Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

Hökumət manatın gələnilki məzənnəsini açıqlamır


"Manat qara gün üçün". Şerif. Karikatura.
"Manat qara gün üçün". Şerif. Karikatura.

Hökumətin manatla bağlı mövqeyi qeyri-müəyyənliyini qoruyur. Hətta gələn ilin büdcə sənədlərində də milli valyutanın məzənnəsi qeyd edilməyib. Halbuki əvvəlki illərdə dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilən sənədlərdə növbəti il üçün manatın məzənnəsi ilə bağlı proqnoz da əksini tapırdı.

Gələn ilin büdcə sənədlərində Ümumi Daxili Məhsulun (ÜDM-in) digər valyutada proqnozlaşdırılan həcmi ilə bağlı məlumatlar da göstərilməyib.

Əvəzində bu məlumat başqa mənbədən açıqlanıb. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun (DNF-nin) icraçı direktoru Şahmar Mövsümov gələn il Fonddan büdcəyə transfertin 3,5 milyard dollar olacağını bildirib.

Buna da bax:​ Ekspert: 'Qara bazar' bank rəhbərlərinin nəzarətindədir

Gələn ilin büdcə qanununda DNF-dən büdcəyə köçürmələrin məbləği manatla göstərilib (6,1 milyard manat). Bundan çıxış edərək, hesablamaq olar ki, 2017-ci ildə dolların manatla 1,74-dən aşağı düşməyəcək. Söhbət rəsmi məzənnədən gedir.

“Vahimə yaratmamaq üçün...”

Bank məsələləri eksperti Əkrəm Həsənova görə, bu o deməkdir ki, hələlik, hökumətdə məzənnə barədə birmənalı fikir formalaşmayıb: “Böyük ehtimalla, hələ müzakirələr gedir. O da ola bilər ki, artıq yaxında devalvasiya olacaq deyə, vahimə yaratmamaq üçün bu məsələnin üstündən sükutla keçilir”.

Buna da bax:​ Hökumət hərraclarla manatı qoruya biləcəkmi?

“Gələn il dolların 2 manatı ötəcəyi birmənalıdır”

Ekspertin fikrincə, bu ilin sonuna dolların 1,9 manata çatması ehtimalı böyükdür: “Neftin qiyməti düşsə və Federal Ehtiyat Sistemi faiz dərəcəsini artırsa, dollar 2 manatı da vurub keçə bilər. Hər bir halda növbəti ildə dolların 2 manatı ötəcəyi birmənalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də o fikirdədir ki, hökumət məzənnə açıqlayıb vahimə yaratmaq istəmir: “Hökumət proqnozunun valyuta bazarında vahimə yarada biləcəyindən ehtiyat edir. Çünki bütün gözləntilər və gedişat manatın daha da ucuzlaşması yönündədir”.

Buna da bax:​ Reuters: Azərbaycanda qara bazarda 1 dollar 2 manata satılır

“Manat gələn il də dəyərdən düşməkdə davam edəcək”

Natiq Cəfərli də manatın dəyərsizləşməsinin davam edəcəyini düşünür: “Hansı səviyyəyə qədər? Bu, neftin qiymətindən də asılı olacaq”.

Maliyyə bazarları eksperti Cəfər İbrahimli hökumətin bu il üçün müəyyənləşdirdiyi məzənnəni yasa salır (1,55 manat): “Amma bundan yuxarı oldu. İndi dəqiq məzənnə demək çətindir”.

Ekspert bunu da sözlərinə əlavə edir ki, digər ölkələrdən fərqli olaraq, büdcəyə DNF-dən böyük həcmdə vəsait transfert olduğundan, hökumət təxmini orta məzənnəni açıqlamalı idi.

XS
SM
MD
LG