Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'


'Mənim etirazım prezidentədir'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

'Mənim etirazım prezidentədir'

Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazmış gənclərdən daha birinin – NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun məhkəməsi başlayıb. Gənc fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Noyabrın 4-də iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Eynulla Vəliyev gənc fəaldan işə baxan hakimlər heyətinə etirazı olub-olmadığını soruşanda, Bayram Məmmədovun cavabı belə olub: «Mənim etirazım bu cür dövlətçilik sisteminə və prezidentədir. Sizin yerinizdə kimin oturmasının mənim üçün heç bir fərqi yoxdur. Onsuz da bura məndən ötrü tamaşa zalıdır – Musiqili Komediya Teatrı. Quruluşçu rejissor da İlham Əliyevdir».

Hakim onun sözünü kəsib və məhkəmə qaydalarına əməl etməyə çağırıb.

«Mən azad insanam, sözümü deyirəm. Belədirsə, verin 12 ili, çıxım gedim», – Bayram Məmmədov deyib.

Hakim də gənc fəala belə cavab verib: «Özün bilərsən, çıxıb getmək istəyirsən, gedərsən...».

«İFADƏ VERMƏYƏ MƏCBUR EDİLİB»

Bayram Məmmədovun vəkili Elçin Sadıqov gənc fəal barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıb. O, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması, bəzi qurumlara sorğu göndərilib iş üçün əhəmiyyətli sübutların alınmasını da istəyib.

«Bayram Məmmədovun əməlində cinayət tərkibi yoxdur. İşin içindəki sənədlər də bunu sübut edir. O, işgəncə altında etirafedici ifadə verməyə məcbur edilib. Onun narkotik satması ittihamı üzrə bu ifadədən başqa heç bir sübut yoxdur. Biz istintaq zamanı narkotikin üzərindən barmaq izlərinin götürülməsi barədə vəsatət qaldırdıq, amma təmin olunmadı. Əgər götürülsəydi, məlum olardı ki, üzərindən və evindən tapıldığı iddia olunan narkotikin Bayrama heç bir aidiyyəti yoxdur. Ona görə də cinayət işinə xitam verilməlidir», – Elçin Sadıqov vəsatətini belə əsaslandırıb.

E.Sadıqov həmçinin vəsatət qaldırıb ki, Bayram həbs edilərkən ona dövlət hesabına təyin olunmuş müdafiəçi Hilal Bağırovun həmin gün vəkil kimi çıxdığı işlərin siyahısının alınması üçün Vəkillər Kollegiyasına sorğu göndərilsin. Vəkilin sözlərinə görə, bu işdə hal şahidi olan şəxslərin bir sıra başqa narkotik işlərində də eyni statusla iştirak etməsi, onların Bakı Şəhər Baş Polis İdarəsinin qeyri-rəsmi əməkdaşları olması barədə dəqiq məlumatları var. E.Sadıqov həmin cinayət işləri barədə informasiya alınmasından ötrü Bakı Ağır Cinayətlər, Sabunçu və Suraxanı rayon məhkəmələrinə də sorğu verilməsini istəyib.

Qiyas İbrahimovun anası: 'Ağlamıram, ağlamayacam da'- [video]

Qiyas İbrahimovun anası: "Ağlamıram, ağlamayacam da"- [video]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

VƏSATƏTLƏR TƏMİN OLUNMAYIB

Dövlət ittihamçısı Ramin Nağdəliyev vəsatətlərin təmin olunmamasını istəyib: «İşgəncələrlə bağlı şikayət üzrə araşdırma aparılıb və sübuta yetmədiyinə görə cinayət işi başlanması rədd edilib».

Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını açıqlayıb. Hakim qərarını əsaslandırarkən bildirib ki, Elçin Sadıqov vəsatətlərin bir neçəsində özünü Bayram Məmmədovun yox, Qiyas İbrahimovun vəkili kimi təqdim edib. Ona görə də həmin vəsatətlər təmin oluna bilməz. Həbs-qətimkan tədbirinin dəyişdirilməsinə gəlincə, Eynulla Vəliyev deyir ki, onun həbsdən buraxılması üçün vəkil vəsatətində heç bir yeni əsas göstərməyib. Həmçinin vəkil sirri ilə bağlı qanunun tələbinə hörmətlə yanaşdıqlarından, Bayram tutulan gün ona dövlət hesabına təyin olunmuş müdafiəçi ilə bağlı da sorğu göndərə bilməzlər.

Hazırlıq iclasının qərarı ilə iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı noyabrın 11-nə təyin olunub.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

XS
SM
MD
LG