Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:01

Futbol sevən adamın xatirələri...


Azərbaycalı yazar və riyaziyyatçı Azər Əhmədov
Azərbaycalı yazar və riyaziyyatçı Azər Əhmədov

-

"Ömür çempionatlar arası dördillik intervallara bölünmüş kimi görünür mənə - Argentina (1978) və Ispaniya (1982) arası məktəbə getdim, İspaniya və Meksika (1986) arası kənddən Bakıya köçdük, Meksika və Italiya (1990) arasında özümə peşə seçdim, Italiya və Amerika (1994) arasında orta məktəbi bitirdim".

Azər Əhmədov

DŰNYA REKORDU

(hekayə)

Xəbər agentlikləri xəbər yaydılar - Almaniya yeni dünya rekordu qazanıb. İnternetdə bu xəbəri bir neçə dəfə gördümsə də üstünə tıklayıb oxumadım nə rekorduymuş bu. Yalnızca idmanla bağlı bir şey olduğunu ehtimal etdim deyə bilərəm. Və yenə də düşünürəm, doğrudanmı ehtimal etmişdim? necə?

Bir şeyə əminəm, o xəbərin nə olduğunu öyrənmək istəmirdim. Yadımdadır ki, təkrar-təkrar qarşıma çıxdı, "YahooNews" və başqa ən müxtəlif xəbər xidmətlərində; mənsə hər gördüyümdə üstündən keçdim; istədim bir sirr olaraq da qalsın mənimçün. Sonra yerli qəzetlərdən birini oxuyarkən balaca bir yazıya rast gəldim və bu dəfə nəzərlərimi qaçırda bilmədim, məqaləni son cümləsinə qədər oxudum.

Futbol üzrə dünya çempionatından sonra növbəti Avropa çempionatının seçmə oyunları başlayıbmış demə. Ötən çempionatdan öz istədiklərini ala bilməyən hegemon millətlərin yığmaları hirslərini töküblər cırtdan ölkələrin üstünə. Qoldan vur ki, vurasan. Fransa Gürcüstana 3-0 vurub, İngiltərə Andorraya 5-0 vurub, bu tərəfdən yoldaşlıq görüşündə Ukrayna Azərbaycana 6-0 vurub, və buyurun, Podolski’nin 4, Schweinsteiger, Ballack, Hitzlsperger və Klose’nin hərəyə 2, Friedrich’in 1 qolu ilə Almaniya San Marinoya 13-0 hesabıyla qalib gəlib.

Bircə Italiyanın adı çəkilmir bu həngamədə. Çempion adını alıb qoyublar başlarının altına, kimə nə sübut edəsidirlər ki? Romada Litva kimi zəif bir takımla sakit bir heç-heçə oynadılar, 1-1. İnsafən İtaliyanı hegemon dövlət adlandırmaq da olmaz. İtalyanlar özləri haqda çox aşağı düşünən təvəzökar bir millətdir. Afrikada 2-3 koloniyaları olub, onun da fərli-başlı bir xeyrini görməyiblər.

Mənim ilk uşaqlıq xatirələrimdən biri futbol haqdadır. 1978-ci il. Dünya çempionatının finalı, Argentina-Hollandiya görüşməsi. Yadımda qalan Argentinanın az qala qapı xəttinin üstündən vurduğu qol və hollandlara argentinalılar arasında yaşanan gərginlikdir. Bir də nəsə çox tutqun bir səhnə…. hərdən mənə elə gəlir ki, ağ-qara TV-nin qarşısında dayanmışam, ətrafda adamlar var; futboldan və digər şeylərdən danışırlar, kimsə bərkdən nəsə dəyir, camaat gülüşür. Amma nə deyirlər, nə danışırlar? Argentinanın çempion olmağına sevinirlərmi? Yoxsa Hollandiyaya yazıqları gəlir? Söz-söhbətdən heç nə yadımda deyil. Bəlkə bir səs, ya bir jest? yox… yadımda qalmayıb.

1978-ci ildə mənim üç yaşım vardı. Bu yaşda mən nə Argentina tanıya bilərdim, nə də dünya, hakim, çempion, qapı xətti kimi abstraksiyaları qavraya bilərdim. Bunlar hamısı olsa-olsa sonrakı illərdən yadımda qalmış söhbətlərdir demək.

