Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'


Azər Rəşidoğlu
Azər Rəşidoğlu

«Hakimiyyətin möhkəmləndirilməsi baxımından, birinci vitse-prezidentlik postuna Mehriban Əliyevanın təyin ediləcəyi gözlənilən idi». Siyasi şərhçi Azər Rəşidoğlu AzadlıqRadiosuna prezidentin təyinatını şərh edərkən belə deyir. O, dəfələrlə müsahibələrində bu posta Birinci xanımın gətiriləcəyi ehtimalını səsləndirənlərdən olmuşdu. Ancaq siyasi şərhçi hakimiyyət daxilində buna etirazların olduğunu da vurğulamışdı:

Buna da bax-WikiLeaks-də Paşayevlər ailəsi...

– Özəlliklə, Naxçıvan qruplaşması sona qədər Bəylər Əyyubovun birinci vitse-prezident olması uğrunda mübarizə aparırdı. Amma son təyinat göstərdi ki, Paşayevlər daha güclü çıxdılar. Artıq hakimiyyət daxilində ən güclü qruplaşmanın Paşayevlər olduğu növbəti dəfə sübuta yetirildi. Güman edirəm ki, digər qruplaşmalar, xüsusən də Naxçıvan qruplaşması açıq şəkildə olmasa da, dolayı yolla etirazını bildirəcək. Bu baxımdan, prezident vitse-prezidentlər təyin edərkən Naxçıvan klanının maraqlarını nəzərə alacaq. Ancaq artıq situasiya tamam fərqlidir. 2018-ci ilə qədər Paşayevlər möhkəmlənəcəklər. Üstəlik də, bundan sonra növbəti prezident seçkilərində prezidentliyə namizədin kim olacağı ilə bağlı suala birmənalı cavab vermək mümkün deyil. İstisna deyil ki, situasiya dəyişərsə, prezidentliyə namizəd məhz Paşayevlərin nümayəndəsi olacaq. Bəlkə də Rusiyadakı Putin variantı burda təkrarlana bilər. Yəni İlham Əliyev birinci vitse-prezident postuyla kifayətlənəcək. Ancaq situasiya dəyişməsə, Əliyev yenə də prezidentliyə namizədliyini verəcək. İstənilən halda, proseslər Azərbaycanda və Azərbaycan ətrafında baş verən proseslərdən asılı olacaq. Bütün hallarda, Mehriban Əliyevanın vitse-prezident təyinatı hakimiyyət daxilində ən güclü qruplaşmanın revanşıdır, qələbəsidir, digər qruplaşmalar da onun bayrağı altına keçməyə məcbur qalacaqlar.

Azər Rəşidoğlu: "Naxçıvan qruplaşması sona qədər Bəylər Əyyubovun birinci vitse-prezident olması uğrunda mübarizə aparırdı"
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00
Direct-ə keçid

– Mehriban Əliyevanın təyinatı ölkəyə nə vəd edir? O, Azərbaycan üçün çətin bir vaxtda ciddi vəzifəyə gəlir və prezidentdən sonra ölkədə ikinci şəxs olacaq. Hətta bəziləri gözlənilən islahatlara birinci vitse-prezidentin start verəcəyini güman edirdilər.

– Mehriban Əliyevanın təmsilçisi olduğu Paşayevlər klanı istər Rusiya, istərsə də Qərblə eyni məsafədə dayanırlar. Mənim hesablamalarıma görə, hədəf 2018-ci ilin seçkiləridir və Paşayevlər öz namizədləriylə iştirak etmək istəyirlər. «Ölkə daxilində nə dəyişəcək» sualına cavab vermək bir qədər çətindir. Güman edirəm ki, idarəetmədə və xarici siyasətdə ciddi dəyişikliklər baş verməyəcək. Sadəcə, hakimiyyət daxilindəki kiçik və orta qruplaşmalar sıradan çıxarılacaq. Paşayevlərə qarşı çıxanları məğlubiyyət gözləyir. Gələcək proseslərin taleyi həm də hakim ailənin - Heydər Əliyev klanının nümayəndələrinin, xüsusən də prezidentin bacısı Sevil Əliyevanın bu təyinata münasibətindən asılı olacaq. Amma istənilən halda, qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar.

– Paşayevlərin prezidentliyə öz namizədini verəcəyini dediniz. Bu namizəd Mehriban Əliyeva olacaq?

– Birmənalı şəkildə. Orda daha nüfuzlu, qruplaşmanın qəbul edəcəyi ikinci şəxs yoxdur. Situasiya dəyişəcəksə, namizəd Mehriban Əliyeva olacaq.

– Beynəlxalq ictimaiyyət bu namizədi qəbul etməyə hazırdırmı?

– Vitse-prezidentlik institutunun yaradılması istiqamətində hazırlıq gedəndə, biz, ilkin olaraq, bu posta Paşayevlərin namizədinin gətiriləcəyi ehtimalını ortaya atdıq, o zaman hamı buna skeptik yanaşırdı. Amma vitse-prezidentlik postu Paşayevlərin yolunu təmizləmək üçün yaradılırdı. Bu baxımdan deyə bilərəm ki, Qərb əməkdaşlığa davam edəcək, kəskin, sərt bəyanatların veriləcəyini gözləmirəm.

XS
SM
MD
LG