Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:38

'Turistlərin ölkəyə gətirdiyi valyuta bir hərraca da yetməz'


Dollarlar.
Dollarlar.

Noyabrın 30-da “Bakutel-2016” sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verən prezident İlham Əliyev yaxın illərdə iqtisadiyyatın neft və qazın hesabına yüksəlməyəcəyinə diqqət çəkmişdi: “Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, informasiya texnologiyaları sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir”.

Buna da bax:​ 'Qazın, işığın puluna idman oyunları keçiriləcək'

Hökumətin ümid yeri olan qeyri-neft sektorunda azalma var

Neft ucuzlaşandan bəri hökumətin ümidini neftdənkənar sektora bağlayıb. Hətta devalvasiya məqsədlərindən biri də qeyri-neft sektorunun inkişafı idi. Bu ilin 10 ayında ölkədə 49,2 milyard manat dəyərində Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Real azalma 3,7; neftdənkənar sektorda azalma 6,1 faizdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, gələn il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artacaq. Bu, Azərbaycan hökumətinin proqnozundan (1 faiz) yüksəkdir. Hasilatın aşağı salınması nəticəsində gələn il neft sektorunun 2,1 faiz daralacağı nəzərdə tutulur. Qeyri-neft sektorunun artımı 2,5 faiz, növbəti illərdə isə, ortalama, 2 faizdən yuxarı proqnozlaşdırılıb.

Buna da bax: Tarif dəyişikliyi büdcədə gəlir və xərcləri artırıb

Samir Şərifovun əsaslandığı səbəblər aradan qalxacaq?

Təzəlikcə maliyyə naziri Samir Şərifov Milli Məclisdə bu ilin 10 ayında ÜDM istehsalının azalma səbəblərini açıqlayıb:

- tikinti sektorunda istehsalın aşağı düşməsi;
- xarici ticarət dövriyyəsinin əhəmiyyətli daralması;
- yüksək dollarlaşma və kredit portfelinin keyfiyyətcə pisləşməsi nəticəsində bank sisteminin böyük itkilərlə, hətta böhranla üzləşməsi və beləliklə, iqtisadiyyatın kreditləşməsinin ciddi azalması.

Maliyyə nazirinin açıqladığı bu səbəblərin gələn il olmayacağına təminat yoxdur, çünki həmin səbəblərin hamısı neft ucuzlaşandan bəri yaranıb. Başqa sözlə, birbaşa və ya dolayı, bank sektoru da, tikinti sektoru da indiyədək, əsasən, neft pullarından qidalanıb. Ekspertlər gələn il neftin qiymətinin Azərbaycan hökumətinin istədiyi səviyyədə artmayacağını ön görürlər.

Buna da bax:​ ÜDM 3,7 faiz azalıb

İqtisadçı ekspert Ülvi Əmrahsoy Azərbaycanın ildə 1 milyard dollarlıq neftdənkənar məhsul ixrac etdiyini yada salır: “Bunun əsas hissəsi kənd təsərrüfatı mallarıdır. Tarif Şurasının son qərarından sonra bu məhsulların da istehsalında azalma olacaq”.

Ekspert digər sahələri inkişaf etdirmək üçün ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayır: “Turizm bizdə çox zəifdir. Özəlliklə xidmət sektoru. Ərəb turistlərindən 30 milyon dollar qazanc gözlənilir. Valyuta hərracında tələbat bunun 10 qatına çıxırsa, demək, turistlərin ölkəyə gətirdiyi valyuta bir hərraca da yetməz”.

“Azərbaycanda qeyri-neft sektoru neftdən asılıdır”

Buna da bax:​ Samir Şərifov: 'Büdcəyə yenidən baxıla bilər'

Ü. Əmrahsoy qeyd edir ki, Azərbaycanda qeyri-neft sektoru da neftdən asılıdır: “Bu il neft sektorundan 5 milyard dollar qazanc gözlənilir. Neft gəlirlərimiz azaldıqca, qeyri-neft sektoru da daralır”.

İqtisadçı ekspert Natiq Cəfərli də neftdənkənar sektor gəlişməsə, ölkəni ağır durumdan çıxartmağın mümkünsüzlüyünə diqqət çəkir: “Hələlik, görünən odur ki, qeyri-neft sektorunun ixracı artmaqdansa azalır və xarici ticarət dövriyyəsində onun xüsusi çəkisi aşağı düşür”.

Buna da bax:​ Qarşıdakı üç ildə iqtisadi artım 0 ola bilər

N. Cəfərli neftdənkənar sektorun inkişafının zamana və ciddi pula ehtiyacı olduğunu düşünür: “Bu gün ölkənin zamanı daralır, pulu isə tükənir. Ona görə də qısa zaman kəsimində ciddi irəliləyiş çətin olacaq”.

XS
SM
MD
LG