Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:05

Vüsal Ələkbərov işi: MTN polkovniki hakimlərə arxasını çevirdi


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

MTN polkovniki hakim qərarına etirazını onlara arxa çevirməklə ifadə edib və məhkəmə zalından çıxarılmasını istəyərək deyib: “Vəsatətlərimi təmin etmirsiniz, hüquqlarımı pozursunuz. Buna görə də prosesə sədrlik edən hakimə etiraz edirəm”

“Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin özü də indi kredit bataqlığına düşüb. Bu fikir MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun məhkəməsində dilə gətirilib.

Martın 31-də MTN polkovnikinin işində şahid kimi keçən Etibar Əliyev məhkəmədə dindirilib.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Sərhəd Qoşunlarının 'Texnikabank'da...

Vüsal Ələkbərovun hədələməklə və ya həbs etməklə pul aldığı iddia olunan zərərçəkənlərin bir çoxu “Texnikabank”da böyük məbləğdə əmanət saxlamış şəxslərdir. Onlar başlarına gələnlərə görə Etibar Əliyevi də günahlandırır və iddia edirlər ki, bankda böyük məbləğdə əmanətləri olan müştərilərin siyahısını MTN rəhbərliyinə məhz o, ötürüb. Nəticədə, həmin adamları çağırıb pullarını əllərindən alıblar.

Etibar Əliyev məhkəmə ifadəsində bu iddianı yalanlayıb və xatırladıb ki, MTN onun özünü də həbs etmişdi: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümü də aylarla həbsdə saxlayıblar”.

Buna da bax: 'Vüsal Ələkbərov işi': Zərərçəkənlər daha bir generalın həbsini istəyir

Keçmiş bankir də kredit bataqlığında çırpınır?

Etibar Əliyev dindirilərkən zərərçəkənlərdən Hüseyn Səfərov deyib ki, hazırda onun özü də kredit borclarına görə ağır durumdadır: “Etibarın özü də həbsdən çıxmaq üçün banklardan külli miqdarda pul götürüb, MTN-ə verib. İndi də hər ay banklara 250 min manat kredit ödəyir”.

Keçmiş bankir banklara kredit borcu olmasını inkar etməyib: “Banka krediti mən ödəyirəm, sənə nə dəxli var?”.

Etibar Əliyev deyir ki, bu işdəki zərərçəkənlərin “Texnikabank”ın “Bakı” filialının sabiq müdiri Zal Yusifovla (bir neçə il əvvəl həbs olunub - red.) münasibətləri olub. Yusifov onların pullarını ələ keçirib: “Zal Yusifov Hüseyn Səfərova deyib ki, gəl, birlikdə bank açaq. Hüseyn Səfərov da qohumlarından pulları yığıb, ona verib. Sonradan Zal Yusifov bankın kassasından oğurluq edərək, onlara aylıq əmanət faizi verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bu məsələ araşdırıldı, Zal Yusifovu işindən kənarlaşdırdıq. Yəni zərərçəkmişlərin pulları bankın balansına oturdulmayıb, onları Zal Yusifov mənimsəyib”.

Buna da bax:​ General zərərçəkənləri 'leşyeyən qarğa' adlandırdı

Bu məsələ ilə əlaqədar zərərçəkən Hüseyn Səfərovla Etibar Əliyev qarşılıqlı ittihamlar səsləndiriblər. Sabiq bankir MTN-də zərərçəkənin haqqında başlanmış, sonradan xitam verilmiş (özünün dediyinə görə, tələb olunan pulu verəndən sonra) cinayət işinin yenidən bərpa edilməsini istəyib.

Hakimlər Etibar Əliyevə şahid kimi ifadə verdiyini xatırladaraq, ondan səlahiyyət həddini aşmamağı, zərərçəkəni suçlamamağı tələb ediblər.

Prezidentə məktublar məhkəməyə göndərildi

Məhkəmədə o da məlum olub ki, MTN-in İstintaq İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyevin və Etibar Əliyevin həbs olunmasından ötrü zərərçəkənlərin prezidentə və birinci vitse-prezidentə, eləcə də başqa dövlət qurumu rəhbərlərinə ünvanladıqları məktublar araşdırılmaqdan ötrü Ali Məhkəməyə göndərilib və bu işə baxan hakimlərə yönəldilib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Qürurunuz olsun, pulumuzu qaytarın!'

“Biz də həmin məktubları cinayət işinə əlavə edirik və məhkəmə iclasında araşdırılacağı barədə qərar qəbul edirik” – hakim həmin məktublar haqda belə deyib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışan, vaxtilə Vüsal Ələkbərovla iş yoldaşı olmuş Rövşən Hüseynov məhkəməyə şahid kimi çağrılsa da, gəlməyib. O, teleqram vuraraq, işinin çox olduğunu, ibtidai istintaqa ifadəsini təsdiqlədiyini bildirib.

Vüsal Ələkbərov keçmiş iş yoldaşının məhkəməyə gəlməməsinə etiraz edib: “Bu adam müstəntiqdir, zərərçəkən Akif Qurbanovun işini aparıb. Çox həqiqətləri bilir. Bu şahidin ifadəsinin elan olunması ilə kifayətlənsək, o biri müstəntiqlər də məhkəməyə gəlməyəcək. Akif Qurbanovla bağlı epizod dövlət mənafeyi ilə bağlı məsələdir, mənim bununla bağlı Rövşən Hüseynova suallarım var. Burada mənim taleyim həll olunur, tələsmək lazım deyil. Heç mən özüm də tələsmirəm. Məni qarşıda 15 il həbsxana həyatı gözləyir”.

Buna da bax:​ Çovdarov məhkəmədən getdi və bir daha geri qayıtmadı...

Vüsal Ələkbərov həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda da vəsatət qaldırıb, amma rədd cavabı alıb.

MTN polkovniki bu qərara etirazını hakimlərə arxasını çevirməklə ifadə edib. Üzüdivara dayanan Ələkbərov zaldan çıxarılmasını istəyib: “Vəsatətlərimi təmin etmirsiniz, hüquqlarımı pozursunuz. Buna görə də prosesə sədrlik edən hakimə etiraz edirəm”.

Onun etirazı əsassız sayılaraq, təmin olunmayıb.

Məhkəmə aprelin 7-də davam edəcək.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlər prezidentdən kömək istəyir

Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasət adamının, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

XS
SM
MD
LG