Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

'The Economist': 'Artıq kürü də adama toxuna bilər'


Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura
Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura

«Kürü diplomatiyasına arxalanaraq». «The Economist» dərgisinin «1843» adlı xüsusi əlavəsi Matthew Valencia-nın belə bir başlıqlı məqaləsini dərc edib. «Avtokratik rejim ölkədə insan haqlarının durumundan diqqəti necə yayındırır və hökumətə necə basqı göstərir? Azərbaycan bunu bahalı layihələr və yüksəksəviyyəli lobbiçiliklə edir», - yazıda oxuyuruq.

«TƏBLİĞAT ALƏTİ»

Müəllif iyunun 18-19-da keçirilmiş «Formula 12 yarışlarından söz açır. Hökumət bu tədbirin turizmin inkişafı planının bir hissəsi olduğunu desə də, tənqidçilər fərqli düşünürlər. Onların fikrincə, «Grands Prix» ən yaxşı halda şöhrət, ən pis halda isə «idmanla yumaqdır», yəni ölkə içində təbliğat, xaricdə isə rejimin nüfuzunu təmizə çıxartmaqdan ötrü istifadə olunur. Yazıda İlham Əliyevin prezident postuna saxtalaşdırılmış seçki yoluyla gəldiyi, daha sonra prezident seçilməyə məhdudiyyəti referendumla qaldırdığı vurğulanır. «Hazırda ölkədə 30-100 arası siyasi məhbus var… Facebook-da «yanlış» status yazdığına, hətta onu bəyəndiyinə görə həbs oluna bilərsən. Avropa İnsan Haqları Məhkəməsi bir neçə dəfə rejimə qarşı hökm çıxarıb, amma hər dəfə də gözardı olunub», - müəllif vurğulayır.

«Hazırda İnsan Haqları uğrunda» İdman kampaniyasında çalışan Rebecca Vincent deyir ki, «Formula 1» və onun sponsorları təbliğat aləti kimi istifadə olunmalarına icazə verdiklərinə görə utanmalıdırlar. Amma F1 rəhbəri Bernie Ecclestone hələ yarışmadan öncə tənqidləri rədd etmiş, bu ölkədə hamının xoşbəxt göründüyünü bildirmişdi.

Buna da bax-Trump-Anar sövdələşməsi ABŞ-a necə bir təhlükə yarada bilər?

Daha sonra məqalədə «Eurovision 2012», 1-ci Avropa Oyunları kimi beynəlxalq tədbirlərin keçirildiyi də yada salınır və Azərbaycanın Avropa ailəsinin bir üzvü olmağa can atdığı vurğulanır.

MÜTTƏFİQLİK VƏ İNSAN HAQLARI

«Azərbaycan Avropa ictimaiyyətinin təkcə fəxri üzvlüyunü qazanmağa çalışmır, təlatümlü bir regionda müasir, sabit, dünyəvi, müsəlman ölkəsi, enerji və təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi görünməyə can atır, Avropaya neft və qaz resurslarını şaxələndirməyə kömək edir. Qərb hökumətləri ona Xəzər regionunda əsas müttəfiq kimi baxırlar və bu da çox vaxt insan haqları sarıdan narahatlığı kölgələyir. Nəhəng Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan enerji asılılığını azaltmaq strategiyasının əsas hissəsinə çevrilib, - GPW siyasi-risk konsultasiya şirkətindən Livia Paggi deyir».

Müəllif ölkədəki rejimin Qərbdə lobbiçiliklə məşğul olduğunu, bu məqsədlə konsultasiya və PR şirkətlərindən yararlandığını, siyasətçilərin Bakıdakı konfranslarda iştirakına pul xərclədiyini, onları bahalı hədiyyələrə «boğduğunu» yazır. Elə bütün bunlar da «kürü diplomatiyası» adını alıb.

Tale Heydərov
Tale Heydərov

İANƏLƏR, YOXSA HÖKUMƏTİN PULU?

Məsələn, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) mədəniyyət tədbirləri təşkil edir, avropalı deputatların səfərlərinə lobbiçilik edir. Londonda bu quruma veteran lobbiçi Lionel Zetter və Azərbaycanın fövqəladə hallar nazirinin oğlu Tale Heydərov sədrlik edir.

«TEAS bildirir ki, maliyyəsi birbaşa üzvlük haqlarından və ianələrdən gəlir. Amma bu pulun bir hissəsinin hökumətdən, yaxud Bakıdakı elitadan gəlməsinə dair şübhələr var. Bu məsələ ona görə vacibdir ki, TEAS Britaniya parlamentində Azərbaycan üzrə qrupun katibliyi kimi çıxış edir. Qurumun sədri, mühafizəkarlardan deputat Bob Blackman Bakıya tez-tez səfər edir. TEAS-la əlaqələri olan başqa bir deputat isə Liam Fox-dur. O bu yaxınlara beynəlxalq ticarət naziri təyin olunub».