Amma o səhnə, ağ-qara TV-nin qarşısında oturmağım, TV-nin üstünə qoyulduğu masa, masanın üstündə ağ-göy rəngli dama-dama örtük, ekranda futbol görüntüləri… bunlardamı olmayıb?

Futbolu hər zaman dəli kimi sevmişəm. Dünya çempionatlarında elə bil son dörd ilin dərd-sərini, azar-bezarını unudub ömrün təzə bir mərhələsinə başlayıram. İndi qanrılıb arxaya baxdıqca ömür çempionatlar arası dördillik intervallara bölünmüş kimi görünür mənə - Argentina (1978) və Ispaniya (1982) arası məktəbə getdim, İspaniya və Meksika (1986) arası kənddən Bakıya köçdük, Meksika və Italiya (1990) arasında özümə peşə seçdim, Italiya və Amerika (1994) arasında orta məktəbi bitirdim, Amerika və Fransa (1998) arası ölkədən xaricə getdim, Fransa və Koreya(2002) arasında evləndim, Koreya və Almaniya(2006) arası qızım dünyaya gəldi. Beləcə, 4-ə bölünəndə qalıqda iki verənillərin birindən o birisinə, qitədən qitəyə, stadiondan stadiona hoppana-hoppana keçib getməkdədir həyat.

-Mümkün deyil qəti. Gərək ◊◊◊ on top fərqi ilə uda. Belə şey futbolda mümkün deyil.

-Mümkün deyil?

- Yox. Bircə □□□ Malta ilə görüşdən əvvəl top fərqində 11 top geridəydi. Və 12-1 uddular Maltanı. Amma Malta nədir ki? Məhlə komandasıdır Malta.

-Həm də gör ee, □□□ bir top boşlayıb qapısından, amma yenə də istədikləri qədər vurublar.

-Hə. Malta məhlə komandasıdır.

Bu söhbət neçə ildir yaddaşımda ilişib qalib. Rombların və kvadratların yerinə yazılası takımların adlarını unutmuşam.

Sovet hakimiyyəti dövründə Ukrayna futbol komandası.
Sovet hakimiyyəti dövründə Ukrayna futbol komandası.

Rəhmətlik dayımla aramızdakı bu söhbətin doğrudan da baş verməsinə mən hər zaman inanmaq istəmişəm. Həm də ayrı şeylər də yadımdadır. Danışdığımız otaq, otaqda soba yanması … başqa nə? … söhbətlər …

- Bax onun adını düz de görüm deyə bilərsənmi?

- Elikyar.

- Yox.

- Elkiyar.

- Yox

-Bəs nə?

- Elkyaer! Onun adı Elkyaerdir, dünyanın ən güclü futbolçusudur bu dəqiqə.

Dünya çempionatları mənə dünyanın pozuq düzəninə bir düzəliş kimi də görünür. Məsələn, 2002-ci il çempionatının ilk görüşünü xatırlayın. Çempion Fransa neçə il müstəmləkəsi olmuş Seneqala 1-0 yenilir. Dörd il öz günlərini lovğalanmaqla, eyş-işrətlə keçirən Fransa millisi çempionatda bir qol da vurmadan evə dönür. Əvəzində Türkiyə və Koreya ən güclü dörd takım sırasına çıxır. Yaxud, son dörd çempionatda afrikalıların möhtəşəm qələbələrini xatırlayın; bir-birinin ardınca Kamerun, sonra Nigeriya, sonra Seneqal, sonra Qana dünyanı heyrətə salır. 2006-ci il çempionatının həlledici Qana-ABŞ görüşü. Bir tərəfdə dünyanın ən varlı ölkəsi. O biri tərəfdə əhalisinin əksəriyyəti elektriksiz qalıb bu görüşməni seyr etməkdən məhrum olan kasıb bir məmləkət.

1982-ci ilin çempionatı haqdasa mən artıq çox şeyi xatırlayıram. Televizorumuz işləmədəyindən dostum Çontalangildə baxırdım. Bəzən gecə saat birdə-ikidə gəlirdim evə, bəzən qardaşımı da özümlə götürürdüm.

-Tərgül, Güləbəstə! Bu uşaqlara yağ dürməyi gətirin!

Otaqda çox vaxt Mirzə, mənlə qardaşım və Çontalan olurduq. Aramızda iyirmi illik yaş fərqi, amma hamımız furbolu sevirik.

- Niyə yemirsiz çörəyinizi?

