Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

İçim axıb çölə dolmağa yer axtarır, sənin də için yoxdur ki…


Heykəl. Henry Moore. 1951
Heykəl. Henry Moore. 1951

-

Azər Əhmədov

ŞEİRLƏR

Dörd yenot

açıq pəncərənin

qarşısından keçib

heç nəyi vecinə almayan

məhlə uşaqları kimi

zəif işıqlanmış səkiylə

qaranlığın

içinə tərəf gedir

.

gözdən itsələr

avqust bitir

deyib köks ötürəcəkdim

amma onlar

bayaqdan orda

işıqla qaranlığın

sərhəddində durublar

eşələnirlər

.

və mən

düşünürəm ki

bu gecənin istisini

bütünlüklə canıma hopdurub

hələ aylarla yaşada bilərəm

----------------------------------------

1993

Sən idin

bir də

Basdar

Alabaş

Layka

Əlləş

Pələş

Çəmbər

Bozdar

Qarabaş

və başqa

daha kim vardı

Zəngi

Buna da bax: "Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)"

ƏLAQ Ə

arvadım

nədir, indi boşanaqmı deyirsən

soruşur

və yadıma sən düşürsən

qonşumuzun evinin dalındakı

həyətin küncündə

dağdağanların

arxasında gizlənən

bəlkə məndən başqa

heç kimin toxunmadığı

yerə sürtülə-sürtülə

ağır-ağır açılan

taxta qapı

--------------------------------

4D

Biz

üz-üzə dayana bilmədiyimizdən

göz-gözə dayanmışıq

səni qucaqlamaq mümkün deyil

heç olmasa

əlimi atıb saçlarını oxşaya bilsəydim

gəl sən əllərini birləşdir

mən ayaqlarımın birini

sənin qollarının

arasından keçirib

o biri ayağıma dolayım

sonra da

mən əllərimi birləşdirim

sən ayaqlarını mənim qollarımın

arasından gətirib əllərinə çatdır

ilişib bir-birimizə fırlanaq

görək nə qədər

uzağa gedə bilərik bir-birimizdən

amma qollarımızın arası yoxmuş

bəs biz necə bağlanaq

.

görürsən

içimdəki hissləri səndən gizləyə bilmirəm

içim axıb çölə

dolmağa yer axtarır

sənin də için yoxdur ki…

belə olur bax

hisslərimizin ölçüsü

öz ölçümüzdən

böyük olanda

-------------------------------------------

HƏREYLAN

Önündəki təpələrə Şəngərək deyirdilər

biz orda quzu otarırdıq, qaz otarırdıq

qızların evciyinə qonaq gedirdik

şən keçirdik

.

sonra bildik

adı Səngərək imiş

torpaqlanıb üstünü ot bassa da

nişanələri hələ də qalan

o qazıqlar səngərlərmiş

orda Osmanlı əsgərləri

düşmənlə vuruşub

“vuruşmağa dəyər şeylər üçün”

.

güney, quzey, gündoğan, günbatan

sözlərini səndən öyrəndik

nobat quzeydənmi gələcək, güneydənmi

axşamlarımızın əsas sualıydı

amma güneyi quzey

quzeyi də güney bilirmişik

.

sonra öyrəndik

quzey deyilən əslində

güneydəki təpələrin quzeyiymiş

güney sandığımız da

quzeydəki təpələrin güneyi

.

payızında

hardansa uzaqlardan

ağ pambığa bənzər

metrlərlə uzun

“maral tüpürcəkləri”

uçub gəlirdi

xəyalımızda

gözəl-gözəl marallar canlandıraraq

yüyürüb tutmaq istəyirdik tüpürcəklərini

bəzən çatmırdıq

bəzən də əlimiz yetmirdi

.

