Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Amnistiya aktı Milli Məclisdən keçdi


Milli Məclis
Milli Məclis

-

Milli Məclis 28 May - Respublika Günü münasibətilə amnistiya aktı qəbul edib. Yenilənmiş yazıdır. Ən son xəbər yazının əvvəlindədir.

APA-nın xəbərinə görə, deputat Fərəc Quliyev müzakirələrin gedişində deyib ki, amnistiya Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə də şamil edilməlidir:

«Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərə, Xocalı faciəsinə qatılmayan, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır».

QIZ QAÇIRANLAR DA UNUDULMADI

Deputat Zahid Oruc Cinayət Məcəlləsinə dəyişiklik edildiyini və 144-cü maddədə qızqaçırmanın adam oğurluğu kimi göstərildiyini xatırladıb: «Bu insanlar 10-12 il azadlıqdan məhrum edilirlər. O insanlardan danışanda sual ortaya çıxır ki, bu əməl sizin qız övladınıza qarşı olsaydı, nə edərdiniz?.. Təbii ki, biz insanların normal ailə qurmasını arzu edirik. Belə hallara da gələcəkdə rast gəlinməsini istəmirik. Ancaq qız qaçırmaya görə məhkum olunmuş bu insanların bir dəfə əfv edilməsi, onlara bir şans verilməsi yaxşı olardı».

+++

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, amnistiya aktı iyunun 15-dən qüvvəyə minəcək: «Amnistiya aktının icra müddəti 4 ay olacaq».

+++

Bu gün – mayın 20-də Milli Məclis Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə «28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərar layihəsinin müzakirəsinə başlayıb.

APA-nın xəbərinə görə, M.Əliyeva son vaxtlar məhkum edilmiş şəxslərin və ailə üzvlərinin Heydər Əliyev Fonduna çoxsaylı müraciətini əsas gətirib və Milli Məclisin 2007-2009-2013-cü illərdə də amnistiya aktı qəbul etdiyini xatırladıb. Bu aktın tərbiyəvi əhəmiyyətinə inandığını söyləyən M. Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edib.

KİMLƏRƏ AİDDİR?

Amnistiya layihəsi böyük ictimai təhlükə törətməyənləri və az ağır cinayətlərdən məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edir. Bu aktdan 1-ci və 2-ci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, əlil övladı olub, yetkinlik yaşına çatmayanların da yararlanacağı gözlənilir. Layihə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə qatılanların, məcburi köçkünlərin və bəzi digər kateqoriyalardan olan şəxslərin də həbsdən azad edilməsini nəzərdə tutur.

Məntəqə tipli müəssisələrdə cəzasının çəkilməmiş hissəsi bir ili aşmayanlar, islah işlərinə cəlb edilənlər, şərti və digər qruplara daxil olan bir sıra məhkumlar da amnistiya düşməlidirlər .

10 MİN ŞƏXSƏ ŞAMİL EDİLƏ BİLƏR

Bu layihənin bütünlükdə 10 min şəxsə şamil ediləcəyi gözlənilir. Layihə keçərsə, indi həbsdə olan şəxslərdən 3 min 500-ə yaxını azad oluna bilər.

M. Əliyeva indiyədək 4 amnistiya aktının təşəbbüskarı olub.

O, sonuncu dəfə 2013-cü ilin aprelində - keçmiş prezident Heydər Əliyevin doğumunun 90 illiyi münasibətilə belə təşəbbüslə çıxış etmişdi.

Parlamentdən keçən həmin təşəbbüs 9 min nəfərə şamil edilmiş və 2 mindən çox məhkum azadlığa çıxmışdı.

XS
SM
MD
LG