Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Ülviyyə Tahir. Ağayaq (hekayə)


Ülviyyə Tahir
Ülviyyə Tahir

-

Əminə onun bıçağa tərəf əyildiyini görüb oradan götürüldü. Qaçdıqca ona elə gəlirdi ki, hər an kürəyinə bıçaq saplana bilər.

Ülviyyə Tahir

AĞAYAQ

Günəş üfüqdə görünəndə məhəllədə canlanma başladı.

Xatti qapını cırmaqlayaraq bayıra çıxmaq istədi. Sonra çarpayıda ağzıüstə yatan kişiyə nəzər salaraq, oturub qulaqlarını salladı. Gözlərinin kənarı ilə döşəmədə uzanıqlı qalmış sahibəsini süzdü. Bir gün öncə Xattini sığallayan əli qanın içində idi. Hissiz bədəni və yarıaçıq gözləri Xattidə ümidsizlik yaradırdı. Bütün gecə onu iyləyib ətrafında dolanmışdı. İsti qan qoxusu burnunu qıcıqlandırmışdı.

Yerindən qalxıb qabaq ayaqlarını yenə pəncərəyə söykədi. Boş məhəllədə ins-cins gözə dəymirdi. Qəfil pəncərədən Ağayağı görən kimi daha da əsəbləşdi.

Bu pişiyi görən kimi qan beyninə vururdu. Bütün vücudu ilə hiss edirdi ki, bu pişiyin ondan fərqli olaraq azadlığı var. O, bu qapı arxasında belə məhbus həyatı yaşamır.

Ağayağın yerişi astalaşmışdı. Xatti başa düşdü ki, yenə məhəlləni bala pişiklər basacaq. Bunu başa düşən kimi əsəbiliklə bir-iki ağız hürdü. Onun belə qəfil hürməyi zorla yuxuya getmiş Şahidi qəfil yuxudan qaldırdı. O, hirslə qapını açaraq iti az qala bayıra tulladı. Arxasınca qəzəblə "Get, cəhənnəm ol! Sən də sahibən kimi vəfasızsan"- qışqırdı.

Xatti ilanın ağzından qurtulmuş qurbağa kimi özünü dar dalana atdı. Ağayaq geri çevrilib onu görən kimi divarın üstündəki yerişini pozmadan asta-asta getməyində davam etdi.

O, divarla yolun arasındakı məsafəni ölçəcək qədər təcrübəli idi. İtin səfeh-səfeh onun dalınca düşüb hürməsini laqeydliklə süzürdü.

Yer tapmalı idi. İndi martın soyuq küləyi şiddətləndikcə onu narahat edən yeganə məsələ təhlükəsiz və isti yer idi. Dünəndən məhəllədəki bütün həyətləri dolaşmış, hələ bir nəticə əldə etməmişdi. Qarnı ağırlaşırdı.

Əminə sancıdan qıvrılırdı. Gecədən başlamışdı ağrılar. Belə olacağını əlinin içi kimi bilirdi. Həkim ona xəbərdarlıq etmişdi. Artıq neçənçi dəfə idi ki, bu hərəkətə yol verirdi. Özünü bağışlaya bilmirdi. Hər dəfə and içirdi, amma yenə edirdi. “Hamısının günahı o əclafdadı” - deyib yumruqlarını elə sıxdı ki, dırnaqları ətinə batdı. Ona lazım idi, lazım idi bu həngamə?! "İtoğlu, itoğlu"- deyə inildədi.

Birtəhər ayağa qalxıb pəncərəyə doğru irəlilədi. Günəşin solğun şüaları dar dalanı yavaş-yavaş işıqlandırırdı. Qəfil dalanda Xattinin qaçdığını gördü. Məəttəl qaldı, axı Sevda iti belə tezdən buraxmazdı. Sonra Sevdanın bir neçə gün əvvəl ona dediyi sözləri xatırladı:

"Əminə, o inanmır ki, yeddi ildən sonra övladımız ola bilər. Hey dirəşir ki, onun uşağı ola bilməz. Rusiyada hansısa axmaq həkim ona deyib ki, sənin uşağın ola bilməz. Elə hey deyir ki, kimdəndi? İlahi mən nə edəcəm. Deyirəm, elm var, gedərik, DNT testi edərsən, görərsən öz uşağındı. Xeyri yoxdu, başı xarab olub elə bil."

Əminə "Ay qız get rədd elətdir. Soruşsa deyərsən ki, səhv başa düşmüşəm. Pahh, lazımdı elə bu xeyirsizlərdən bizə uşaq" - dediyini xatırladı. "Hə də, lazım döyül, döyül" - deyə, yumruğunu pəncərəyə döyəclədi.

***

Elşad yorğun "gecə növbəsindən"dönürdü. İllərdi dəmiryollarında çalışırdı. İndi üç gün idi ki, yalandan gedib ətrafda dolanıb gəlirdi. Evdə necə deyəcəkdi ki, işdən çıxarılmışam.

Elşad hər dəfə bu barədə düşünəndə dəhşətə gəlirdi. Onu işini itirməkdən daha çox arvadı narahat edirdi. Bütün günü güzərandan, pulsuzluqdan şikayətlənən arvadı onun az maaşına qane olmaq istəmirdi. Bütün günü "qonşulara bax", "bacıma bax"... əli çatan və çatmayan insanları nümunə gətirirdi. İndi yorğun ayaqlarını arxasınca sürüyərkən yeganə istədiyi şey sakit ev və çarpayı idi.

