Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:47

Yeni hesabat: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar


Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017
Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017

«Gürcüstan azərbaycanlı insan haqları müdafiəçiləri, jurnalistlər və insan haqları fəalları üçün təhlükəsiz sığınacaq sayıla bilərmi? 2017-ci ilin mayında jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanıb və iki gün sonra Azərbaycanda saxlanıb. Bu, həmin ölkədə sürgün həyatı yaşayanlara sarsıdıcı zərbə oldu».

Sentyabrın 25-də açıqlanan «Sərhədlərin o tayında repressiya: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar» adlı hesabatda belə deyilir. Hesabatı Belçikanın İnsan Haqları uğrunda Beynəlxalq Tərəfdaşlıq (IPHR), ABŞ-da mənzillənən «Freedom Now» və Gürcüstanın Beynəlxalq İnsan Haqları üzrə Maarifləndirmə və Monitorinq Mərkəzi (EMC) hazırlayıb.

***Buna da bax-Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı - Əfqan Muxtarlıya görə

2016-CI İLDƏN SONRA...

Hesabatda bu 3 qeyri-hökumət təşkilatı Muxtarlının oğurlanması; azərbaycanlı dissidentlərə naməlum şəxslərin təqibi və hədələnməsi; Gürcüstanın dövlət orqanlarının həmin şəxslərin sığınacaq və yaşamaq üçün müraciətlərini şübhəli əsaslarla rədd etməsi; eləcə də Azərbaycanla vizasız rejim razılaşmasına baxmayaraq, bəzi fəalların Gürcüstana buraxılmaması hallarını araşdırıb.

Hesabatda qeyd olunur ki, 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər artanda, bir sıra azərbaycanlı fəallar və jurnalistlər təqibdən qaçaraq qonşu Gürcüstana sığındı. Ancaq özəlliklə 2016-cı ildən bəri bu ölkədəki azərbaycanlılar risklə üzləşib.

***Buna da bax-Leyla Mustafayeva: 'Azərbaycana gəlməyim əllərinə kart verəcək'

«Azərbaycanlı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə gürcücə danışan, polis geyimli şəxslər tərəfindən oğurlandığını, döyüldüyünü, sərhədə aparıldığını, orada azərbaycanlı rəsmilərə təhvil verildiyini bildirir. Bu iddialarsa Gürcüstan hakimiyyəti barədə ciddi suallar qaldırır», – hesabatda vurğulanır.

Leyla Mustafayeva
Leyla Mustafayeva

GÜRCÜSTANA BURAXILMAYANLARIN YARIDAN ÇOXU...

Hesabat müəllifləri jurnalistlər Gülnur Kazımova, Əfqanın həyat yoldaşı Leyla Mustafayeva, həmçinin siyasi fəallar Vidadi İsgəndərli, Daşqın Ağalarlı və digər azərbaycanlı fəalların Gürcüstanda izləndiyini, təqib olunduğunu qeyd edir. Azı bir halda naməlum şəxslər hücumdan da çəkinməyib və onların Azərbaycan hakimiyyətinin agentləri olduğu iddia edilir.

«Gürcüstan hakimiyyəti qısnama və hücum iddialarını araşdırmayıb. Doğrudan da, hesabat müəllifləri azərbaycanlı fəalların bildirdiyi insidentlərin araşdırılmasına dair bircə hal da aşkarlamayıb, o ki qaldı cinayətkarın tutulması. Ədalətin beləcə təmin olunmaması Gürcüstanın beynəlxalq insan haqları öhdəliklərini açıq-aşkar pozmasına dəlalət edir», – sənəddə vurğulanır.

***Buna da bax-Əfqan Muxtarlının xanımı: 'Neçə məmurun kənarlaşdırılması önəmli deyil'

Hesabatda bəzi hallarda azərbaycanlı fəalların yaşayış və sığınacaq müraciətlərinin rədd edildiyi, dövlət təhlükəsizliyi və ictimai asayişə risklə bağlı qaranlıq səbəblərin gətirildiyi qeyd olunur. Məsələn, Daşqın Ağalarlı və oğlunun müraciəti rədd edilib. Başqa bir halda isə azərbaycanlı fəal və reper Camal Əli ölkəyə buraxılmayıb.

«Statistikaya görə, 2016-2017-ci illərdə dövlət təhlükəsizliyi səbəbiylə ölkəyə buraxılmayan fərdlərin yarıdan çoxu Azərbaycandan olub», – müəlliflər yazırlar.

TÖVSİYƏLƏR

Hesabatı hazırlamış QHT-lər Gürcüstan hökumətini çağırırlar ki:

- Əfqan Muxtarlının oğurlanmasında gürcü polisinin iştirakına dair məlumatlar hərtərəfli, qərəzsiz və müstəqil şəkildə araşdırılsın; ona və həyat yoldaşına qurban statusu verilsin; araşdırmanın nəticəsi ictimaiyyətə açıqlansın;

- Gürcüstanda sürgündə yaşayan azərbaycanlılara qarşı təhdid, qısnama və hücumlarla bağlı iddialar səmərəli və müstəqil şəkildə araşdırılsın;

- Azərbaycanlı dissidentlərə sığınacaq, yaşayış izni verilməməsi, yaxud mənşə ölkə və siyasi baxışlar səbəbindən Gürcüstana buraxılmaması halları aradan qaldırılsın.

Bu hesabata Gürcüstan rəsmilərindən hələlik münasibət açıqlanmayıb.

Azərbaycan hakimiyyəti isə jurnalist Əfqan Muxtarlının hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə saxlandığını bildirir. Ümumiyyətlə, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi baxışına görə təqib olunmadığını israrla vurğulayır.

XS
SM
MD
LG