Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Yeni atalar sözü: Məhkəməyə düşmək istəsən, deputatdan zəhməthaqqı istə…


Foto arxiv
Foto arxiv

«Bir ildir ki, həm fəhlələrin, həm də mənə tikinti materialı vermiş mağazaların əlində qalmışam. Deputat gördürdüyü işin pulunu vermir ki, mən də adamların haqqını ödəyim, əl çəksinlər. Nə mənə, nə də ailəmə rahatlıq yoxdur».

Zülfüqar Əliyev Ağdam köçkünüdür. Neçə ildir ki, fəhlələrdən ibarət briqada qurub. Fərdi evlərin tikinti və təmiriylə məşğul olur.

«DEPUTAT SEÇİLƏNDƏN SONRA…»

O, AzadlıqRadiosuna danışır ki, 2013-cü ilin mayından 2014-cü ilin mayınadək 20 nəfərlik usta-fəhlə briqadası ilə «Azərsutəchizattikinti» ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görüb. İşlərin 90 faizi yekunlaşanda Mirzəcan Xəlilovdan fəhlələrə ödəniləcək 55 min manat borcla ayrılıblar. Ancaq sonradan ev sahibi pulu verməmək üçün min bir bəhanə gətirib: «Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmədik. Çox gedib-gəldim, pulu tələb etdim. Köməkçisi dedi, bu gün olacaq, sabah olacaq… Mən öz payıma düşəni istəmirəm, heç olmasa, fəhlələrə düşəni versin, tikinti materialı satanlar da qapımdan əl çəkmir».

XÜSUSİ İTTİHAM QAYDASINDA ŞİKAYƏT

Zülfüqar Əliyevin deməsinə görə, nəhayət, deputat məsələni yerli-dibli «çözmək» qərarına gəlib. Pul tələbinə son qoyulması üçün iş icraçısının özünü məhkəməyə verib.

Mirzəcan Xəlilov Abşeron rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətini belə əsaslandırıb ki, Zülfüqar Əliyev işə başladığı ilk vaxtlar aldığı pulları öz borclarına ödəyib. Faktın üstü açılandan sonra isə işləri yarımçıq qoyub. O da həmin işləri başqa briqadaya gördürüb. Sonradan Zülfüqar Əliyev onunla bağlı Milli Məclisin komitələrinə və hüquq mühafizə orqanlarına məktublar göndərməyə başlayıb. Deputat məhkəməyə yazdığı şikayət ərizəsində Zülfüqar Əliyevin onu şantaj etdiyini vurğulayıb: «… İşləri başqa briqada yekunlaşdırdı. Üstündən 2 il keçəndən sonra isə Zülfüqar mənim millət vəkili olduğumu öyrənərək, şantaj yolu ilə pul almaq fikrinə düşüb».

Mirzəcan Xəlilov
Mirzəcan Xəlilov

YENƏ MƏHKƏMƏ?

Mirzəcan Xəlilov məhkəmədən keçmiş iş icraçısı barəsində Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148 (Təhqir) maddələri ilə cinayət işi başlanmasını tələb edib. Məhkəmə isə yetərli əsas görmədiyindən, deputatın xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verib.

İkinci dəfə deputat Ağdam rayon Məhkəməsinə üz tutub. Bu dəfə o, Zülfüqar Əliyev tərəfindən «şərəf və ləyaqətinin alçaldılması»nı əsas gətirərək, 100 min manat təzminat tələbi irəli sürüb. Zülfüqar Əliyevsə deyir, deputatın hər dəfə ondan məhkəməyə şikayət etməkdə məqsədi başqadır:

«İSTƏYİR Kİ… 55 MİN MANATDAN ƏL ÇƏKİM»

«O istəyir ki, mən məhkəmə qapılarına getməkdən yorulum, 55 min manatdan əl çəkim. Mənimsə belə fikrim yoxdur. Ən azı, dediyim kimi, xeyli adamın, mağazanın əlində qalmışam. Hamı pulunu tələb edir. Birinci iddiasını Abşeron rayon Məhkəməsində qaldırıb, ikincini gedib Ağdam məhkəməsində qaldırıb ki, məni incitsin. Hər dəfə bu yolu Ağdama gedib-gəlim. Canım çıxmaz, onu da gedib gələrəm. Ölməyimə bircə gün qalsa da, o pulu ondan alıb adamlara paylayacağam».

Zülfüqar Əliyevin sözlərinə görə, bu ilin oktyabr ayında məsələni kütləvi informasiya vasitələrinə çıxarıb. Bundan sonra deputatın köməkçisi onunla görüşərək məsələnin tezliklə həll olunacağını deyib. Daha sonra Ağdam məhkəməsi görülən işləri dəyərləndirmək üçün ekspertiza təyin edib və villada görülən işlərə baxış keçirilib. Nədənsə, məhkəmə yalnız tikiliyə baxış keçirib, halbuki, Zülfüqar Əliyevin sözlərinə görə, villanın ətrafındakı hasarlanma işlərini də onun briqadası gerçəkləşdirib.

AzadlıqRadiosu deputat Mirzəcan Xəlilovla əlaqə yarada bilməyib.

«YALANDAN HAY-KÜY SALIR»

Daha öncə deputat modern.az saytının ittihamlarla bağlı suallarını cavablandırıb. Bildirib ki, Zülfüqar Əliyev onunhaqqında dediyi ittihamları sübut etməlidir, yoxsa o, cinayət məsuliyyətinə cəlb olunacaq: «… Bizim heç bir usta və fəhləyə borcumuz qalmayıb, hamısını bağlamışıq. Zülfüqarın özü mənə 55 min manat borcludur. Pullarımı yedi qaçdı, işləri də yarımçıq qoydu. Deyir ki, guya evimin 90 faiz işini görüb. Amma o, heç 50 faizini də görməyib. Özü çox gözəl bilir ki, məhkəmənin sonunda onu ağır cəza gözləyir və indidən bu formada yalandan hay-küy salır».

XS
SM
MD
LG