Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:51

Evinin əşyasını satanlar çoxalıb- [Fotolar, Video, Səslər]


►“Şalvarı 1 manata alıb 2 manata satırıq”

“Əgər bir adam evindəki adi əşyanı da satışa çıxarırsa, bu, artıq yoxsulluq səviyyəsinə enmənin göstəricisidir”

Sabunçu qəsəbəsindəki bu bazarda satılan hər şey köhnədir. Pal-paltar, ayaqqabı, oyuncaq, qab-qaşıq... İynə- sapdan tutmuş paltara, elektrotexnikaya qədər hər şey geyilib, istifadə olunub.

Bu bazarda təzə olan yalnız yeni satıcılar və yeni alıcılardır.

Bazardakılar deyir, ikinci devalvasiyadan sonra satıcılar da artıb, alıcılar da. Evinin əşyalarını dəyər-dəyməzinə satmaq istəyənlər, təzəsini almağa imkanı olmayib bura üz tutanlar çoxalıb.

Müəllim paltarı burdan alır, təqaüdçü cehizini satır

“Burda nə istəyisən, satırlar. Mən həmişə buradan 2- 3 manata paltar alıram. Neyləyim, baha almağa pulum yoxdur. Elə şeylər var ki, lap təzəyə oxşayır. Baxıram, seçirəm, xoşuma gələni alıram”.

Təxminən 45 yaşlı qadın deyir ki, 250 manat müəllim maaşıyla ancaq bu cür yerlərdən paltar ala bilir.

“Bunlar mənə gəlinliyimdən qalıb. 30 ildi ki, hər dəfə tozunu siləndə anamı xatırlayırdım. Ancaq indi satmağa məcburam”.

50 yaşlı Fəridə Məmmədova qüssəli gözləri ilə qarşısındakı bir cüt güldanı göstərir. Deyir, vaxtilə bu qablar elə də ucuz olmayıb. İndi əlacsızlıqdan cütünü 8 manata satır.

“Metrəsi 1 manat 50 qəpikdir, o yan bu yanını basdıracaqsan, olacaq döşək üzü. Yaxşı, 50 qəpik də aşağı da düşürəm, 1 manata al”. Orta yaşlı rus qadın pozuq Azərbaycan dilində qarşısındakı müştərini yola gətirməyə çalışır. Parçaya baxan alıcı isə astaca “gedim o biri yerlərə də baxım, bəlkə daha ucuzu var” deyib uzaqlaşır.

Satıcı Mariya Medvedeva da bu parçanı gəlinlik sandığından çıxardığını deyir.

Bazarda ən çox satılan pal-paltardır. Satıcılar deyir ki, paltarları müxtəlif adamlardan alırlar.Yuyub, ütüləyib satırlar:

““Second Hand” (ikinci əl) mağazalarından almırlar, bura da elə bir yerdir. Sadəcə, bura bazardır. Bəlkə burdakı mallar daha yaxşıdır”. Xanım adlı satıcı asılqana keçirdiyi paltarları bir-bir göstərir:

“Görün, nə yaxşı paltarlardır, tərtəmiz. Özü də çox ucuzdur. Almaq istəyənlər də çoxdur. 2 manat yer pulu, malları saxlamaq üçün yerə 3 manat verirəm. Alver pis deyil, günə 10-15 manat qazanıram”. Xanım paltardan başqa köhnə qablar, işlənmiş oyuncaqlar da satır.

Kasıb alıcılar çoxalır

İki gənc oğlan cins şalvarlar yığılmış piştaxtaya yaxınlaşır. Bir az o tərəf- bu tərəfə boylanırlar. Biri alır, digəri əliboş qayıdır.

Bu piştaxtanın satıcısı Şəhriyar 16 ildir burda çalışır. Deyir, alıcıları həmişə kasıblar olub, indi onlar lap çoxalıb:

“Mən bu bazarda 2000-ci ildən işləyirəm. Bu bazar ancaq kasıb adamlar üçündür. Qiymətlər də çox ucuzdur. Bu şalvarları 1 manata alıb 2 manata, köynəkləri 50 qəpiyə alıb 1 manata satırıq. Bura ucuz olduğundan eşidən gəlir. Rayonlardan müştərilərim də var, məndən alıb aparıb rayonda satırlar”. (ardı aşağıda)

“Şalvarı 1 manata alıb 2 manata satırıq”
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Bu bazarın alış-verişlə bağlı maraqlı hekayələri, bu hekayələri həvəslə danışan satlcıları da var:

“Burda illər əvvəl bir qoca rus nənə vardı. Bir ikona satmışdı, 70 manata. Sonra eşitdik ki, həmin ikonanı alan adam 17 min avroya xaricə satıb”.

