Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:40

Bülbüləlilər suyu Əmircandan daşıyır


Foto arxiv
Foto arxiv

«Ələsgərov küçəsinin sakinləriyik. Keçən ilin yayınadək su sarıdan bu qədər əziyyət çəkməmişdik. Elə bil yaxşılığa doğru irəliləməkdənsə, hər şey çətinliyə aparır».

Bülbülə qəsəbəsinin Ələsgərov küçəsində yaşayan Nazlı Əmiraslanovanın AzadlıqRadiosunun «Qaynar xətt»inə gileyi məhəllədəki susuzluqdandır. Bülbülənin bir çox küçələri illərdir ki, eyni problemdən əziyyət çəkir. Ələsgərov küçəsində isə bu problem 1 ildir baş qaldırıb:

ƏMİRCANA SU DALINCA

«Bakıətrafı kənd və qəsəbələrin su, kanalizasiya problemlərinin həlli ilə bağlı proqramın sanki bizə aidiyyəti yoxdur. Su idarəsinə, icra hakimiyyətinə gedirik, deyirlər, «az qalıb, düzələcək». Su qablarını yığırıq, gedib Əmircandan su daşıyıb gətiririk. Axır vaxtlar heç orda da su tapmırıq».

Buna da bax-Sayğac tenderində şübhəli rəqəmlər

Eyni problem Bülbülənin Ramiz Əliyev küçəsində də yaşanır. Məhəllələrə su fasilələrlə verilir ki, bu da sakinlərin narazılığına səbəb olub. Məhəllə sakini Davud Məmmədov: «Su vardı, iki aydır qəhətə çıxıb. İyundan bu tərəfə su üzünə həsrətik. Gedib su idarəsinə şikayət elədik, arada su maşını göndərdilər, o da evlərin az hissəsinə çatdı».

«BAŞLAYIRLAR NAĞIL DANIŞMAĞA»

Sakinlərin deməsinə görə, 1 ay əvvəl yolu bağlamaq istəyiblər. Suraxanı rayon İcra Hakimiyyəti onları sakitləşdirib və tezliklə su probleminin həll olunacağını vəd edib.

2-ci Bülbülə küçəsində də su problemi yaşanır. Daha doğrusu, burada həm sudan, həm kanalizasiyadan, həm də yoldan şikayət var. Küçənin sakini Anaxanım Məcidovanın deməsinə görə, köhnə məhəllənin köhnə problemləri illərdir ki, həll olunmur: «Yolumuz bərbad vəziyyətdədir. 2006-cı ildən icra hakimiyyətinə gedib gəlirik. Hər dəfə də salırlar bir otağa, başlayırlar nağıl danışmağa: yol layihəsi belə gəldi, su layihəsi belə getdi… Biz də gəlib oturub gözləyirik. İllərdir ki, belə keçir. Qışda nəvələrimin ayağına sellofan bağlayıb məktəbə yola salıram, yayda da toz-tozanaq… Kanalizasiya xətti çəkilmir. Çirkab sular ortalığa axıdılır, xəstəlik baş alıb gedir».

Buna da bax-'Azərsu' dövlət pullarını kimə və necə xərcləyir? [Video]

GÜNAHI SAKİNLƏRDƏ AXTARMAQ?

Suraxanı rayon İcra Hakimiyyəti sakinləri səbirli olmağa dəvət edir. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, hazırda Bülbülənin bir hissəsində işlər görülür. Tezliklə kənddə su, kanalizasiya, yol problemi qalmayacaq: «Məhəllədaxili yolların abadlaşdırılması ilə bələdiyyə məşğul olur. Ancaq əvvəl gərək su, kanalizasiya xətləri çəkilsin ki, sonra yollar asfaltlansın. Bu işlərə də başlanıb».

Suraxanı rayon Su İdarəsindən isə bildirilib ki, əksər hallarda evlərin susuz qalmasının səbəbini elə sakinlərdə axtarmaq lazımdır. İdarənin iddiasına görə, məhəllələrin girişində yaşayan sakinlər su nasosları ilə xətlərdəki suyu çəkdiyindən, sonrakı evlərə su gedib çatmır. «Azərsu» ASC məhəllələrin çoxunda yeni şəbəkələr qurub və belə məhəllələrdə su problemi yoxdur.

XS
SM
MD
LG