Ağayaq divarın üstüylə getməkdən sıxılaraq tullanıb ən yaxındakı evin damına düşdü. Qarnının ağırlığı onu aşağı sürüklədi. Elə onda yağışların və parlaq günəşin kövrəkləşdirdiyi şifer sındı və Ağayaq içəri yuvarlandı. Miyoldayaraq ətrafa baxdı. Parlaq gözlərini sürətlə ətrafa gəzdirdi.

Düşdüyü yer taxta döşəmə idi. İsti hava dalğası ayaqlarının arasından burularaq qarnını oxşadı. Zövqlə taxtanın üzərində uzanıb gərnəşdi. Qulaqlarının şəkləyib dinşədi. Bir qadının uşağına laylay dediyini fərq etdi. Elə həmin musiqinin və istinin təsirilə xumarlandı. Ürəklə yuxuya getdi. Bura onun axtardığı yer idi.

Əminə onu dalandan dönəndə gördü. Stula çöküb Elşadın içəri girməyini gözlədi. Qapı cırıldayıb aralandı. Rütubətdən nəmişlik qoxuyan bu ev Elşad üçün bu an elə əziz göründü ki, Əminənin üzünə baxmadan birbaşa yataq otağına keçdi. Elə çarpayıda büzüşmək istəyəndə ləkələri gördü.

- Yenəmi? - deyə halsız qışqırdı.

- Hə, yenə - Əminə bütün enerjisi ilə qışqırdı.

- Sən nə qədər murdar qadınsan. Sənin yerin cəhənnəmdir, bilirsən, cəhənnəm.

- İkimiz birlikdə gedəcəyik.

- Mənim cəhənnəmim bu dünyada sən oldun. Sən məni ata olmaqdan məhrum elədin. - Elşad inildəyərək dedi.

- Sənin altında xarici maşın oldu, yönlü maaşın oldu, mən doğmadım?! Dünən Səməd dedi ki, işdən çıxarılmısan. Guya gecə haralardasa sülənməklə məni aldadacaqsan. Sənin yalana gücün çatır, mənim dərmana.

- Allah sənə lənət eləsin. Doğmaq fikrin yoxdur, heç olmasa onları qarnında öldürmə. Nə olar, bu evi qəssabxanaya çevirmə.

Əminə yeni hücuma keçmək istəyirdi ki, çöldə qəfil qışqırtı qopdu. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Xattinin bir qadının üstünə cumduğunu, qadının isə dar dalanda küncə sıxılaraq tir-tir əsdiyini gördü.

Xatti Ağayağın ardınca düşüb divar bitənə qədər getdi. Sonra pişiyin evin damına tullandığını gördükdə onu izləməyin mənasızlığını anlayıb dalan boyunca getməyə davam etdi. Ac idi. Sahibəsi onu indiyə kimi bu qədər tək qoymamışdı. Ağır addımlarla dalanın sonuna kimi getdi. Əminəgilin evinin yanına çatanda dayandı. Bu evi heç sevməzdi. Kif göbələyi qoxusu verən divarların o tayında qarğışdan başqa bir söz eşitdiyini xatırlamırdı. Qəfil dalanın o başından gələn qadını fərq etdi. Bu qadını tanıyırdı. Sahibəsi ona bir-iki dəfə iynə vurmuşdu. Bir ümidlə qadının üstünə yüyürdü. Elə bildi ki, ona sahibəsinin başına gələnləri anlada biləcək.

Qadın qışqırırdı. Əminə birtəhər küçəyə çıxıb Sevdanın ərini səslədi. Lakin səsə heç bir cavab verilmədiyini gördükdə yaxınlaşıb qapını döydü. İkinci cəhddən sonra nəhayət, qapı açıldı.

Əminə üzü-gözü şişmiş adamı görəndə səksəndi. Qapının aralı qalmış yerindən Sevdanın döşəmədə yatdığını və ətrafın qan olduğunu gördü. Dəhşətə düşərək özündən asılı olmadan kəkələdi

- Xatti, qadın, qorxur, gəlin qoymayın - deyib oradan var qüvvəsi ilə aralanmağa çalışdı.

Kişi qapını azca aralı qoyub döşəməyə əyildi. Əminə onun bıçağa tərəf əyildiyini görüb oradan götürüldü. Qaçdıqca ona elə gəlirdi ki, hər an kürəyinə bıçaq saplana bilər.

Dalanı burulub evin qapısına çatmışdı ki, Xattinin zingildəyərək torpağa yapışdığını gördü. Bıçaq boynuna saplanmışdı. Küncə qısılmış qadın bu mənzərədən daha da dəhşətə düşərək qışıqırıb qaçmağa başladı.

Bir saat sonra Sevdanın cəsədini morqa, Xattinin meyidini zibilliyə apardılar. Evi kirayə vermiş Sabir kişi Sevdagilin iti də evdə saxladığını bildikdə evin elə həmin gün taxtalarını sökdürdü.

Əminə xəstəxanadan gəlib tövbə etməklə məşğul idi. Amma bunu dəqiq bilirdi ki, Elşadı bu rütubətli evdə ata etməyəcək.

Ağayağın beş dənə özü kimi qara, ayaqları ağ balası olmuşdu. Onları yalamaqdan doymurdu. Aşağı otaqlardan qalxan laylay səsi onu və balalarını yuxuya vermişdi.

XS
SM
MD
LG