Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

'Ölkə ata malı kimi bölüşdürüldü'


Pensiya növbəsi.
Pensiya növbəsi.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bahalaşma, müstəqilliyin dəyərdən salınması və tikinti şirkətlərinin bazarı tərk etmələri bu gün medianın aparıcı mövzusudur...

ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ

«Azərbaycan» qəzetində «Əhalinin sosial müdafiəsi dövlətin prioritet məqsədi olaraq qalır» sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, dövlət əhalinin sosial müdafiəsinə hələ keçmiş prezident Heydər Əliyevin hakimiyyəti illərində diqqət göstərməyə başlayıb.

Müəllif vurğulayır ki, həmin siyasəti hazırda prezident İlham Əliyev davam etdirir. Məqalədə bu baxımdan 2006-cı ilin aprelində imzalanan «Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» xatırladılır: «Bütünlükdə isə dövlət başçısı təkcə 2004-cü ildə əhalinin sosial rifahını gücləndirmək məqsədilə 10-dan çox fərman və sərəncam imzalamışdır».

Müəllif onu da xatırladır ki,İ.Əliyev 2016-cı ildə pensiya və müavinətləri 10 faiz artırıb. Bu günlərdə isə «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» sərəncam imzalayıb.

Məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən qeyd edilir ki, ölkədə keçən ilin yanvar-sentyabr ayları üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 327.1 milyon manat yönəldilib. Bu da 2015-ci ilin uyğun dövrünə nisbətən 174.1 milyon manat və ya 8.1 faiz çoxdur.

Supermarket.
Supermarket.

BAHALAŞMANI DURDURAN OLACAQMI?

«Novoye Vremya» qəzetində isə «Qiymət bahalaşmasını dayandırmaq mümkün olacaqmı?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif rəsmi statistikaya istinadən xatırladır ki, ötən il2015-ci illə müqayisədə ərzaq malları 14.7, qeyri-ərzaq malları isə 16.7 faiz bahalaşıb: «Düzdür, iqtisadçılar reallıqda qiymətlərin daha çoxartdığını düşünürlər. Xüsusilə ərzaq malları sahəsində 20-30 faiz artım olduğunu bildirirlər. Əlavə edək ki, aztəminatlı ailələr ərzaq mallarının qiymətlərinin artmasını daha ağrılı qəbul edirlər. Belə ki, əsas məsrəflər qidalanmaya sərf olunur».

Yazıdaqiymət artımına ilkin səbəb kimi manatın məzənnəsinin düşməsi göstərilir.

Müəllif xatırladır ki, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğrayıb. Nəticədə iki dəfə dəyər itirib. Manatın ucuzlaşması ötən il də davam edib.

Müəllifə görə, bahalanmaya daha bir səbəb də istehlak bazarının idxaldan asılılığıdır: «Qısası, asılılıq yolverilən həddi keçir. Odur ki, istehlak bazarı manatın ucuzlaşmasına belə ağrılı reaksiya verir».

Yazıda qeyd edilir ki, ötən il enerjidaşıyıcıların qiymətlərinin artırılması da bahalaşmaya öz töhfəsini verib.

Müəllifin fikrincə, qiymət artımına daha bir səbəb istehlak bazarını təzyiq altında saxlayan inhisardır: «Belə bir situasiyada, hökumətin nəzərdə tutduğu kimi, inflyasiyanı birrəqəmli həddə saxlamaq çox çətin olacaq».

Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

MÜSTƏQİLLİYİ GÖZDƏN SALANLAR

Azadliq.info saytında «Müstəqilliyi şərləyənlər» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki,avtoritar rejimlər təkcə maddi sərvətləri talan etmirlər, mənəvi sərvətlər belə dəyərdən salınır. Nəticədə həmin ölkədə köləlik düşüncəsi ruha hopmağa başlayır: «Bu mənada ölkəmizdə vəziyyət daha acınacaqlıdır. Uzun illər həqiqət gah bəhanələrlə, gah da yalançı arqumentlərlə şərlənib. Xüsusən haqqı deməyə cəsarəti çatmayanlar, şərin zülmünə «dur» deməyi bacarmayanlar müstəqilliyi şərləyiblər».

