Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:54

Yaxınları Taleh Bağırzadənin “kars”a salındığını bildirir


Taleh Bağırzadə
Taleh Bağırzadə

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında cərimə kamerasına (“kars”) salındığı bildirilir. Bu haqda onun yaxınları məlumat yayıb.

Taleh Bağırzadənin cəzalandırılmasına səbəb kimi isə iyulun 20-də özü də daxil, 18 nəfərin məhkəməsində hakimin onların çıxışına imkan verməməsinə etirazları göstərilir.

İyulun 20-si Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra, təqsirləndirilən şəxslərin özləri də çıxış etmək istəyiblər.Ancaq onlardan çoxu bu istəklərini gerçəkləşdirə bilməyiblər.

Təqsirləndirilən şəxslərdən yalnız Aqil İsmayılov və Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

"Cənab hakim, siz niyə bizim sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz. Amma qorxmayın, siz demirsiniz, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki...", - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı (10 il həbs cəzası alıb) deyib.

Bu məqamda fasilə elan edən hakim bir neçə dəqiqəlik aradan sonra geri qayıdaraqprokuror Ceyhun Budaqova söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Öz ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

Hakimlər məhkəmə zalını tərk ediblər, prosesi izləməyə gələnlər məhkəmə zalından çıxarılıb.

Bu hadisədən təxminən iki saat sonra vəkillərə məlumat verilib ki, müdafiəçilərin iştirakı olmadan məhkəmə davam edib və qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi Taleh Bağırzadə və daha 17 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Təqsirləndirilən şəxslər təcridxanaya aparılandan sonra Taleh Bağırovun məhkəmədəki insidentə görə “karsa” salındığı söylənir. Digər təqsirləndirilən şəxslərdən daha kimlərin cəzalandırıldığı açıqlanmayıb.

Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: "Nardaran məhbusu" "bədəninə tok yeridildiyini" deyir

Məhkəmədə vəkil də hakimi Allah qarşısında məsuliyyətə çağırdı​

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.Yalnız ilkin dindirilmədə işgəncə yolu ilə “etirafa” məcbur edildiklərini bildiriblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərinitəkzib ediblər.

XS
SM
MD
LG