Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:55

Ecclestone: Vicdanımız təmizdir


Bernie Ecclestone
Bernie Ecclestone

-

«Formula-1» rəhbəri jurnalistlərdən soruşub ki, «Kimsə insan haqlarının nə olduğunu bilirmi?». Ulduz pilotlar Bakıda təhlükəsizlik məsələsindən narahatdırlar – 17 iyun Qərb mediasının icmalı.

«Formula-1»in rəhbəri Bernie Ecclestone Azərbaycanda insan haqları pozuntularıyla bağlı deyilənləri ciddi qəbul etmir. Çərşənbə axşamı Bakıda jurnalistlər ondan bu barədə soruşanda deyib ki, «İnsan haqlarının nə olduğunu kim bilir?».

«France-Presse» agentliyinin yazdığına görə, «Formula-1» rəhbərinin bu ölkədə keçirilən tədbirlə bağlı heç bir şübhəsi yoxdur. Agentlik xatırladır ki, hökumət yol verdiyi insan haqları pozuntularına görə ciddi tənqid olunur və elə beynəlxalq hüquq-müdafiə təşkilatları, məsələn, «Amnesty International» «Formula-1»ə çağırış edib ki, Azərbaycanda iddia olunan repressiyalarla bağlı mövqe sərgiləsin.

F1 Azərbaycanda yarışma düzənləməklə vicdanını təmiz saxlaya bilərmi? Ecclestone deyib ki, «tamamilə, 100 faiz».

«Adamlar mənə insan haqları barədə danışanda, bunun necə, niyə və nə vaxt tətbiq olunmasına baxa bilərsən. Kimsə insan haqlarının nə olduğunu bilirmi?», - Ecclestone deyib.

«France-Presse» yazır ki, «Formula-1»in təmsilçiləri ötən bazar ertəsi Londonda «Hüquqlar uğrunda İdman» kampaniyası ilə görüşüblər. Qrup xahiş edib ki, «Formula-1» rəhbərliyi prezident İlham Əliyev və onun hökumətinə qarşı danışsın, siyasi məhbusların buraxılmasına çağırsın.

«Əlbəttə, bu məsələyə ciddi yanaşırıq», - Ecclestone deyib. «Kommunikasiya qurmuşuq və buradan təminat almışıq ki, bu məsələlərə baxırlar».

İnsan haqları müdafiəçiləri Əliyevi jurnalistləri, bloqqerləri qanunsuz həbsə atdırmaqda, maliyyə mənbələrini dondurmaqda, qanunvericiliyi məhdudlaşdırmaqda ittiham edir. Jurnalistlərin hökuməti tənqid etməsinə görə həbsə atılması barədə suala cavabında Ecclestone deyib ki, «bu onların nə yazmasından asılıdır…».

Ecclestone bir sıra suallara cavab verməyib, F1 komandalarından da bu məsələlərlə bağlı heç nə eşitmədiyini deyib: «Məncə, onlar da mənim kimi insan haqlarının nə olduğunu bilmirlər. Dünyada xeyli adam aclıq çəkir və nədənsə şikayətlənməlidirlər».

Ecclestone əlavə edib ki, əgər F1 korrupsiyanın olduğu iddia edilən ölkələrdən imtina etsə, onda yarış keçirməyə yer qalmaz. O, təşkilatçıları halqanın yaradılmasında gördükləri işə görə alqışlayıb. «Birinci dəfə bunu irəli sürəndə mənə deyirdilər ki, dəli olmuşam. Köhnə və yeni şəhəri birləşdirmək – ancaq elə görünür ki, alınıb».

«UTANCVERİCİDİR»

«Hüquqlar uğrunda İdman» kampaniyasından Rebecca Vincent «The Guardian» qəzetinə Ecclestone-un dediklərini şərh edib:

«Bernie Ecclestone-nun insan haqlarına münasibəti «Formula-1» üçün utancvericidir. «Hüquqlar uğrunda İdman» koalisiyası Azərbaycanda siyasi məhbuslar məsələsini «Formula-1» qarşısında dəfələrlə qaldırıb, ancaq yetərli reaksiya almayıb. Bu idman növü və onun sponsorları prezident Əliyev kimi repressiv hökumətlər tərəfindən təbliğat aləti kimi istifadə olunmaqdan xəcalət çəkməlidirlər».

