Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

'Tankın qabağında duruş gətirənlər, rüşvətin qabağında dayana bilmədilər'


Azərbaycan xalq hərəkatı 1988-89-cu illər.
Azərbaycan xalq hərəkatı 1988-89-cu illər.

Azad Qaradərili

ÇƏKİLMƏYƏN ŞƏKİLİN AĞISI

hekayə

Şi­rə çə­kən arı çi­çək­lə­rə, gül­lə­rin rən­gi­nə, qo­xu­su­na heç bir zə­rər vur­ma­dan ne­cə uçub ge­dir­sə, müd­rik adam da öz yur­du­na elə­cə gə­lib-get­sin.

Budda


İçi ilə çölü bir deyildi.
İçində qəzəb vardı.

Azad Qaradərəli.
Azad Qaradərəli.

İllər öncə bu adamlar bir-birini beş dəqiqəyə satar, uf da deməzdilər. Cəmi bir neçə mitinqdən sonra insanlar içlərindəki kəsaləti ata bildilər. Danışırdılar ki, avtobusda hamı ağsaqqala, ağbirçəyə, uşaqlıya, uşağa yer verir, insanlar ləyaqət hissini bərpa edir, insan olduğunu dərk edir. Hətta yerdən içi pulla dolu pulqabı tapan biri (nə qədər istəsələr də özünü təqdim etməyib) aparıb onu televiziyaya vermişdi. Onlar da neçə gündür ki, elan elan dalınca verirlər, hələ sahibi tapılmayıb.

“İkicə il öncə olsaydı, neçə adam qaçacaqdı televiziyaya ki, o pul da, pulqabı da mənimdir. Amma indi insanlar haqqa gəliblər. Əcaba, bu gözəl hisslər, insani duyğular adamlara asanlıqla qayıdan kimi, haçansa gəldiyi kimi geri də dönə bilərmi?” Təəssüf ki, onun öyrəndiyi sufuzmə görə bu mümkündür. Ona görə də insanlarla davamlı iş aparılmalıdır. İnsan, əslində ağıllı heyvandır, qərblilər demiş, homo sapiensdir. Onu nəyə vərdiş etdirsən, ona aludə olasıdır.

Buna da bax: Devrilmiş, əski prezidentin əski kostyumu...

Bude, elə bu məktub. Səhərdən iki-üç dəfə oxuyub, ağlı bir şey kəsməyib. Moskvanın təlim-tərbiyəsi ilə oxumuş, milis zabiti kimi ayaqlarını hansı mərtəbələrə qoya-qoyasa yüksəlmiş bu adamlardan mən yüksək bir elmi-ictimai əhəmiyyəti olan təklifmi gözləyim, yoxsa...

“Salam, Bəy. Biz, bir qrup polis işçisi sizə müraciət edirik. Əlimizdə çox tutarlı bir fakt var. Onu yalnız şəxsən Sizə deyə bilərik. Ona görə də, xahiş edirik ki, bizi qəbul edəsiniz. Sayqıyla ...”

Məktuba on beş nəfər polis zabiti imza atmışdı. Aşağı rütbə mayor idi.

Köməkçidən nazirin bu məktubdan xəbərdar olub-olmadığını soruşdu. Məlum oldu ki, nazir, deyəsən xəbərdar deyil.

Təəccüblə qalxıb kabinetdə gəzişdi. Bu zabitlər nə deyəcəklər ona? Yəni bu çox vacib dövləti əhəmiyyət daşıyan bir sirdirmi? Nə yaxşı nazirlərinə deməyiblər?.. Əgər deməyiblərsə, mən də onları nazirin iştirakı olmadan qəbul etməliyəm...

-Yaxşı, çağır gəlsinlər. Elə bu gün çağır.

***

Çox yorğun idi. Axır vaxtlar gərginlik artmışdı. Sərhəddə vəziyyət yaxşı deyildi, bu heç. Amma qonşularla, strateji müttəfiq sandığı ölkələrlə də iş əyilmişdi. Onu açıq-açığına güzəştə getməyə çağırırdılar. Erməniyə rusun arxa durması azmış kimi, Qərb də tayını onların tayının üstünə qoymuşdu. Bu cəhənnəmə, Neft müqaviləsinin imzalanması məsələsində də ürək açan bir şey yoxdu. Tetçer də, Qərbin böyük neft kompaniyaları da onu cüzi faizə razı salmağa çalışırdılar. Bu açıqca soyğunçuluq idi. Tetçerin üzünə qarşı elə belə də demişdi: ”Bu neft mənim deyil, Azərbaycan xalqınındır. Mən xalqın sərvətini talaya bilmərəm. Onsuz da neçə illərdir Rusiya talayıb... “

Və ən çox da stolunun üstündəki bir ərizə yandırırdı onu. On beş polis zabitinin məktubu öz yerində, nazirləri də ərizə vermiş, işdən azad olunmasını istəmişdi. Əlbəttə, onu buraxmaq olmazdı. Bu ərizəyə qol çəkmək, hakimiyyətin göz-görəti süqutuna qol çəkmək kimi bir şey olardı. Bəs nə etsin? Bəlkə həmin on beş zabit də bu barədə danışmaq istəyirdi?

