Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:01

'Adamların yerlərini əllərindən alıb zeytunluq salırlar'


Zeytunluq
Zeytunluq

“Dədə-baba torpaqlarımız əvvəl kollektiv torpaqlar olub. Sovet dağıldı, həmin kollektiv torpaqları imkanlılar gəlib tutdu. İndi o torpaqlarda zeytunluq, badamlıq sahələri salınıb. Nədənsə Zirəyə kənardan gəlib torpaq almaq asandır, ancaq yerli əhaliyə çatanda deyirlər, “boş torpaq sahəsi qalmayıb””.

Bunu AzadlıqRadiosu-na Zirə sakini Mehrəli Kazımov deyir.

“TORPAĞI GÖZLƏRİ TUTDUSA, VƏSSALAM”

Mehrəli Kazımovun iddiasına görə, Zirədəki elektrik stansiyasının yaxınlığında hektarlarla dədə-baba torpaqları olub. Ancaq yerli bələdiyyə və icra hakimiyyəti əlbir olaraq həmin torpaqları vəzifəli şəxslərin yaxın qohumlarına satıb. Kənd sakini deyir, əli torpaqdan üzülən tək o deyil:

“Bəyəndikləri yeri bir göz qırpımında ələ keçirirlər. Xüsusilə də son 10 ildə... qarşılarına çıxan torpağı gözləri tutdusa, vəssalam. O torpaq sahibi bir də o zaman xəbər tutur ki, yer əldən gedib. İki daşın arasında sənəd də düzəldirlər, torpağı da əkdirirlər. Halbuki, zirəlilər bu torpaqların sənədləşdirilməsi üçün illərlə uyğun qurumlara rəsmi müraciətlər ediblər. Necə olur ki, zirəli öz torpağını illərlə sənədləşdirə bilmir, ancaq həmin torpağı kənardan gələnin adına dərhal sənədləşdirirlər? Halbuki, sənədləşdirmədə, hərracda üstünlük zirəliyə verilməlidir. Çünki bu torpaqlar bizim dədə-baba torpaqlarımızdır. Mənim dədəm, babam 1800-cü illərdən Zirədə yaşayıb. Gəl ki, nə mənim, nə də ailə üzvlərimin əkib-becərməyə bir qarış torpağı yoxdur”.

Buna da bax:​ “Onlarla hektar torpağı əkməyib boş saxlayanlar var”

“10 HEKTARA YAXIN TORPAĞIM VARIYDI”

Mehrəli Kazımovun sözlərinə görə, Zirə torpaqlarını, əsasən, yüksək vəzifəli məmurlar və yaxınları ələ keçirir. Hektarlarla ərazilərdə zeytunluq və badamlıq sahələri salırlar. Onun dədə-babadan qalan iri torpaq sahəsini də bir məmurun qardaşı ələ keçirib:

“Baxın, bu da sənədlərim... Arxivdən çıxartmışam. Burda 4 hektara yaxın sahə göstərilib. Ancaq hardasa 10 hektara yaxın idi. Bələdiyyəylə icra başçısı hissə-hissə satdı”.

M. Kazımov yerli bələdiyyəyə müraciət edib ki, sahibkarlıqla məşğul olmağa ona da 5 hektar torpaq sahəsi ayrılsın. Ancaq illərdir ki, ona “yox” cavabı verilir.

Sakinin başqa bir iddiasına görə, Zirənin Köhnə Qışlaq bağ massivindəki torpaqlar da özbaşına götürülüb və iri zeytunluq sahələri salınıb. Bundan başqa, ayrı-ayrı sahibkarlar əkin yerlərində daş karxanaları və başqa obyektlər salıblar.

Buna da bax:​ Qobustan: ‘İcra hakimiyyətinə pullarını verib işlərini görürlər...’

“ONA 5 SOT TORPAQ AYRILIB”

Xəzər rayon icra hakimiyyətindən “Qaynar xətt”ə torpaq sahələrinin alqı-satqısı və icarəsi ilə bələdiyyələr məşğul olduğundan məsələyə münasibət bildirilməyib. Sadəcə, bildirilib ki, torpaqların vəzifəli şəxslərə və onların yaxın qohumlarına satılmasında icra hakimiyyətinin adının hallanması həqiqətə uyğun deyil.

Zirə bələdiyyəsindən isə bildirilib ki, Mehrəli Kazımov həqiqətən də torpaq ayrılması üçün müraciət edib. Ancaq bələdiyyənin torpaq fondunda torpaq sahəsi olmadığından ona imtina cavabı verilib: “Ancaq 5 sot torpaq verilib. Burada heç kəsin torpağını zorla əlindən almırlar. Kəndli kiminləsə razılığa gəlib öz sahəsini satır. Sahibkar da qonşu torpaqları ayrı-ayrı adamlardan pulla alıb iri təsərrüfat yaradır”.

Əmlak Məsələləri Dövlət Komitəsi monitorinqlər nəticəsində Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının kobudcasına dəyişdirilməsi faktını aşkarlayıb. Ümumilikdə, 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin daş karxanaları işlətdiyi üzə çıxıb.

XS
SM
MD
LG