şeylərin adını

yanlış öyrədib sevdirdin bizə

doğrunun acılar

çəkdirəcəyini bilirdin

.

bizə

xəyalla gerçəyin

yoxluqla varlığın

Güneylə Quzeyin

arasında qalıb

yaşamağı öyrətdin

.

sonra

ağ dumanlarına bürünüb

itdin

Buna da bax: "Amerikadan Azərbaycan şeirləri"

“Lassi ölən gün”

şeirini oxuyuram qızıma

bitirər-bitirməz

gözəl şeirdir

deyirəm

.

başıyla təsdiqləyir

.

Bu axşam oxuduğum dördüncü şeirdir

o birilərini

hətta izahat versəm də

sevməmişdi

amma bu şeiri yaxşı anladığı

baxışından bəllidir

.

gözəlliyi eyni vaxtda duyan iki adamın

bir-birinə baxmasının ləzzətini yaşayıram

.

Gecdir

qızım durub yatmağa gedir

arxasından

inəyi ölən gün yazıb bu şeiri -

pıçıldayıram astadan

hansı inəyi, ay ata, itdir ee ölən

necə hansı inəyi, şeirin sonunda görmürsənmi

inək ağır-ağır nəfəs alır

ay ata, Lassi it adıdır, inək nədir?

qızım ürəkdən gülür

.

İtdirmi ölən, öz itimi yoxsa dükanda gördüyü it?

Dükandakı it əlbəttə

öz iti ölsəydi

çox qəmli şeir olardı ki bu

Bəs qəmli deyil?

Yoxxx deyil, mənim yuxum gəlir,

gecən xeyrə qalsın

.

Şeiri bir də oxuyuram

tələsik də araşdırma edirəm google’da

Lassi dogrudan it adıymış ki

demək inək variantı aradan qalxdı

təzədən oxuyuram şeiri

görüm ölən hansı itdir

anlaya bilmirəm

qızım da artıq yataqdadır

utanıram təkrar soruşmağa

.

Belə çıxır heç nə anlamamışam şeirdən

bəs necə olub bu qədər xoşuma gəlib?

.

Kitab əlimdə

gedib mən də yatağa uzanıram

sabah dərsim olmadığını xatırlayıb

rahat-rahat nəfəs alıram

.

ümumiyyətlə, inəkdirmi ölən, itmi

bunların məsələyə nə dəxli var ki

şeiri mənə sevdirən

adamın səhər saat 5:40-da

bir kasa südlü yulaf əzməsi yeyib

uzaqdakı dükana

şey-şüy almağa getməsi

oldu

.

həm də bax

müəllif birinci sətirdəcə deyir saatın 5:40 olduğunu

bir də beşinci sətirdə soruşur ki

saatın da 5:40 olduğunu dedimmi sizə

.

çox gözəldir bu vallah

.

mən özüm də

bir vaxtlar lap tezdən

qış vaxtı hələ qaranlıqkən

evdən çıxıb

çörək almağa gedirdim

uzun növbələr olurdu

gecə saat 3-də də getsən

səndən əvvəl

xeyli adam görərdin növbədə

hər cürə adam gəlirdi ora

soyuqdan bir-birimizə qısılırdıq

hər şeydən danışırdıq

bir dəfə kişilərdən biri dedi ki

biz artıq aylardır yatmırıq

arvadlar bizi zornan durğuzub bura göndərir

bilin, biz axırda öləcəyik!

yuxusuzluqdan da ölməsək

soyuqdan öləcəyik

çörək də almasaq acından öləcəyik, başqası demişdi

əşşi axırı onsuz da ölümdür, üçüncü kişi demişdi

yuxusuzluq, soyuq, ya aclıq, nə fərqi var

amma gərək elə arvadları göndərək bura

onlar üşüməz bizim kimi

arvadın öz istisi özünə bəsdir

.

mən hər axşam lap tez yatırdım ki

gecəyarısı oyanıb

bir kasa yaxşı yulaf əzməsi yeyib

çörək dalınca gedəcəm

.

şeirdə də

adamın

səhər lap tezdən

dükana şey-şüy almağa

getməsindən daha çox

südlü yulaf əzməsi yeməsi

ləzzət eləmişdi mənə

.

gözəl şeydir yulaf əzməsi

XS
SM
MD
LG