Yadına axşam gördüyü yuxu düşdü.

Mitinq idi. Tribunada sağında Heydər Əliyev, solunda təzəcə Milli Qəhrəman adı verdiyi Surət Hüseynov dayanmışdı. Özgə vaxt onun yanında dayanmaq üstündə bir-birini itələyən bəylər yoxa çıxmışdılar. Bir dəstə yoxsul kütlə cır-cındır içində meydana girib “Azadlıq, azadlıq!” deyə bağırmağa başladılar. Bəy təəccüblə Surətə baxdı:

- Surət bəy, bunlar azad olmayıblar?

- Maa belə gəlir ki... burda bir dolaşıqlıq var... – deməyiylə Heydər Əliyevin onun sözünü kəsməsi bir oldu:

- Demək, azad deyirlər ki, tələb edirlər!

Bu vaxt Neft şirkətinin işçiləri - qabaqda da sədrləri meydana daxil olub bağırmağa başladılar:

- Ya Qarabağ, ya ölüm! Maaşımızı artırın, dirilim!..

...Elə o sarsaq yuxusunu təzəcə xatırlamışdı ki, dedilər neftçilərin rəhbəri gəlmək istəyir. Bu mədəni və savadlı adama çox inanırdı. Həmişə deyirdi ki, çox demirəm, yüzcə nəfər belə kadrım olsa, dərdim olmaz. Ölkəni oynaya-oynaya idarə edərəm... amma hanı?

- Xoş gördük, bəy? – Sınayıcı nəzərlərlə sədrə baxdı. – Eşitmişəm işçilərin hökümətin əleyhinə mitinqə hazırlaşır?

- Dəqiq söhbətdir, ya yox, deyə bilmərəm. Amma onu bilirəm ki, bəy, belə bir şey olsa, qabaqda özüm gedəcəm... Dolanışığımız ağırdır, bəy... Mənim öz maaşım biyabırçı şəkildə aşağıdır. Hər ayın sonuna azalanda mütləq borca düşür ailəmiz... Gör neftçilər nə kökdədir...

Ah çəkib bu etibarlı və savadlı dostunu bir-iki hikmətli kəlamla bir təhər yola saldı.

Bu vaxt mətbuat katibi içəri girib bir ərizə qoydu qabağına. Bu da bayaqkı sədrdən geri qalmayan adam idi. Ona özü kimi inanırdı. Ləyaqətli, savadlı və inanılmaz qüruru olan birisiydi.

Başlığı oxumadan ikinci abzasa – məğzə keçdi: ”Cənab prezident! Xahiş edirəm ki, mənim əmək haqqımın müəyyən faiz artırılmasına sərəncam verəsiniz.”

Buna da bax: Görəndə ki eşşəyini kəsib əsgərlərə yediriblər...

Qalxıb onu qucaqlamaq, alnından öpmək keçdi könlündən. Bu təmiz adamları tanrı ona səxavətlə göndərmişdi. Amma nə yazıq ki, belələri az idi. Çətinliklərə dözməyib başını kola soxaraq rüşvət alanlar daha çoxdu. “Rus tankının qabağında duruş gətirənlər, rüşvətin qabağında dayana bilmədilər...”

O qədər mədəni adam idi ki, ərizəsini xatırladandan sonra, digər məsələlərə keçmək istədi mətbuat katibi. Amma o, ərizəni özünə tərəf çəkib gülümsündü:

- Mən sizin kimi adamlarla fəxr edirəm. Bax, o boyda Neft Şirkətinin sədri də məndən maaşlarının artırılmasını tələb edir. Sən də bunu istəyirsən... Amma onu da bilirsiniz ki, büdcəmiz boşdur. Biz yeni qurulan, kasıb və gənc dövlətik... Bir qədər də dözün, hər şey yaxşı olacaq...

***

- Cənab prezident! Mən siz əmin edirəm ki, biz hamımız qekeçepe hadisələri zamanı sizi vuranı, sizi öldürməyi planlaşdıranı yaxşı tanıyırıq! Xainlərə aramızda yer olmamalıdır!..

