Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:57

‘Öz işinizlə məşğul olun’


Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov, arxiv fotosu
Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov, arxiv fotosu

Aşqabad özəlliklə qaz kəməri məsələlərində xeyriyyəçilik gözləmir. Bunu Türkmənistanın hökumətyönlü “Orient” agentliyinin portalında Nury Amanov yazır.

Müəllif “Sputnik-Azərbaycan” agentliyinin dərc etdiyi məqalələrdən birinə cavab verir. Həmin məqalədə qeyd olunurdu ki, Azərbaycanın öz təbii qazını Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırmasının xərci 2020-ci ilədək 11,5 milyard dollara çatacaq və Azərbaycan hakimiyyəti türkmən qazını ixrac edəcək Transxəzər qaz kəmərinin tikintisi üçün əlavə xərcləri ödəyən deyil.

“ƏKSİNİ İDDİA ELƏYƏN YOXDUR”

Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin Almaniyanın kansleri Angela Merkellə Bakıda mətbuat konfransında dedikləri sitat gətirilir. Əliyev demişdi ki, Transxəzər qaz kəmərinin tikintisi ən çox qaz sahibinə maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir.

Heç kəs bunun əksini iddia eləmir. Türkmən təbii qazının ixracı hamıdan öncə Aşqabada maraqlıdır və türkmən tərəfin kimdənsə bununla məşğul olmağı xahiş etməsi real deyil. Layihəyə qoşulmuş digər ölkələr bunu öz kommersiya maraqlarına görə edirlər. Maraq varsa, qatıl, yoxsa öz işinlə məşğul ol. Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı türkmən qazının Xəzər dənizi vasitəsilə Avropaya ixracının təşkili ilə illərdir məşğuldur. Heç kəs bu işə zorla cəlb olunmayıb. Hər kəs bu layihənin iqtisadi faydası göz qabağında olduğundan ona qoşulub”, – Türkmənistan saytındakı məqalədə oxuyuruq.

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində, 29 may, 2018-ci il
Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində, 29 may, 2018-ci il

Məqalədə Türkmənistanın təbii qaz bazarında bir rəqib olduğu, bu ölkənin qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yeri tutduğu, eyni zamanda Aşqabadın sağlam, bərabər rəqabətdən çəkinmədiyi də vurğulanır.

Müşahidəçilərin fikrincə, bu, Türkmənistan tərəfdən indiyədək görünməmiş bir addımdır, çünki onlar adətən, belə məsələlərə hətta media kanalları vasitəsilə belə cavab vermirlər.

AZƏRBAYCAN HƏM DƏ RUSİYAYA RƏQİB OLMADIĞINI DEYİR

“Sputnik-Azərbaycan” portalında Fuad Əlizadə yazırdı ki, Azərbaycan Türkmənistanın yerinə pul xərcləyən, Transxəzər kəmərinin tikintisi üçün əlavə xərcləri öz üzərinə götürən deyil.

Müəllif onu da qeyd edir ki, Azərbaycan yaxın gələcəkdə Cənub Qaz dəhlizi ilə “mavi yanacağ”ın əsas təchizatçısı olacaq və burada Rusiya layihələrinə hər hansı rəqabətdən söhbət getmir.

“Azərbaycanın bu dəhlizlə Avropa bazarına çatdıracağı qazın həcmi hətta ortamüddətli perspektivdə ildə 30 milyard kubmetri aşmır və uyğun olaraq, Cənubi Qaz Dəhlizi hətta ortamüddətli perspektivdə Rusiyanın Şimal axını-2 və Cənub axını kəmərlərinə rəqib ola bilməz”, – məqalədə vurğulanır.

Cənub Qaz Dəhlizi Şah Dəniz-2 layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa bazarına çatdıracaq kəmərlər sistemidir. Azərbaycan qazı Azərbaycan vəGürcüstandan keçən Cənubi Qafqaz kəməri, Gürcüstan və Türkiyə ərazisindən keçən Trans Anadolu kəməri (TANAP) və Yunanıstan, Albaniya və İtaliyadan keçən Trans Adriatik kəməri (TAP) vasitəsilə daşınacaq.

XS
SM
MD
LG