Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

İki holdinq arasında birləşmə söhbəti


Excelsior Hotel Shamkir
Excelsior Hotel Shamkir

Azərbaycanın dörd şirkəti birləşmək qərarına gəlib. Bu şirkətlər turizm, otelçilik, iaşə və qida sektorunda fəaliyyət göstərirlər. Söhbət iki holdinqə məxsus şirkətlərin indən belə hüquqi baxımdan eyni çətir altında işləyəcəyindən gedir.

Adı açıqlanmayan təsisçinin qərarı var

Mediada çıxan xəbərlərə görə, adı açıqlanmayan təsisçinin qərarına əsasən, «Shamkir City Hotel & SPA», «Xəzər-Turizm» və «Capital Partners» şirkətləri «Alterf» MMC-yə qoşulub. İlk iki qurum bunadək «Synergy Group» ASC şirkətlər qrupuna daxil idi. Müxtəlif sahələrdə fəaliyyət göstərən 28 şirkəti əhatə edən bu qrup təsis sənədlərində və başqa rəsmi hesabatlarda Əşrəf Kamilov adlı şəxsin sahibliyindədir.

Fəaliyyətinə xitam verilən və indiyədək nə işlə məşqul olduğu bilinməyən 3-cü şirkəti («Capital Partners» MMC) 4 il öncə «Capital Estate» qrupu qurub. Ə. Kamilov həmin şirkətlər qrupunda da əsas söz sahibidir.

Bir müddət öncə «Capital Partners» şirkətinin ləğvi barədə qərar ictimaiyyətə açıqlanmışdı. İndi isə bilinməyən səbəbdən bu şirkət aktivlərinin də «Alterf» MMC-nin tərkibinə daxil edilməsinə qərar verilib.

«Alterf» MMC-yə gəlincə...

Şəmkirdəki mənbə AzadlıqRadiosuna deyib ki, «Alterf» MMC «Shamkir Capital Group» MMC-yə daxildir. Sonuncunun Şəmkir rayonunda bir neçə müsəssisəsinin olduğu bildirilir. Maraqlıdır ki, bu il kapitalını 5 dəfədən çox artıran «Shamkir Capital Group» da Ə. Kamilovun nəzarətindədir.

Formal olaraq, ən azı, iki otelə sahiblikdən əli çıxan «Synergy Group» şirkətin strukturunda baş verən bu dəyişikliyə aydınlıq gətirmək istəməyib. «Alterf» MMC-nin direktoru Nazim Əzizov AzadlıqRadiosuna onun təşəbbüskarlığının da bu məsələdə rol oynadığını bildirib:

«Qida təchizatı sektorunda şəxsi biznesim olub. Bir çox xarici şirkətlərə keyterinq xidməti göstərmişəm (ingiliscədən çevirəndə «azuqə təchizatı» anlamına gəlir. Ucqarlarda ictimai iaşə xidməti nəzərdə tutulur – red.). Regionlarda turizm sahəsində çalışan şirkətlərin daha səmərəli fəaliyyəti üçün təkliflərimi söylədim. Qəbul edildi». O, məsələnin hüquqi tərəfi ilə başqa şəxslərin məşğul olduğunu da deyib.

Söhbət «qohum» şirkətlərdən getdiyindən...

Birləşməni şərh edən müstəqil hüquqçular şirkətlərin yenidən qruplaşdırılmasının, ən azı, iki yolla həyata keçirilə biləcəyinə diqqət çəkiblər. Birinci halda ana şirkət qarşılıqlı razılığa dayanaraq, yenidən təşkilatlanan şirkətdə bəlli paya sahib olur. İkinci halda isə şirkətlər qiymətləndirilir, alqı-satqı müqaviləsi bağlanılır və yenidən təşkil olunan şirkətin sahibi həmin şirkətləri satın alır. İndiki halda söhbət «qohum» şirkətlərdən getdiyindən, bu sövdələşmə nəticəsində «Synergy Group»un «Alterf» MMC-də üstün paya yiyələnəcəyini ehtimal etmək olar.

Anlamaq çətin deyil ki, əsasən, idarəetmə funksiyası yerinə yetirən şirkətlərin «Alterf» MMC-yə qoşulması məsrəfləri azaltmaq və optimallaşdırmaq məqsədi güdür.

Şirkətlərin əldən-ələ ötürülməsi...

Şirkətlərin bir əldən başqa ələ ötürülməsi «Synergy Group» üçün yeni hal deyil. Ə. Kamilovun Müşahidə Şurasının sədrinin birinci müavini olduğu «AtaHolding» MMC-nin 51 faiz paya sahiblik etdiyi «Sybernet» şirkəti bir neçə il öncə «Synergy Group»a ötürülmüşdü (Ə. Kamilovun «AtaHolding»də Müşahidə Şurası sədrinin birinci müavinidir). «Sybernet» ölkənin ən tanınmş informasiya texnologiyaları xidməti göstərən şirkətlərindəndir.

«Excelsior Hotel Shamkir» 2012-ci ildən «Shamkir City Hotel & SPA» şirkətinin mülkiyyətində idi. Qədim alman memarlığına uyğun üslubda tikilən mehmanxanada, biri kral dərəcəli olmaqla, 53 nömrə var. Otelin təxminən 1,5 hektar ümumi sahəsi və ona bitişik ərazisi var.

«Xəzər-Turizm» MMC isə 2000-ci illərin əvvəllərindən Nabrandakı «Caspian Sea Resort» istirahət mərkəzini idarə edirdi. Burada bir necə hektar sahədə, ikisi VİP olmaqla, 28 kottec və villa inşa olunub.

«Synergy Group» otel biznesindən tam uzaqlaşmayıb və hazırda törəmə şirkəti «Azorchid Hotels» MMC vasitəsilə «Chinar Hotel & Spa Naftalan» və «Qalaltı Hotel SPA and Resort» komplekslərini yönəldir.

«Alterf» MMC-yə gəlincə, bu şirkətin Şəmkirdə bir neçə istirahət, əyləncə və iaşə obyekti var. Bunlar - «ŞəmŞirin» şirniyyat evi, Şəmkir Əyləncə Mərkəzi, «Borçalı» restoranı, «Abidələr» park-kafesi, «Şəmburg fast-food» restoranı, «Annenfeld» kafesidir. Əksəriyyəti Şəmkir Şəhər Parkı ərasizində yerləşən bu obyektlər son bir neçə ildə qurulub.

Direktorsuz şirkətlərmiş

Ləğvinə qərar verilən şirkətlərin direktorlarının olmaması da diqqət çəkən məqamlardandır. Hər halda Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinə bu şirkətlərin ləğvi prosesinə kimlərin qatıldığına dair məlumat daxil edilməyib.

«Shamkir Capital Group» MMC-yə bir müddət öncə Fərid Hüseynov rəhbərlik edib. O, «Synergy Group»da Müşahidə Şurasının da üzvüdür. İndi qrupa başçılıq «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin baş direktoru çalışmış Araz Nadir oğlu Paşayevə həvalə olunub. Onun qardaşı Surxaysa bu ilin mayında yaradılmış «Green Park Shamkir» MMC-yə direktor təyin edilib.

Vergilər naziri təkzib etməyib

Azərbaycan mediasında istər «Synergy Group», istərsə «Shamkir Capital Group» MMC-lərə dolayı yolla vergilər naziri Fazil Məmmədovun sahiblik etməsi barədə xəbərlər yer almaqdadır. Nazirin özü həmin xəbərləri təkzib etməyib.

XS
SM
MD
LG