Mirzə həm də ruscadan tərcümə eləyirdi, biz rusca danışığı başa düşmürdük. SSRI-Yeni Zellandiya görüşü yadıma gəlir, 4-0. Mən heç google filan aramadan da deyə bilərəm ki, bu o zamana görə SSRİ üçün rekord göstəricidir. (Meksika çempionatında Macarıstanı 6-0 yenib təzəlidilər rekordu.)

Yaddaşımıza toplanmış şeyləri biz nəyləsə assosiasiya edərək qoruyub saxlaya bilirik çox zaman, məsələn, ədədlərlə. Təqvimi də elə tarixi unutmamaqçün kəşf ediblər.

- Çörəyinizi yemədiniz? Nə var o dürməyin arasında?

-…

- Tərgül! Sənə şor dürməyi dedim, yoxsa yağ dürməyi?

- Nənəm qoymur ee yağa əl vuraq.

- Aaz, dedim ki, yağ dürməyi gətir uşaqlara!

Mirzəylə sonuncu dəfə 1986-cı ildə, Meksikadakı çempionatın qızğın bir çağında görüşdük, Bakıda. Dedi, çempion Danimarka olacaq, mən də sevincək razılaşdım. O vaxt Danimarka çox güclüydü, qrup oyunlarında hər üç takımı yenmişdilər. Elkyaer hələ oynayırdı. Amma gözlənilmədən səkkizdə bir finalda 5-1 uduzdular. Maraqlıdır, bu da bir rekordmu? Internetdə arayıram. Bəli, rekordmuş. Danimarka dünya çempionatlarında heç vaxt belə böyük hesabla yenilməyib.

Almaniyanın San Marino üzərindəki qələbəsindən hələ üç-dörd gün əvvəl mən İngiltərəylə Andorranın oyununa baxırdım. İngilislər ilk on beş dəqiqiədə iki qol vurdular, mən də hesabladım ki, bu gedişlə yazıq Andorranın qapısına 12 qol vuracaqlar. Həmin andaca özümdən soruşmuşdum: 12-0 hansısa bir rekord filan olmaya? 12-1 hesabını xatırlamışdım, dayım Firdovsiylə söhbətimizi xatırlamışdım. Və yalnız indi mənə aydın olur ki, Almaniyanın rekordundan bəhs edən o xəbərləri oxumaq istəməməyimin tək səbəbi qorxu imiş. İstəmirdim öyrənəm ki, futbol tarixində heç bir ölkə Maltanı 12-1 yenməyib.

Çünki bu sohbətin doğrudan da baş verməsinə məndə heç vaxt əminlik olmayıb. "Yanlış yaddaş" deyilən bir anlayış var psixologiyada, məsələn, uşaq xatırlayır ki, atası bıçağı əlinə alıb anasını hədələyir, anası da qorxu içində çığırır. Əslindəsə, ata bıçaqla həyətdəki toyuğun başını kəsirmiş, ana da həyətdəki itə çığırırmış. Eləcə də xoş duyğulu xatirələrimiz qurama ola bilir.

Məqalə belə bir sonluqla bitirdi: "Almaniyanın bu qələbəsinə qədərki rekord nəticə İspaniya-Malta görüşündə qeydə alınmışdı. Həmin görüşdə ispanlar 12-1 hesabı ilə qalib gəlmişdilər".

Demək, olubmuş belə bir şey! Kvadratların yerinə adı yazılası takım da İspaniyaymış!

Boris Pasternak vaxtilə yazıb: "Biz ürəyimizdə yaşatdığımız xatirələrə sıyrılıb öləcəyik". Bunu bir ədəbiyyat forumunda gördüyümə əsasən yazıram, Pasternakın belə bir söz deyib-deməməsini dəqiqləşdirə bilmədim. Ürəyimizdə yaşatdığımız xatirələr… öz-özümə bir neçə dəfə pıçıldayıram. Ölüm ayağında o xatirələrin həm də həqiqət olduğuna əmin olmamız çoxmu vacibdir?

Bakıdakı ikiotaqlı mənzilimizin geridəki otağındayıq. Soba yanır, mən və dayım futboldan danışırıq. Otaqda başqa heç kim yoxdur. Görəsən o hansı takımmış ki, kimisə 10 qol fərqi ilə yenməsi gərəkirmiş? Bunu da öyrənmək mümkün olsaydı.

Oktyabr 2006, Santa Barbara

Alatoran Jurnalı, 8-ci nömrə. 2006.

XS
SM
MD
LG