Jenson Button
Jenson Button

TƏHLÜKƏSİZLİKDƏN NARAHATDIRLAR

Bu arada «Formula-1» pilotları Bakı Şəhər Halqasının təhlükəsizliyi baxımından narahatlıq bildiriblər.

Ən təcrübəli sürücü sayılan, 300-dək Qran-pri iştirakçısı Jenson Button «Formula-1» rəhbərliyini «geriləməkdə» ittiham edib. O, halqa boyunca çıxış zonalarının olmamasından şikayətlənib. Çıxış zonası sürücülər üçün təhlükəsizlik sahəsi sayılır, onlar yüksək sürət zamanı səhv edərlərsə, yaxud təkər partlaması kimi mexaniki problem baş verərsə, bu zonalara keçirlər.

«Təhlükəsizliklə bağlı daim qızğın işləyirik, daim halqaları təkmilləşdiririk. Və bura gəlib görürük ki, heç bir çıxış zonası yoxdur», - 2009-cu ilin dünya çempionu Button deyib.

O, yarışma rəhbərliyinin təhlükəsizlikdən ötrü əlindən gələni etdiyini sözlərinə əlavə edib. «Problem ondadır ki, binaları tərpətmək mümkün deyil. Heç kəsdə problem çıxmasa, yaxşı olar. Bircə ümid edək ki, pis bir şey baş verməyəcək. Narahat olmamaq olardı, ancaq dəyişə bilmədiyin döngələr var, bu da narahatlıq yaradır».

«Mercedes» komandasının ulduz pilotu Lewis Hamilton isə elə də narahat görünməyib. «16-cı döngədə pəncərədən baxdım, məncə, orada böyük bir çıxış zonası var. Monakoda da çıxış zonası, demək olar, yoxdur, ancaq lazımlı olan ərazilərdə salınıb».

«Formula-1» çempionu Nico Rosberg də jurnalistlərə deyib ki, «iki ya üç çıxış zonası var, onlar elə də yaxşı görsənmirlər».

Indianaexpress.com saytının yazdığına görə, İçərişəhərdə halqa boyunca binaların olması səhvə yol verməyə variant qoymur.

Formula-1
Formula-1

«AVROVİZİYA»DAN SÜRƏT MAŞINLARINA

CNN.com saytı da Azərbaycanın «Formula-1» təqviminə qoşulmasından yazır.

«Ölkəmiz ənənəvi gəlir mənbələrindən çıxmağa çalışır», - Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib. «F1 turizmi dirçəldəcək. Dünyaya Bakının nə olduğunu göstərəcək. Ənənəvi və müasir mədəniyyətin bir-birinə qarışdığı gözəl bir şəhərimiz var. Bu şəhər F1-ə öz ruhunu gətirəcək».

Müəllif Sarah Holt izləyici sayının elə də böyük olmadığını, cəmi 20 minədək yer ayrıldığını qeyd edir. «F1-in Rusiya, Cənubi Koreya kimi yeni ərazilərə keçməsi bu yarışmanın F1 azarkeşlərinin böyük olmadığı yerlərdə niyə keçirilməsinə dair suallar yaradır. Eyni suallar Azərbaycana da aiddir. Burada ən populyar idman növü olimpiya güləşidir», - müəllif yazır.

Rəhimovsa deyib ki, Bakıda bir sıra tədbirlər keçiriblər. «Məktəblərdə, universitetlərdə tələbələrə F1 və avtoidman barədə danışmışıq. Bu işi yerli tanınmışlar arasında da aparmışıq. Söhbət təkcə F1-dən getmir, ölkəmizdə avtoidman ənənəsinin yaradılmasından gedir. Məncə, bu yarışmadan sonra gənclərin çoxu həvəslənəcək».

XS
SM
MD
LG