Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:25

Əhmədlidə ağacları elə kəsirlər, izi qalmır...


►Bir şirkət ərazidə hündürmərtəbəli yaşayış binası tikəcək

“Ekologiya Nazirliyinin işçiləri 77 ağacı sayıb protokolla şirkətə təhvil verib və xəbərdarlıq edib ki, bu ağaclar kəsilə bilməz. Sragagün gecəylə parka ağır texnikalar salıb ağacların təqribən 65-ini kəsdilər”.

Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 41-də yaşayan Mahir Səttarov deyir, iki gündür ki, ərazinin sakinləri evə yığışmır. Binalardan küçələrə çıxıb iyulun 12-dən 13-nə keçən gecə ərazidəki ağacların kəsilməsinə etiraz edir. Məhv edilən elə binaların qarşısındakı yaşıllıq zolağıdır.

Sakinin deməsinə görə, “Ressan” şirkətinin işçiləri binalarda yaşayanlara burada müharibədə həlak olanların ailələrinə və müharibə iştirakçılarına bina tikəcəklərini deyib:

“Ancaq araşdırdıq ki, şirkət ərazini pul qazanmaq üçün şumlayır. Tikəcəyi binada isə mənzillərin kvadratı 1000-1500 manatdan indidən satışa çıxarılıb”.

İZİ İTİRMƏYƏ ÇALIŞIBLAR

Şirkət əvvəl ərazini hasarlayıb, sonra ağaclar kəsilib. Sakinlərin sözlərinə görə, ağacları kəsənlər izləri itirməkdən ötrü elə gecəylə kötüklərin üstünü örtüblər. Kəsdikləri ağacların yarısını daşıyıblar, yarısını isə ərazidə qalaq-qalaq yığıblar.

43 saylı binanın sakini Bəsti Şamilovanın deməsinə görə, onların səs-küyündən sonra əraziyə Ekologiya Nazirliyinin və Xətai rayon icra hakimiyyətinin işçiləri gəlib:

“Bu qədər ağac kor-koranə kəslməyib. Əlbəttə ki, arxası olmayan bunu edə bilməzdi. 77 ağacdan 65-i kəsilib, Ekologiya Nazirliyinin işçiləri gəlib yalandan parkı o baş – bu baş gəzib dolaşıb, qurdalanıb gedirlər. Bu yaxınlarda Günəşlidə də ağaclar kəsilmişdi, Ekologiya Nazirliyinin işçiləri əraziyə gəlib artistlik edirdilər. Bizə deyirdilər, “kəsilmiş ağacların izləri qalmadığından faktı sübut edə bilmirik”. Bu, Ekologiya Nazirlriyinin işçilərinin köhnə oyunudur. Harda ağac kəsilirsə, hamıdan əvvəl onlara xəbər verilsə də, hamıdan axırda gəlib çıxırlar. Sonra da deyirlər, “necə sübut edə bilərsiz ki, burda ağac olub?”

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

ORTADA MƏHKƏMƏ QƏRARI VAR

Xətai rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Məhəmməd Hadi küçəsi, 41 saylı binanın qarşısındakı 25 sot torpaq sahəsi hələ iki il əvvəl bir şirkətə sahibkarlıq fəaliyyətinə ayrılıb:

“Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2014-cü il sentyabrın 19-da 25 sot torpaq sahəsi “Ressan” MMC-yə ayrılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi 2014-cü il oktyabrın 30-da rəy və təkliflərini bildirib. Nəsimi rayon Məhkəməsinin 2015-ci il 7 may tarixli qərarına əsasən, Bakı şəhər icra hakimiyyəti həmin ərazinin təhlükəsizlik hasarının çəkilməsinə, ərazinin təmizlənərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə mane olan hərəkətlərin qadağan edilməsi barədə göstəriş verib. Bunları nəzərə alaraq “Ressan” MMC ərazidə təmizlik işləri aparıb və ərazi hasarlanıb."

Ekologiya və Təbii Sərvətlər Nazirliyindənsə, hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Sakinlər binanın qarşısındakı yaşıllıq zolağını məhv edənlərin və buna şərait yaradanların cəzalandırılmasını tələb edirlər.

XS
SM
MD
LG