Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Azərbaycanda nə qədər yoxsul var?


İ.Əliyev
İ.Əliyev

Prezidentin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı, dövlət borclarının artması və ölkədə yoxsulluğun səviyyəsi bu gün medianın aparıcı mövzularındandır...

PREZİDENTDƏN YENİ QLOBAL ƏMƏKDAŞLIQ TƏKLİFİ

«Azərbaycan» qəzetində «İlham Əliyev yeni qlobal əməkdaşlıq təşəbbüsü irəli sürdü» sərlövhəli məqalə dərc edilib. Yazıda mayın 5-dən 6-na kimi Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər dəyərləndirilir.

Müəllifin fikrincə, dövlət başçısı Azərbaycanı mədəniyyətlərarası dialoqun ən uğurlu platforması kimi təsbit edərək, beynəlxalq birliyi Bakının müsbət nümunəsindən bəhrələnməyə və səyləri birləşdirməyə səsləyib: «Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır».

Yazıda vurğulanır ki, İ.Əliyev çoxmillətli, çoxkonfessiyalı ölkə kimi, Azərbaycanda bütün etnik qrup və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını nəzərə çatdırıb.

Bundan başqa, prezident 2015-ci ildə I Avropa Oyunlarının müsəlman ölkəsi olan Azərbaycanda keçirilməsini multikulturalizm və dini tolerantlıq göstəricisi kimi dəyərləndirib.

Yazıda prezidentin islamofobiya ilə mübarizəyə aid fikirlərinə də geniş yer verilir.

Dollar
Dollar

DÖVLƏT BORCU SÜRƏTLƏ ARTIR

«Yeni Müsavat» qəzetində ««Azərenerji» ASC 360 milyon manat vergini niyə ödəməyib…» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, dövlət zəmanəti ilə alınan borclar getdikcə artmaqdadır.

Yazıda bildirilir ki, bu günlərdə «Fitch» Beynəlxalq Agentliyi «Azərenerji» ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) «BB+», qısamüddətli reytinqini isə «B» səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnozlar neqativdir: «2015-ci ilin sonuna dövlət şirkətinin borclarının 91 faizinə Maliyyə Nazirliyi zəmanət verib. Bu isə o deməkdir ki, «Azərenerji» ASC həmin borcları ödəməkdə çətinlik çəkərsə, onlar dövlət zəmanəti ilə ödəniləcək».

Müəllif vergi borcunu ödəmək məqsədilə xarici fondlardan dövlət zəmanəti ilə borc alınmasını büdcəyə ikiqat zərbə sayır.

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirir ki, bu məsələdə həyəcan təbili çalmağın vaxtı çatıb: «Əslində, Azərbaycanda dövlət borclarının hesablanmasının özündə böyük problemlər var. Hələlik, ancaq dövlətin yalnız özü üçün ayrılmış kreditlər dövlət borcu kimi hesablanır. İki il öncə dövlət borcları ümum daxili məhsulun (ÜDM) cəmi 8 faizi həcmində idi. İndi artıq bu, 20 faizi keçib».

Ekspert deyib ki, beynəlxalq praktikada dövlət zəmanəti ilə alınmış borclar da dövlət borcu sayılır. Onun bildirməsinə görə, Azərbaycanın dövlət zəmanəti ilə alınmış borclarının həcmi dövlətin özünün birbaşa götürdüyü borcların həcmindən çoxdur: «SOCAR-ın 8 milyard (2016-cı ildə SOCAR rəsmiləri borcun 6 milyard olduğunu bildirmişdilər-AR) dollardan yuxarı borcu var. Həmçinin «Azərsu» ASC, «Azərenerji» ASC, AZAL-ın dövlət zəmanəti ilə aldığı borclar var. Bir müddət sonra həmin borcları elə dövlət özü ödəməli olacaq. Ya da «Azərenerji» ASC yenidən xaricdən dövlət zəmanəti ilə borc götürərək əvvəlki borclarını qaytaracaq».

N.Cəfərlinin fikrincə, Azərbaycanın kredit reytinqi aşağıdır. Ona görə də, bundan sonra alınacaq kreditlərin faizi daha yüksək ola bilər.

Ekspert hesab edir ki, Azərbaycan xarici borc siyasətinə yenidən baxmalıdır. O, xatırladır ki, bu il ilk dəfə Azərbaycan büdcənin 12 faizi xarici borcların ödənilməsinə gedəcək.

Maliyyə Nazirliyinin bildirməsinə görə, 2016-cı ilin sonunda Azərbaycanın xarici borcu 7 milyard dollara yaxın olub.

Dilənən qadın.
Dilənən qadın.

QİYMƏTLƏR ARTDIQCA, YOXSULLARIN SAYI DA ARTIR

«Exo» qəzetində «Azərbaycanda milyonyarım yoxsul var» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkədə yoxsulluğun səviyyəsi ekspert Nəriman Ağayevlə müzakirə edilir.

«Son illər Azərbaycanda yoxsulların sayı artır. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluğun həcmi 5.5 faizdir. Reallıqda isə bu, 15 faizə çatır. Təəssüf ki, yoxsulların sayı ölkədəki qeyri-sabit iqtisadi durumdan qaynaqlanır. Manatın məzənnəsi, hələ ki, sabitləşməyib. Bu isə istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının qiymətlərinin artmasına təsir edir»,-deyə N.Ağayev bildirib.

Ekspertin fikrincə, ölkədə yoxsulluq meyarı düzgün hesablanmır.

N.Ağayev hesab edir ki, gəliri yaşayış minimumunun iki mislinə və ya 310 manata bərabər olan vətəndaşları kasıb saymaq olar.

Ekspertə görə, dövlət statistikası bir neçə səbəbdən yoxsulluğun real səviyyəsini müəyyən edə bilmir. Bunlardan biri də torpaq sahəsi olan şəxsin, hətta ondan istifadə etməsə və işləməsə belə, yoxsul sayılmamasıdır.

N.Ağayev hesab edir ki, bu məsələlərə yenidən baxılmalıdır.

Ekspert deyib ki, indiki qiymət artımı ölkədəki yoxsulların sayının bir qədər də artmasına gətirib çıxaracaq.

Müəllif Ərzaq Siyasəti üzrə Beynəlxalq Tədqiqat İnstitutunun hesabatına istinadən bildirir ki, hazırda dünyada 795 milyon nəfər aclıq çəkir. Aclıq səviyyəsinə görə, Azərbaycanın 9.8 bal alıb. Yazıda vurğulanır ki, 2008-ci ildə bu rəqəm 15.7 bal olub.

XS
SM
MD
LG