Buna da bax-Azərbaycan hakimiyyətinin neft bulağından içən britaniyalı nazir

Müəllif Avropa Şurasının Azərbaycanla bağlı mövqeyinin haçalandığını bildirir. Məsələn, qurum QHT-lərlə bağlı Bakıyla dialoqdan çıxdı, baş katib Thorbjorn Jagland xüsusi araşdırma göstərişi verdi, indiyədək heç bir ölkəyə qarşı belə addım atılmayıb. «Amma AŞ-ın bəzi üzvləri bu narahatlıqların onların strateji prioritetlərinə təsir göstərməsində elə də maraqlı deyillər», - bunu bir mənbə deyir.

KEÇMİŞ SƏFİR NAĞD ÖDƏNİŞLƏRDƏN DANIŞIR

Azərbaycanın keçmiş səfiri, indi isə dissidentə çevrilmiş Arif Məmmədov deyir ki, onun keçmiş işəgötürənləri onları dəstəkləyəcək AŞPA üzvlərini yaxşı tanıyıblar. Bunlar əsasən təqaüd yaşına çatanlar olur, onları hədiyyələr, beşulduzlu oteldə qalmaqla səyahətlərlə yoldan çıxarmaq asandır. Məmmədov nağd ödənişlərdən də xəbərdar olduğunu söyləyir. Deyir ki, Avropa Parlamenti Bakıda insan haqlarının durumunu pisləyən qətnamələr qəbul edib, amma Avropa Komissiyası indiyədək belə yumşaq mövqe tutmayıb. Axı Avropa Birliyi və Azərbaycan yeni bir strateji tərəfdaşlıq razılaşmasına yaxınlaşırlar.

Məqalədə qeyd olunur ki, Amerikada azərbaycanlılar kürü diplomatiyasını səfirlik, SOCAR və Azərbaycan Amerika Alyansı vasitəsilə həyata keçirirlər. Eləcə də «Podesta Group» kimi lobbiçilik qruplarıyla işləyirlər. Bu firma fevralda, prezident Əliyevin nüvə sammitindən öncə Bakıyla ayda 50 min dollarlıq kontrakt imzalayıb: «Deyəsən, bu pul necə lazımdı xərclənib: prezident Əliyev amerikalı həmkarı Barack Obama ilə foto çəkdirdi, Azərbaycanda böyük investor sayılan GE şirkətinin rəhbərliyi ilə görüşdü, eləcə «Export-Import» Bankının direktoruyla görüşü keçirildi. Amerikanın Bakıdakı səfiri də konkret insan haqları pozuntularını dilə gətirməkdən yayınır, «müsbət yöndə gedən» dəyişiklikləri alqışlayır. «Amerikanı beləmi ucuz satın almaq olar?», - AzadlıqRadiosunun bu yaxınlarda həbsdən buraxılmış əməkdaşı Xədicə İsmayılova sual edir».

İlham Əliyev
İlham Əliyev

İLHAM ƏLİYEV «TIME»IN SİYAHISINA NECƏ DÜŞDÜ

Müəllif yazır ki, «Podesta Group»un Azərbaycan Demokratiya Aktının Konqresdə əngəllənməsində də rolu olduğu bildirilir. Həmin layihə insan haqları pozuntularına görə Azərbaycana sanksiya qoymağı nəzərdə tuturdu.

Hökumət Britaniyanın PR şirkətlərinə də bir ətək pul xərcləyib. Məsələn, «Bell Pottinger» şirkəti müştərilərinin «Wikipedia» məlumatlarını yenidən yazır. Bəziləri hətta İlham Əliyevin 2012-ci ildə «Time» jurnalının ilin 100 adamı siyahısına düşməsində də bu şirkətin əli olduğunu güman edirlər. Amma birinci ailəyə ən yaxın şirkət «Freud Communications»dir. Bu şirkət prezidentin qızı Leyla Əliyeva ilə «Baku» jurnalı üzərində işləyir.

«Ölkənin idman naziri Azad Rəhimov gələn il «Formula 1» yarışlarının daha da böyüyəcəyini bildirir. Amma ola bilsin, Azərbaycan belə dəbdəbəli tədbirləri artırdıqca, digər ölkələrin burada insan haqları pozuntularına göz yumması da çətinləşsin. Bu yaxınlarda həbsdən çıxmış hüquqşünas İntiqam Əliyev deyir ki, F1 yarışmasının rejimin tənqidçilərinin də profilini gücləndirdiyi şübhəsizdir. «Ecclestone-a adımdan təşəkkür edin», - o, istehzayla gülür. Axı nə qədər qarınqulu adam olursa- olsun, həddən artıq kürü də adama toxuna bilər», -müəllif vurğulayır.

XS
SM
MD
LG