Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:03

Neftdənkənar məhsullar: Həvəs və qəfəs qısqacında geriləmə


Yük maşınları
Yük maşınları

Hökumətin devalvasiya dəlili (bir çox mütəxəssisin fikrincə, bəhanəsi) sayılan qeyri-neft məhsullarının ixracatı azalıb. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda neftdənkənar məhsul ixracatı ötən ilin eyni dövrünə nisbətən 32.2 faiz azalıb və 457.8 milyon dollar olub. Neft ucuzlaşandan bəri neftdənkənar sektora bəslənən ümidlər, hələ ki, özünü doğrultmayıb. Hökumətin bu il qəbul etdiyi həvəsləndirici qərarlar da, hələlik, öz bəhrəsini verməyib.

PREZİDENTİN FƏRMAN VƏ SƏRƏNCAMLARI FAYDA VERMƏYİB?

Azərbaycan prezidenti il başlarkən - yanvarın 18-də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı. Sərəncamda ixracata dəstək mexanizmlərinin, güzəştli kredit imkanlarının yaradılması, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi və s. barədə tapşırıqlar əksini tapmışdı.

Martın 1-də verilən fərmanda isə, 2016-2020-ci illərdə Azərbaycanda qeyri-neft məhsullarının ixracatı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilməsi nəzərdə tutulmuşdu.

İxracat təşviqinin baza məbləği faktik ixrac olunmuş malın gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizidir. Başqa deyimlə, hər 100 dollara 3 dollar.

Buna da bax: Kimsə düz demir: ya prezident, ya Statistika Komitəsi

ÇEŞİD ÇOXALDI, AMMA...

Bu günlərdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova demişdi ki, bu ildən Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28 faiz artıb. Nazir müaviniqeyri-neft sektorunda istehsal edilən məhsulların ixracatında artımın da nəzərdə tutulduğunu söyləmişdi. S.Həsənovanın sözlərinə inanılsa, demək, çeşidlənmə ixracatın genişlənməsinə təsir göstərməyib.

Buna da bax: 'Gömrük Komitəsinin ləğvi tezləşdirilməlidir'

AZALMANIN SƏBƏBLƏRİ

İqtisadçı ekspert Rəşad Həsənov qeyri-neft məhsulları ixracatının bir neçə səbəbdən azaldığını düşünür: «İlk növbədə qeyd edək ki, devalvasiya Azərbaycan məhsullarının ixrac həcminin ABŞ dolları ilə ifadədə daha az olmasına gətirib çıxarıb. Çünki əslində, yerli istehsal qiymətlərindəki artım devalvasiya həddinə adekvat deyil və daha az olub. İkincisi, Azərbaycanın qeyri-neft məhsulları daha çox MDB ölkələrinə, özəlliklə Rusiyaya göndərilir. Hazırda bu ölkələrin əksəriyyətində, o cümlədən Rusiyada tənəzzül gözə dəyir ki, bu, təbii olaraq, alıcılığa mənfi təsir göstərir. Yəni bu ölkələrin bazarlarında Azərbaycan mənşəli məhsullara tələbat əvvəlki səviyyədə deyil».

«YERLİ İSTEHSAL GƏTİRİLƏN XAMMALDAN ASILI OLDUĞUNDAN...»

Ekspert Azərbaycanın özündə də yerli istehsalın çöküş dönəmi yaşamasına diqqət çəkir: «Axı istehsal böyük həcmdə idxal xammaldan asılıdır ki, bu da xərcləri kəskin artırıb. Nəticədə, bu məhsullar xarici bazarlarda rəqabətə davam gətirə bilmir. Bir çox ixrac müəssisəsi, demək olar, fəaliyyətini dayandırmağa məcbur qalıb. Yumşaq məzənnə siyasəti əksər hallarda ixracatı stimullaşdıran amil sayılsa da, Azərbaycanda yerli istehsal xaricdən gətirilən xammal üzərində qurulduğundan, bu amilin prosesə təsir imkanı yetərincə məhduddur. Məhz bu səbəblərdən qeyri-neft məhsulları ixracatında azalmalar müşahidə edilir».

XS
SM
MD
LG