiyanın şərtlərinə uyğun» aparırlar. Bunu isə Karneqi Fondunun Moskva Mərkəzindən Dmitri Trenin deyir.

Müəllif yazır ki, hətta Assad tərəfdarlarının bəziləri Rusiyanın onların ölkəsinə nəzarəti ələ almasından narahatdır. Qərb Rusiyanın terrorçuluqla mübarizə söhbətlərinə Assad-ın avtokratik rejiminə dəstəyin pərdələnməsi kimi baxır.

«Çox az adam Rusiyanın Suriyada siyasi həllə çalışdığına inanır. Ancaq Rusiya heç də Qərb üzərində qələbə çalmaq barədə düşünmür. Özünü əvəzedilməz kimi göstərəndən sonra Qərbin onunla Rusiya şərtləri ilə əməkdaşlığa məcbur olacağına inanır. Təhlilçi Trenin-in sözləri ilə desək, «bizi olduğumuz kimi, bombalarımızla, hər şeyimizlə birlikdə sevsinlər»».

XS
SM
MD
LG