Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:00

'Uzun illər "srok" yatanlar niyə azadlığa çıxmaq istəmir...'


Rusiyada Transsibir dəmiryolu xəttində işləyən məhkumlar, 1989
Rusiyada Transsibir dəmiryolu xəttində işləyən məhkumlar, 1989

"- On dörd ildir həbsdəyəm. Bu on dörd ildə çöldəki hər şeyimi itirmişəm. Atam, anam, yoldaşım rəhmətə gedib, evim satılıb. Oğlum xaricdə, bir qızım, bir də bacım var. Mən gedib onların ailələrinə yük ola bilmərəm. Onların evində qonaq kimi nə qədər yaşayacağam? Bəs iş məsələsi? On dörd il türmədə yatan adama kim iş verər işləsin?​"

Rövşən Yerfi

ACILAŞMIŞ AZADLIQ

(hekayə)

Rövşən Yerfi
Rövşən Yerfi

Üzərində “DƏSTƏ RƏİSİ” yazılmış kabineti sayılan otağın qapısını açdı. İçəri nəzər salanda stolun üstündə məhkumlar üçün tərtib edilən qalaqlanmış “tərbiyəvi iş” dəftərlərini görüncə yenə qanı qaraldı. Neçə gün idi ortaya kənar işlər çıxdığından o dəftərlərin birini də olsa açıb qeydlər yazmağa vaxt tapa bilməmişdi.

Tərbiyə işləri üzrə rəis müavininin dünəndən ona verdiyi tapşırığı xatırladı: “Əmirli, sənin dəstəndə olan koçeqar (ocaqçı) var ha, Ağahüseyn, onu çağır yanına, söhbət eylə, eşitdin?”

O, müavinin göstərişini unudacağından ehtiyatlanıb otağa girməmiş yaxınlıqda gəzişən məhkumlardan birinə səsləndi:

- Sənnənəm, koçeqar Ağahüseyni gör yanıma çağırtdıra bilərsənmi? Zəhmət olmasa, elə indi.

- Cənab mayor, problem yoxdu, deyərəm çağırarlar, - cavan məhkum əlindəki təsbehini çəkə-çəkə tələsmədən baraka tərəf addımladı.

Buna da bax: "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"

Dəftərlərin içərisindən Ağahüseynə aid olanını tapdı. Sonuncu qeydi iki ay qabaq yazmışdı. Bir həftədən sonra onun cəza müddəti başa çatacaqdı. Yenidən müavinin dediklərinin ardını xatırladı: “Bu məhkum azadlığa çıxmaq istəmir. Bilirsən də beş ildən çox yatanların əksərinin başı çönür, düşüncəsi dəyişir. İki-üç dəfə qəbuluma gəlib yalvarır ki, nə edirsiz edin, mən çölə çıxmayım, elə qalım burada koçeqar işləyim. Çağır onu otağına, sən də söhbət et”.

Demək, ona azadlığın şirinliyindən moizə oxumalıyam, - fikirləşdi. Dəftərdəki Ağahüseynə dair qeydləri bir daha nəzərdən keçirdi: xasiyyətcə qapalı, əməksevər, islaha meylli...

Qapı döyülməyi ilə açıldı:

- Naçalnik, (rəis) gəlmək olar? – Qazanxanada işləyən məhkum Ağahüseyn idi gələn. – Dedilər məni çağırmısız, xeyürdü?

- Gəl, gəl əyləş, bir söhbət edək sənnən.

Ağahüseyn divar boyu düzülmüş kətillərdən birinə əyləşdi.

- Hə, daha bir şey qalmadı, sroku (müddəti) başa vurdun. Bir həftə də ötəcək olacaqsan tam azad insan!..

- Naçalnik, yaralı yerimə dəyirsiz. İnan Allaha, heç bir azadlıq-filan istəmirəm.

- Ay kişi, nə danışırsan, adam da azadlıqdan imtina edər? Camaat hər gün Allaha dua edir, yüz cür yollar axtarır, ətək-ətək pulundan, varından keçir ki, azadlığa çıxsın, sənsə naşükürlük edirsən...

- Elə deyil, naçalnik, mən bilsəm ki, azadlığa çıxıb burdan xoş gün görəcəyəm sevinərdim. Əksinə, çöldə indikindən də pis günə qalacağam.

- Niyə?

- Çünki, on dörd ildir həbsdəyəm. Bu on dörd ildə çöldəki hər şeyimi itirmişəm. Atam, anam, yoldaşım rəhmətə gedib, evim satılıb. Oğlum xaricdə, bir qızım, bir də bacım var. Mən gedib onların ailələrinə yük ola bilmərəm. Onların evində qonaq kimi nə qədər yaşayacağam? Bəs iş məsələsi? On dörd il türmədə yatan adama kim iş verər işləsin? Mən çöldə olmasam da, görüşə gəlib-gedənlərdən bayırdakı vəziyyəti həmişə öyrənirəm. Heç indi sapsağlam, ağlı başında olan adamlar azadlıqda özünə iş tapa bilmirlər, qalmışdı ki, yaşı əllini keçmiş “türemşik” iş tapsın... Bəlkə düz demirəm?

- Var, sözlərində müəyyən qədər həqiqət var, - dəstə rəisi etiraf etməli oldu.