25 manata büllur saat, 100 manata köhnə milis forması

80-ci illərdə çoxunun evində tapılan, bir hissəsi yarıbüllur saatı burda 25 manata satırlar. Sovet milisinin üstü medallarla dolu kostyumu, kepkası da müştəri gözləyir. Ancaq, deyəsən, hələ heç kimin bu kostyuma pul verməyə əli gəlmir. Satıcı Məmməd deyir ki, kostyumu ona keçmiş milis işçisi satıbmış:

“Bir neçə ay olar ki, satışa çıxarmışam. Ancaq hələ alan yoxdur. Bir müştəri dedi ki, “medalsız ver, alım”. Dedim, “rəhmətliyin oğlu, bu medallar onun bəzəyidir”, ona görə satmadım”.

Gündəlik 1500 elanın 70-80 faizi “ikinci əl” malları haqdadır

“İkinci əl” mallar təkcə mağazalarda, bazarlarda satılmır. Son vaxtlar bu cür malların elanlarına alqı-satqı qəzetlərində, saytlarda da çox rast gəlmək olur. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov deyir, özəlliklə, ikinci devalvasiyadan sonra saytda işlənmiş malların elanları çoxalıb. İkinci əl geyim elanları hər gün satılan malların yarısını təşkil edir:

“Bu cür elanlar son dövrlər həddindən artıq çoxdur. Əsasən də ölkədə baş verən devalivasiyalardan sonra artıb. Birincidə iki dəfə, ikinci devalivasiyalardan sonra isə 3-4 dəfəyə qədər artım var. Gündəlik elan qəbulu 1000-1500-ə çatır. Bunların da 70-80 faizi “ikinci əl” malları təşkil edir. Adamlar geyim-kecimdən tutmuş elektron avadanlıqlara qədər hər şey satırlar. Yəqin ki, bu da adamların yaşayış səviyyəsinin aşağı düşməsi ilə bağlıdır, son dövrlər insanlar evlərindəki işlənmiş kondisionerləri də satırlar. Soyuducu, televizor satanlar da çoxdur. Alanlar da çoxdur. Bunu da gələn müraciətlərdən bilmək olur. Bizə müraciət gəlir ki, artıq filan mal satılıb. İnsanlar indi qiyməti ucuz olan şeyləri çox alırlar. Hətta dəyəri 1 manat qoyulan məhsullar da görürük. Öz geyimlərini satanlar arasında qadınlar üstünlük təşkil edir. 50-80 manatlıq paltarlarını 5-8 manata satışa qoyurlar”.

Bu dövr hələ 2-3 il çəkəcək

“Güzəran” Sosial Araşdırmalar Mərkləzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli deyir ki, “ikinci əl” məhsullarının satışının artması böhran dövrlərinə xas olan haldır. İqtisadçının sözlərincə, bu dövr hələ 2-3 il çəkəcək:

“İndi əhali vaxtilə əldə etdiklərini - mebeldən tutmuş kiçik əşyalara qədər çox şeyini satır. Bahalı şubalarını, kostyumlarını satanlar da var. Təbii ki, bu məhsullar təkrar bazara çıxanda xeyli ucuz satılır. İndi bazara bu cür məhsullar çox çıxarılır. Bu tendensya yaxın 2-3 ildə davam edəcək. Əgər bir adam evindəki adi əşyanı da satışa çıxarırsa, bu, artıq yoxsulluq səviyyəsinə enmənin göstəricisidir. Adamın dolanışıq imkanı, başqa bir gəlir mənbəyi olmadığından ev əşyasını satmağa məcbur olur. Əslində bu, yoxsulluqdan da aşağı səviyyənin göstəricisidir”.

“Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib”

Ölkə rəsmiləri Azərbaycanda yoxsulluğun səviyyəsinin son illər xeyli düşdüyünü bildirir. Prezident İlham Əliyev bu il İstanbuldakı Dünya Humanitar Sammitindəki çıxışında deyib ki, son 12 ildə yoxsulluğun səviyyəsi 50 fazidən 5 faizə enib. Müstəqil iqtisadçılar isə bu göstəricinin həqiqətdən uzaq olması qənaətindədir.

Sabunçudakı “ikinci əl” bazarının satıcısı Fərman Tağızadənin sözlərinə görə, bu bazar satıcılar üçün də, alıcılar üçün də son güman yeridir:

“Deməzdim, dolanışığımız burdan çıxır. Dolanışığı çıxarmaq asan deyil. Ancaq elə adamlar görürsən ki... Onun satdığı 40-50 qəpiklik köynəyi alıb satırıq. Bura artıq son yerdir”.

XS
SM
MD
LG