Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:39

'Siyahıda siyasi məhbus olmayanların adları yer alıb' - İşçi Qrupun üzvü


Səidə Qocamanlı
Səidə Qocamanlı

«Biz - Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu bu siyahının bir qismi ilə razı deyilik. Çünki orda elə insanlar var ki, siyasi məhbus kriteriyasına cavab vermir», – hüquq müdafiəçisi, siyasi məhbuslarla bağlı hökumətlə birgə yaradılmış İşçi Qrupun üzvü Səidə Qocamanlı Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) yanvarda elan etdiyi yeni siyasi məhbus siyahısından danışarkən belə deyir.

Monitorinq Qrupu təxminən 30, Mərkəz 161 nəfərlik siyahı ilə çıxış edir.

«Səs-küy qaldırmaqla öz miskin məqsədlərini ortaya qoyurlar»

S.Qocamanlının sözlərinə görə, Siyasi Məhbusları Müdafiə Mərkəzinin 161-nəfərlik siyahısında siyasi məhbus olmayanların adları da yer alıb. Hərçənd, hüquq müdafiəçisi ad çəkmir: «Ad çəkmək istəməzdim. Heç lazım da deyil. Amma belələri var. Özü də bir deyil, iki deyil».

S.Qocamanlı yaranmış duruma görə həmkarlarını qınayır, «əfv sərəncamı haqda xəbər çıxan kimi bəziləri özlərini göstərməkdən, hüquq müdafiəçisi kimi cəmiyyətə sırımaqdan ötrü hər bir şeyə gedirlər» söyləyir. «Belə olmaz. Bizim təcrübəmiz var. 1994-cü ildən bu işlə məşğuluq. Biz nəzərə alırıq ki, hər bir adın arxasında insan taleyi durur, onların ailəsinin, uşaqlarının taleyi durur. Bu məsələyə incə yanaşmaq lazımdır ki, qarşıdakı məqsədə – onların azadlığa çıxmasına nail ola bilək. Bunun ətrafında səs-küy qaldırmaqla öz miskin məqsədlərini ortaya qoyurlar», – S.Qocamanlı bildirir.

***Buna da bax-İ.Əliyev deyir ölkədə fundamental azadlıqlar var, bəs tənqidçilər? [video]

O bu siyahını öz hazırladıqları ilə müqayisə edir: «Bizim siyahıda 30 nəfərə qədər insanın adı var. Onların azadlığa çıxmasına nail olmaqdan ötrü əlimizdən gələni edirik. Yəni siyahı nə qədər böyük olsa, bir o qədər də onların azadlığa çıxması məhdudlaşır. Bilirsiniz ki, əfv sərəncamı gözlənilir, Demokratik Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük amnistiya da gözlənilir. Ona görə də biz əfv komissiyasına öz siyahımızı təqdim etmişik. Orda adları olanların həm yaşı, həm xəstəliyi, həm də başqa səbəblər azadlığa buraxılmalarına imkan yaradır».

«30 nəfərin azadlığa çıxmasına nail olandan sonra...»

Hüquq müdafiəçisinin söylədiyinə görə, sözügedən problemi birdən-birə həll etmək mümkün deyil.

«Çox təəssüflər ki, bəziləri siyasi məhbus siyahılarını hazırlayanda, cəmiyyətə təqdim edəndə bunların hamısının birdən azadlığa çıxması təəssüratı yaradırlar. Orda eləsi var ki, təkrar məhkəməsi tələb edilməlidir. Və ya ömürlük azadlıqdan məhrum edilənlər var, onlar birdən-birə buraxıla bilməzlər. Əvvəlcə onların cəzalarını azaltmaq, sonra işlərinə baxmaq lazımdır. Hər şeyi birdən tələb etmək alınmır», – Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü S.Qocamanlı belə deyir.

Hüquq müdafiəçisi yada salır ki, Azərbaycan 2000-ci ildə Avropa Şurasına daxil olanda 716-nəfərlik siyasi məhbus siyahısı olsa da, onların cüzi hissəsini çıxmaqla, demək olar, hamısı azadlığa buraxılıblar. «Biz 30 nəfərin azadlığa çıxmasına nail olandan sonra digərlərinin taleyi ilə məşğul olacağıq», – S.Qocamanlı bildirir.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

«Əfqan Muxtarlını necə siyasi məhbus hesab etməyə bilərik?»

«Keçən ilin mayında Tbilisidən oğurlanaraq Bakıya gətirilən, saxta ittihamlarla həbs edilən araşdırmaçı-jurnalist Əfqan Muxtarlını necə siyasi məhbus hesab etməyə bilərik? Və ya AXCP sədrinin müavini Gözəl Bayramlını, dindarları, heykəl məhbuslarını, NİDA-çıları necə məhbus hesab etməyə bilərik?».

Sualı verən siyahıları tənqid edilən, Siyasi Məhbusları Müdafiə Mərkəzinin təmsilçisi, hüquq müdafiəçisi Oqtay Gülalıyevdir. Onun fikrincə, əksinə, Monitorinq Qrupunun təqdim etdiyi rəqəm – 30-nəfərlik siyahı həqiqətdən «çox-çox uzaqdır» və ölkədə siyasi motivlərlə həbs edilənlərin sayı onların siyahısındakından – 161 nəfərdən daha çoxdur. Onun sözlərinə görə, bu şəxslərin yaxınları və ya özləri əksər hallarda hüquq müdafiəçilərinə müraciət etmirlər, bəzən də bu məsələni bir sıra səbəblərdən araşdırmaq mümkün olmur.