- Cənab prezident! And olsun şəhidlərin qanına ki, mən o dəyyusu tanıyıram! O dubinkanı sizin başınıza vurmaq istəyəndə...

- Cənab prezident! Biz qərara gəlmişik ki, aramızda belə nadürüstlərə yer olmamalıdır! Biz...

Artıq dözə bilmədi. Mayordan polkovnikəcən rütbə sahibi olan bu yaşlı-başlı adamlar öz paqon yoldaşlarını satmağa gəlmişdilər. Ən qəribəsi də o idi ki, onlar bu işi çox böyük ürəklə edir, hətta cavabında böyük bir təşəkkür, bəlkə də ənam-filan da gözləyirdilər. Bəy sərt şəkildə onların sözünü kəsdi, əsəbi halda siqaret yandırıb dedi:

- Bəylər! Mən bu söhbəti sizə yaraşdırmıram! Ayıb, çox ayıb iş tutursunuz!.. Unutmayın ki, o adını çəkdiyiniz adam da sizin birinizdir. O da sizin kimi vəzifə başında olarkən bu işi görüb. O bu hərəkəti öz istəyi ilə etməyib ki?! O buyruq qulu, əmrə müntəzir olan bir vəzifə görəvlisidir. Əksinə, biz ona minnətdar olmalıyıq ki, bir əsgər kimi ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəlib... baxın bəylər, ordu və polis onlara verilən hər hansı bir tapşırığı düşünmədən həmən icra edər. Yəni bu qüvvələr hərbi intizama tabedirlər. Aşağı rütbə sahibi yuxarı rütbə sahibinin əmrini müzakirəsiz icra etməyə borcludur... Sizin bəhs etdiyiniz hadisə də o sıradan bir olaydır. Gəlin bir az ədalət hissini itirməyək... – Bəy nəfəsini dərib əvvəlcə onu çaşqınlıqla, sonra isə özləri də bilmədin heyranlıqla dinləyən bu adamlara bunları dedi. - Bəli, bu işin hüquqi-mənəvi tərəfi də var, amma bu sizin işiniz deyil... Onu araşdırmaq, qiymət vermək siyasətçilərin, hüquq müdafiəçilərinin işidir. Siz isə... Siz əsgərsiniz. Sizə bu ölkənin təhlükəsizliyi etibar edilib... – Diqqətlə onu dinləyən bu zabitləri bir-bir süzdü və anladı ki, üzlərində bir məyusluq, peşmanlıq duyulur. Ona görə könüllərini almağı da unutmadı. – Bax, qardaşlar, Azərbaycan polisi İyirmi yanvar hadisələrindən üzü ağ çıxdı. Siz və sizin qardaşlarınız sübut etdi ki, bu xalqın inzibati orqan işçiləri də xalqın yanındadır. Bizim o tayda, Güney Azərbaycanında gözəl bir yazıçımız olub, Səməd Behrəngi adında. Nə yazıqlar ki, fars millətçiləri gənc yaşlarında onu amansızcasına qətlə yetiriblər. O yazırdı: “Gərək özünü oda atasan ki, yanmışların dərdindən xəbərin ola, qanasan ki, haraları yanıb kabab olub. Kənardan tonqalda əl qızdırmaqla yanmışların nələr çəkdiyini anlamaq mümkün deyil. ”Mən sizin dərdlərinizi başa düşürəm... Siz indiyəcən özünüz istəmədən bəzi əmrləri yerinə yetirmisiniz. Amma neyləmək olar? Onda siz öz ölkənizin deyil, yad bir rejimin əsgərləri idiniz. İnşallah, bundan belə əlinizə gözəl fürsət düşüb: xalıqnıza, Vətəninizə qulluq edəcəksiniz. Daha sizi mənim kimi fağır birisini döyməyə təhrik edənlər olmayacaq...

Buna da bax: Elçibəy: Heydər Əliyev baş kəsməkdən başqa yol bilmir

Bəy özü də, polis zabitləri də ürəkdən gülüşdülər. Bir-bir əllərini sıxıb yola saldı onları.

Pillələri enəndə zabitlərdən biri təəssüflə dedi:

- Ə, gör heç yadımıza düşdü bir şəkil çəkdirək?!

İlk söz alıb danışan mayorun - hələ də danışdıqlarının xəfihliyini çəkirdi – səsi güclə çıxdı:

- Ən yaxşı şəkil çəkilməyən şəkildir.

Noyabr 2016

XS
SM
MD
LG