- Ona görə də üç dəfə müəssisə rəisinin, müavininin qəbuluna gedib yalvarmışam ki, mənə təzədən iş kəsin, cəza verin razıyam, təki burada qalım, çölə çıxmayım. Axı mənim çöldə nə başım qalıb? Burada yaşamağa yerim var, işim var, məhkumlar içində az-çox hörmətim var, daha bundan artıq mənə nə lazımdı? Azadlıqda bu yaşımdan sonra mən kimə gərəkəm? Heç kimə? Deyirlər ki, məhkəmənin qərarı olmasa, biz səni burda saxlaya bilmərik. Deyirəm düzün-qoşun, yazın məhkəməyə nə qədər istəyirsiz cəzamı artırın. Yenə deyirlər ki, biz bunu edə bilmərik. Başa düşürəm, məhkəmə heç nəsiz işə qol qoyan deyil. Axır vaxtlar burada ölənlərə lap paxıllığım tutur. Allahın xoşbəxtləri, gör nə qədər əzablardan canları xilas olur. Eşitdiniz, o gün jurnalistlər rəisimizə sual verdilər ki, niyə həbsxanada tez-tez rəhmətə gedən olur? Cavab verdi ki, azadlıqda ölənlərin sayı həbsxanada ölənlərdən qat-qat çoxdur. Bilirsən bu nə deməkdir, yəni azadlıqda olanlar bizdən də pis gündədirlər, - o, şaqqanaq çəkib güldü.

Buna da bax: 'Evində yatmaq istəyirsənsə, ayda 100 gətir'

Dəstə rəisi ona qoşulub gülsə də, təmkinini pozmadı:

- Ağahüseyn, sən bu qədər pessimist olma. İndi əvvəlki vaxtlar kimi deyil, təzə qanunlar qəbul edilib. Məhkum azad olan kimi nəzarətə götürülür, ona maddi yardım verilir iş tapana qədər. Onun üçün münasib iş axtarılır, qayğı göstərilir, ta ki, azadlığa uyğunlaşanadək...

- Naçalnik, düzün de, azadlıqda qanunların hamısına yazıldığı kimi əməl olunurmu?

- Təəssüf ki, yox, baxır da...

- Həbsxanada, bu cür qapalı, sərt rejimli yerdə hər şey “görüm-baxımladısa”, çöldə-azadlıqda qanunların heçnəsiz, insanlıq naminə icra ediləcəyinə inanımmı? Heç inanmağım gəlmir...

- Ağahüseyn, hər halda ümidlə yaşamaq, gələcəyə ümidlə baxmaq lazımdır. Gəl belə razılaşaq, telefon nömrəmi verim sənə, çölə çıxandan sonra görüşərik. Sənə yaşamaq, işləmək üçün bacardığım köməyi edərəm, heç nəsiz, yaxşımı? İşiniz, yaşayışınız yaxşılaşandan sonra mənimlə razılaşacaqsan ki, azadlıq necə də gözəldir, şirindir!..

- Düz deyirsiz, şirin olur, acılaşmayanda... Mənim fikrimcə isə azadlıqda şirinlik qalmayıb. Azadlıq acılaşıb. Mən yaşadığım azadlıqdan çox illər keçib, insanlar başqalaşıb. Özünü vətənindəki kimi deyil, özgə, yad, mühacir kimi hiss edəndə azadlıq da, həbsxana həyatı sayaq acılaşır...

Buna da bax: Talançılar diyarı

***

Bir həftə sonra müəssisədə hamı azadlığa buraxılan Ağahüseynin axşamadək həbsxananın çöl qapısındakı daş səkidə oturub qalmasından danışırdı. Həmin gün dəstə rəisi Əmirliyə gecə növbəsindən sonra istirahət verildiyindən işə gəlməmişdi. Səhəri günü Ağahüseyn haqqında danışılanları eşidib onun üçün nigarançılıq keçirmişdi.

Həftələr keçdi, Ağahüseyndən soraq gəlmədi. İki ayın tamamında tərbiyə işləri üzrə rəis müavini dəstə rəisini kabinetinə çağırıb “muştuluqladı”:

- Gözün aydın, məhkumun tezliklə qayıdır...

- Kimi deyirsiz?

- Ağahüseyni. Vicdansız bir qadının əl çantasını qamarlayıb qaçmaq istəyəndə tutub həbs ediblər. İşi məhkəmədədir, çox keçməz göndərərlər bura.

“Həqiqətənmi azadlıq acılaşıb? – Dəstə rəisi diqqəti rəis müavinində olsa belə, Ağahüseynin azadlıq haqqında söylədiklərini xatırlayaraq düşündü. – Yəqin geri qayıtmaq üçün ayrı yol tapmayıb.”

- Ə, bunlar düzələn zibil deyillər e.., - müavin Ağahüseyni söyməkdə davam edirdi, - hökumət bunlardan ötrü nahaq yerə gör nə qədər pullar xərcləyir, təhlükəsiz yerdə saxlayır, çörəyin verir, geyimin verir... Əslində isə yığasan belə kimiləri bir dərin xəndəyin qırağına, güllələyəsən, vəssalam! Tərs kimi ölüm hökmünü də ləğv ediblər...

01.2017

XS
SM
MD
LG