***Buna da bax-'Siyasi məhbus' siyahısı yenilənib – 161 nəfər…

O.Gülalıyev siyahını hazırlayarkən Avropa Şurası Parlament Assambleyasının 2012-ci il 3 oktyabr tarixli 1900 saylı qətnaməsini əsas götürdüklərini qeyd edir:

«Həmin sənəddə «siyasi məhbus kimlərə şamil olunur» sualına cavablar, kriteriyalar müəyyənləşdirilib. Biz də bu kriteriyaları əsas götürürük. Bunun əsasında siyahı yenilənir, həbsində siyasi motiv olan şəxslər siyasi məhbus elan olunurlar».

«Ömürlük həbsdə olanları siyasi məhbus hesab edirdilər, amma bu gün saymırlar»

O ki qaldı S.Qocamanlının dediyi kimi, siyahıya daha çox ad salınmaması, «məsələnin birdən-birə deyil, addım-addım həlli» məsələsinə, O.Gülalıyev bunu «çox yanlış yanaşma» adlandırır. Onun qənaətincə, siyasi motivlə həbs edilənlərin sayı siyahıda bir nəfər də olsa, azad edilməlidir, yüz nəfər də. Hüquq müdafiəçisi bu yanaşmanı Monitorinq Qrupunun məhdud fəaliyyətinə və siyahıya az adın salınmasına bəraət axtarmaq cəhdi kimi dəyərləndirir. O, ömürlük azadlıqdan məhrum edilənlərin adlarının siyahıdan kənarda qalması barədə Qrupun arqumentini qəbul etmir və yada salır ki, bir qədər əvvələ kimi məhz bu qrupa daxil olan hüquq müdafiəçiləri onları – «Səid Dadaşbəylinin dəstəsi»ni, OMON-çuları, keçmiş baş nazir Surət Hüseynovun qohumlarını, «Qaranquş dəstəsi»nin üzvlərini siyasi məhbus kimi təqdim edirdilər.

«Siyahıya daha az adın salınmasında məqsəd Azərbaycan hakimiyyətinin «ölkədə siyasi məhbus yoxdur» fikrini əsaslandırmaqdır. Onlar bununla özləri də dolayı yolla siyasi məhbusların sayının çox olduğunu etiraf edirlər. Monitorinq Qrupuna daxil olan şəxslərin özləri vaxtilə Azərbaycanda çoxsaylı məhbusların olduğunu bildirirdilər. Onlar ömürlük həbsdə olanları siyasi məhbus hesab edirdilər, amma bu gün saymırlar. Nə baş verib ki, bu mövqedən geri çəkiliblər? Mövqelərində dəyişiklik baş verib, sadəcə. Azərbaycanda siyasi məhbus sayında dəyişiklik baş verməyib. Onların sayı, əksinə, son illər daha da artıb. Birləşmiş Ştatların Dövlət Departamenti, Avropa Parlamenti, AŞPA, eləcə də bir sıra beynəlxalq qurumlar Azərbaycanda çoxsaylı siyasi məhbuslar olduğunu bəyan edirlər. Bu yaxınlarda beynəlxalq «Sərhədsiz Reportyorlar» təşkilatı bəyan etdi ki, Azərbaycan həbsdəki jurnalistlərin sayına görə dünyada beşinci yerdədir. Bunu ki biz demirik», – hüquq müdafiəçisi deyir.

Şahin Hacıyev
Şahin Hacıyev

«Nardaranda tutulanları «terrorçu» adlandırıblar»

Siyasi şərhçi Şahin Hacıyev siyasi məhbus məsələsinə Azərbaycanda illərdir müxtəlif yanaşmanın davam etdiyini bildirir, bunu da bəzən hüquq müdafiəçiləri arasındakı fikir ayrılıqları, bəzən də onlardan kimlərinsə «hökumətə işləməsi» ilə izah edir:

***Buna da bax-Cəmil Həsənli: 'Həbslərin arxasında İlham Əliyev dayanır'

«Məsələyə müxtəlif yanaşmalar var. Məsələn, bilirəm ki, bəzi hüquq müdafiəçiləri Nardaranda həbs edilənləri siyasi məhbus saymırlar, adlarını siyahıya daxil etmirlər. Ancaq dünyada «siyasi məhbus» anlayışı var. Hərçənd, bizim hökumət bunu danır, amma beynəlxalq səviyyədə qəbul edilmiş standartlar var. Kimsə siyasi mövqeyinə, hakimiyyətə münasibətinə görə əsassız həbs edilərsə, ona qarşı ədalətsizlik varsa, o adam siyasi məhbus sayıla bilər. Nardaranda tutulanları «terrorçu» adlandırıblar, dövlət çevrilişi hazırlayan dəstə kimi təqdim ediblər. Amma bu təsdiqlənmirsə, sübut edilmirsə, deməli, onların haqları pozulub, avtomatik siyasi məhbusdurlar. Ola bilsin, onların yaratmaq istədiyi başqalarının xoşuna gəlmir, mənim də həmçinin, mən də istəməzdim Azərbaycanda islam dövləti qurulsun. Amma buna görə insanı «terrorçu» adlandırmaq olmaz. Onun amalı, fikri tənqid edilə bilər və ya hüququ nədəsə məhdudlaşdırıla bilər. Ancaq onu etmədiyi işə görə tutmaq, 15-20 il iş vermək avtomatik siyasi məhbusa çevirir».

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi mövqeyinə görə təqib olunmadığını, konkret şəxslərin cinayət əməllərinə görə cəza çəkdiyini bəyan edir. Bununla belə, hökumət bu məsələni həll etmək üçün bəzən beynəlxalq qurumlarla birgə əməkdaşlıq edəcəyinə söz verərək müxtəlif qurumlar yaratsa da, problem hər dəfə uzanaraq çözülməmiş qalır.

XS
SM
MD
LG