Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:48

'Valyutanı qanunsuz yollarla ölkədən daşıyıblar'


Foto: arxiv
Foto: arxiv

Azərbaycandan kənara valyuta axını səngiyib

Bu il Türkiyədə Azərbaycandan gətirilən sərmayə hesabına qurulan şirkətlərin sayı ötən ilə nisbətən azalıb. Həmin şirkətlərə yatırım da 2015-ci ilin 10 ayı ilə müqayisədə çoxalmayıb. Ekspertlər deyirlər ki, bu tendensiya Azərbaycanda sərbəst valyutanın azalmasından qaynaqlanır.

Sərmayə 2 dəfə azalıb

Türkiyə Palatalar və Birjalar Birliyinin açıqlamasına görə, Azərbaycan əvvəlki kimi, bu ölkədə qurulan xarici sərmayəli şirkətlərin sayına görə ön yerlərdən birini tutur. Ötən dövrdə burada Azərbaycandan gələn iş adamları 124 yeni şirkət qurublar. Şirkətlərə yatırılan 29 milyon lirə (təxminən 14 milyon manat)ilkin sərmayənin 25 milyonu (təxminən 12 milyon manatdan çoxu) azərbaycanlı ortaqların payına düşür. Oktyabrda qurulan 12 şirkətə, vur-tut, 813 min lirə yatırılıb (təxminən 400 min manat). Ötən ilin 10 ayında isə qonşu ölkədə qurulan l42 şirkətə Azərbaycandan49,5 milyon lirə (təxminən 24 milyon manat) sərmayə yönəldilmişdi.

Rövşən Ağayev,İqtisadçı ekspert 6 fevral 2009
Rövşən Ağayev,İqtisadçı ekspert 6 fevral 2009

«Likvid kapital... daha ölkədə deyil»

Azərbaycandan kənara kapital axınının səngidiyini deyən iqtisadçı Rövşən Ağayev AzadlıqRadiosuna bunun səbəblərini də açıqlayıb:

«Səbəb odur ki, birinci devalvasiya ərəfəsində və ondan sonrakı dövrdə böyük likvid kapital sürətlə ölkədən çıxarılmışdı. Kapital sahibləri iqtisadiyyatdakı neqativ meyllərə həssasdır və devalvasiyaoncəsi bunun iyini duymuşdular».

Nəticədə, ötən il ölkənin tədiyə balansında həm də bu amilə görə 11 milyard dollarlıq kəsir yarandı. Müstəqil ekspertlər bu kəsirin, əsasən, kapital axınından qaynaqlandığını vurğulayırlar. Nəhayət, bu yaxınlarda Mərkəzi Bankın sədri Elman Rüstəmov da bunu açıq etiraf etdi.

“Oliqarxlar pulu xaricə daşıyıblar”

Bəs Azərbaycandan kapital axını davam edəcəkmi? Rövşən Ağayevin bu suala cavabını skeptik saymaq olar:

«Azərbaycan o ölkələrdən deyil ki, oraya iri pullar toplansın. Burada pul o əllərə yığılır ki, onların dövlət büdcəsinə çıxışı var. Onlarsa tez satıla bilən və yetərincə iri həcmdə kapitalı valyutaya çevirməklə məqamında ölkədən çıxara bildilər».

Ekspert əlavə edir ki, kapital indi də ölkədən çıxarılır, amma bu, artıq əvvəlki miqyasda deyil. Çünki çıxarıla bilən pulların əsas hissəsi çoxdan ölkəni tərk edib.

Foto: arxiv
Foto: arxiv

“Valyutanı qanunsuz yollarla ölkədən daşıyıblar”

Pulun axın kanallarına gəlincə, Rövşən Ağayevin fikrincə, vəsait, əsasən, qeyri-leqal yollarla daşınır:

«Devalvasiyadan sonra ölkədən valyuta sərvətlərinin çıxarılmasına müəyyən məhdudiyyətlər qoyuldu. Nəticədə, qanuni yolla pul çıxarılması yolları bir xeyli çətinləşdi. Mərkəzi Bank öz hesabatlarında bu cür valyuta axınlarını əks etdirməyə çalışır. Ancaq istənilən halda bu il ölkədən çıxarılan valyutanın həcmi, əvvəlki illə müqayisəyə gəlmir.Səbəb də odur ki, ölkədəki valyuta artıq əvvəlki həcmlərdə deyil və azalmanın özü təbii hal kimi qarşılanmalıdır».

XS
SM
MD
LG