Yazıda vurğulanır ki, cəmiyyətdəki haqsızlıqlardan, ədalətsizlik və talançılıqlardan danışanda, dərhal «ağıllı» adamlar peyda olur. Onlar «müstəqilliyimizi yeni əldə etmişik, hökumətdən çox şey tələb etmək olmaz» nəsihəti ilə tənqidin önünə çəpər çəkirlər.

Müəllif bütün problemlərin səbəbi kimi müstəqilliyin yaşının az olmasının göstərilməsini düzgün saymır: «Əvvəla, yaxın tariximizdə qısa müddət ərzində böyük işlər görülməsinin yüzlərlə nümunəsi var. Təkcə qonşu Gürcüstana nəzər salmaq kifayət edir ki, 23 illik hakimiyyət dövründə böyük dəyişikliklərə nail olmağın mümkünlüyünə inanaq».

Müəllif yazır ki, Əliyevlər hakimiyyətdə olduqları 23 ildəkorrupsiyanı, inhisarı çiçəkləndirməyi, milyarderə çevrilməyi, ölkəni ata malı kimi bölüşdürməyi bacarıblar. Amma vətəndaşa əl tutmağa, ədalət yaratmağa və dövlət əmlakını qorumağa vaxt tapmayıblar.

Yazıda qeyd edilir ki, hökumət bütün problemləri müstəqilliyin yaşının azlığı ilə əlaqələndirməyə çalışır. Ancaq illər keçdikcə, ölkədəki problemlər daha da dərinləşib.

Müəllif hesab edir ki, hakimiyyət bu illər ərzində Azərbaycanı cəhənnəmə çevirməkdən ötrü var gücü ilə çalışıb.

Tikinti.
Tikinti.

TİKİNTİDƏN ÇƏKİLƏN ŞİRKƏTLƏR

«Exo» qəzetində dərc edilən «Tikinti şirkətləri Azərbaycan bazarını tərk edirlər?» sərlövhəli məqalədə ekspertlərin mövzu ətrafında fikirlərinə yer verilib.

Ekspertlərdən Rəşad Əliyev deyib ki, əhalinin daşınmaz əmlaka tələbi, hələ də, yüksəkdir. Ancaq qazanc az olduğundan insanlar mənzil ehtiyaclarını ödəyə bilmirlər.

Ekspert bildirib ki, tikinti işləri də azalmaqdadır: «Dövlət Statistika Komitəsi 2016-cı ildə bir neçə dəfə tikinti sektorunda tənəzzül olduğunu bildirib. Bu da təəccüblü deyil. Mənzil tikintisinin azaldılması bazar amili ilə bağlıdır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi tikinti şirkətlərinin işinə təsir edib».

R.Əliyev deyib ki, indi sahibkarların əsas vəzifəsi bazarda qalmaqdır. Odur ki, şirkətlər perspektiv haqda düşünmürlər.

Ekspert vurğulayıb ki, mənfi meyllər təkcə alqı - satqıda yox, mənzillərin icarəyə verilməsində də özünü göstərir.

Yazıda qeyd edilir ki, regionlardan Bakıya işləməyə gələnlərin çoxu iş yerlərini itiriblər. Ona görə, kirayə mənzillərə də ehtiyac azalıb.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə deyib ki, özəl tikinti şirkətləri ilə müqayisədə dövlət payı çox olan təşkilatların işi qaydasındadır: «Kommersiya şirkətləri bazarı könüllü tərk edirlər. Şirkətlərin çoxunun başa çatmayan işləri var. İnvestisiya və kredit üzündən sahibkarlar işi dayandırmağa məcbur olurlar».

Ekspert deyib ki, 2000-ci illərin əvvəlində Azərbaycanın tikinti bazarında əsas payhüquqi şəxslərin əlində idi. Amma son 5 ildə dövlət payı əhəmiyyətli dərəcədə artıb.

N.İbrahimovun fikrincə, əgər əvvəllər tikintidə rentabellik 40-80 faiz arasında idisə, indi bu, ən yaxşı halda 20 faizə düşüb.

XS
SM
MD
LG