Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:45

Anama dedim getmə! Getdi...


Gürcüstanda yaşayan azərbaycanlı şair Tapdıq Yolçu.
Gürcüstanda yaşayan azərbaycanlı şair Tapdıq Yolçu.

Tapdıq Yolçu

Şeirlər

VƏTƏN

Meydanlarda
bəzək üçün,
Yol-yolaqda
düzək üçün,
Dirəklərə
bərkidilmiş
parça deyil;
Kafalarda,
ürəklərdə
Ucalan Bayraqdı -
Vətən!

.

ANAMA DEDİM...

Anama dedim: -

Getmə!

Getdi...

Anasının,

bir də

Anası ölən gündən

Onu öz körpəsi tək

böyütmüş,

Anası qədər sevdiyi

Bacısının yanına.

Anama dedim: -

Getmə!

Getdi...

Tərk etdi
mən uşağı.

Heç dönüb baxmadı da,

Qaldım harda,

qaldım necə,

qaldım başı aşağı...

.

Anama dedim: -

Getmə!

Getdi...

Anamsız qalmış

O torpağın yanına,

O torpaqda uyuyan

Anaların yanına...

.

Buna da bax: Tapdıq Yolçu: 'Bu gün Gürcüstanda təkcə "SOCAR" brendi ilə təmsil olunuruq'

İÇİMDƏ ƏSƏN KÜLƏK

Nə gün, nə ay tanıyır,

İçimdə əsən külək.

Məndən qabaq oyanır,

Içimdə əsən külək.

Ürəyimi göynədir,

Kürəyimi kükrədir.

Gördüyümdən köhnədir,

Içimdə əsən külək.

Məndən əlmi üzəcək,

Ayrı yermi gəzəcək,

Qəbrimdə də əsəcək,

Içimdə əsən külək?!
.

YAŞAYIM...

Neynim, dincəlmək olmur,
Gərək... gərək yaşayım.
Dözməsə də qaç-qaça,
Ürək... ürək, yaşayım.

Dağlayım dağ dağları,
Xərc edim il-çağları.
Axtarım Haqq haqları,
Zirək... zirək yaşayım.

Yolçunu yol alırmı,
Alıb, yola salırmı?
Ayrı bir yol qalırmı,
Görək... görək, yaşayım...

.

YAŞ

Yaşamaq dedikləri,

Görən, elə buydumu?

Yaş – daraşıb yaşıma,

İllərimi soydumu?

Ömür – Tanrı arşını,

Verdi, qatdı başımı.

Yaş – gözümün yaşını,

Əldən yerə qoydumu?

Yolçu yolundan oldu,

Durdu, qaçdı, yoruldu.

Yaş – güldü, açdı, soldu,

Dövran sürdü, doydumu?

.

Buna da bax: Tapdıq Yolçu. Qızdırmayır məni günəş

.

BU YOLLAR

Yolçu əlindən, görən,

Yorulurmu bu yollar?.

Hər yanda da sağ-sola,

Burulurmu bu yollar?

Qabaq-qarşı gəlirmi,

Yayı-qışı bilirmi,

Çınqıl-daşı gülürmü,

Durulurmu bu yollar?

Yollara yol açırmı,

Xatalardan qaçırmı,

Hər gedənlə uçurmu,

Qurulurmu bu yollar?

Yer güvənmi yanında,

Göy baxırmı damından?

Bir gün Haqq divanında,

Sorulurmu bu yollar?

... Yolçu əlindən, görən,

Yorulurmu bu yollar?.

.

MƏNDƏN OLSA...

Məndən olsa,

Çoxdan, lap çoxdan

Çıxıb gedərdim

bu dünyadan.

Asan bir iş deyil,

Bəsit və

hər şeydən kasad

Bir uzun, lap uzun

Ömür yaşamaq.

Məndən olsa,

Çoxdan, lap çoxdan

ayrılıb gedərdim

bu boz insan axınından.

Gedərdim...

Mələklərin hər addımda

Insanın ağlını

Başdan almayan

Şərab payladığı

Söylənən və sevilən

O bir cənnət məkana!

Məndən olsa,

Gedərdim...

Burda qoyub,

Gedəmmirəm,

həsrət, hicran, dərdini!

Söylə, gülüm,

Bu dünyaya mənim kimi,

Sənə bir qul gəldimi?!

Məndən olsa,

Çoxdan, lap çoxdan

Çıxıb gedərdim.

Di gəl ki, bilmirəm -

Hara gedim,

necə gedim?!

Axı, mən şərab içmək
kef-əyyam çəkmək

üçün yaranmadım ki!

Getsəm,

Gərək orda da mən,

dərd çəkəm, qəm götürəm.

Məndən olsa...

Sorğum didir içimi.

...Sən də orda olsaydın,

Bilərdim öz işimi...

XS
SM
MD
LG