Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

14 ilə qədər cəza alan keçmiş məmurlar necə azadlığa çıxır


Manat
Manat

2015-ci ilin oktyabr-noyabr aylarında iki mühüm dövlət strukturunda – Milli Təhlükəsizlik Nazirliyi, bir də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. Beş general da daxil olmaqla, 30 nəfərdən çox vəzifəli şəxs həbs edildi. Təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsənilməsindən tutmuş, adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələyib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərdə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verildi.

Bu əməliyyatların heç 4 ili tamam olmayıb. Ancaq həmin şəxslərin təxminən 10 nəfəri həbsdə qalıb, qalanlarının hamısı azadlıqdadır.

V.Zeynalov
V.Zeynalov

Rabitəçi məmurların hamısı azadlıqda...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 vəzifəlisi həbs olunmuşdu. Onlara 13 ilə qədər həbs cəzası verilmişdi. Amma hazırda heç biri həbsdə deyil.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov və «Bakı Telefon-Rabitə» İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun hər birinə 13 il, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin direktoru Namazalı Məmmədova 11 il, «Bakı Rabitə Təmir-Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərinin direktoru Emin Məmmədova 10 il, «Azərpoçt»un baş direktoru Qəmbər Bəybalayevə 3 il, «Bakı Telefon Rabitə»nin baş direktoru Anar Mustafayevə 5 il həbs cəzası verilmişdi.

«Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, bu qurumun baş mühasibi Oqtay Rüstəmov, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin baş mühasibi Səhrab Hümbətov, «AzİnTelekom» MMC-nin baş direktoru Cəlil Cəfərov, «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərin direktoru Bayram Vəliyevə şərti cəza verilərək, 1 il həbsdən sonra onlar azadlığa buraxılmışdı.

Sonradan apellyasiya məhkəməsi V.Zeynalov və B.Hüseynov istisna olmaqla, qalanlarının da cəzasını şərti hesab edib, onları azadlığa buraxdı. Adları çəkilən bu iki nəfərin də cəzası azaldıldı. V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirildi. Bu il martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla V.Zeynalov vaxtından əvvəl azadlığa buraxıldı. Bir gün sonra – martın 16-da isə B.Hüseynov prezidentin əfv sərəncamıyla həbsdən çıxdı.

A.Çovdarov
A.Çovdarov

Keçmiş MTN-çilərdən həbsdə kim qalıb?

2015-ci ilin oktyabr-noyabrında MTN-in isə 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onlardan hazırda 10-a yaxın adam həbsdədir.

Bir nəfər – nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra – 2015-ci il dekabrın 20-də istintaq təcridxanasında intihar edib.

MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cəzası öncə 3 ilə endirilmiş, daha sonra o, azadlığa buraxılmışdı.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarov tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Amma indi Çovdarov və polkovnik Səlim Məmmədovdan başqa həbsdə olan yoxdur. İdarə rəisi Akif Əliyev də təxminən 10 gün öncə azadlığa çıxdı.

Generallardan Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya elə birinci instansiya məhkəməsi şərti cəza vermişdi. O, istintaq və məhkəmə dövründə də həbsdə saxlanmamışdı. General xanımın rəhbərlik etdiyi idarənin əməkdaşları Fərhad Atayev Elşad Əzizova da məhkəmə şərti cəza verərək, onları azadlığa buraxmışdı.

MTN-in digər əməkdaşlarından Anar Şirəliyev Eşqin Əliyevin hər birinə verilən 3 il həbs cəzası isə başa çatdığına görə onlar da xeyli vaxtdır azadlıqdadır.

Məhkəmənin hökmü ilə general rütbəsi alınanlardan A.Çovdarovla yanaşı, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev Zaur Məmmədov həbsdədir.

Ancaq adları çəkilən şəxslərin işlərinə hələlik, Ali Məhkəmə baxmayıb.

H.Həsənov
H.Həsənov

«Təəssüf ki, belədir»

Vəkil Hafiz Həsənov deyir ki, keçmiş məmurlara şərti cəza verilməsi, yaxud da onların vaxtından əvvəl azadlığa çıxmalarında qanunsuzluq yoxdur. Yəni hakimlər onlara münasibətdə qanunun imkan verdiyi güzəştləri tətbiq ediblər: «Qanunvericilik azadlıqdan məhrum edilmiş şəxslərin vaxtından əvvəl buraxılması, cəzanın qalan hissəsinin daha yüngül cəza ilə əvəzlənməsinə müəyyən şərtlər daxilində imkan verir. Ancaq qanunda törədilən cinayətin növü ilə bağlı hədlər müəyyənləşdirilib. Elə kateqoriyadan cinayətlər var ki, cəzanın üçdə biri, eləsi var, yarısı, ağır cinayətlərdə isə dörddə üçü çəkiləndən sonra vaxtından əvvəl azadlığa buraxılmaq şansı yaranır. Demək istədiyim odur ki, hüquqi əsaslar olduqda məhbuslar bundan yararlana bilər».

Cəmiyyətdən təcrid olunmadan – həbs edilmədən belə, islah olunmanın mümkünlüyünü qeyd edən vəkil deyir ki, şərti cəza, yaxud cəzasının bir hissəsini çəkmiş şəxsin vaxtından əvvəl həbsdən buraxılması məhbusların sayının azaldılması baxımından da müsbət haldır. Çünki bu, həm də dövlətin yükünün azaldılması deməkdir. Ancaq vəkil də o fikirdədir ki, qanunun verdiyi bu imkanlar bütün şəxslərə münasibətdə eyni cür tətbiq olunmur: «Təəssüf ki, belədir».

N.Səfərov
N.Səfərov

««Şah qanundur» prinsipi ilə çıxış edirlər»

Hüquqşünas Namizəd Səfərov keçmiş məmurların qısa müddətdə azadlığa buraxılması məsələsini şərh edərkən öncə jurnalist Seymur Həzini, AXCP Rəyasət Heyətinin üzvü, birinci qrup Qarabağ əlili Asif Yusiflini və həbsdə olan başqa ictimai-siyasi fəalları yada salır. Küçədə tanımadığı adamı su şüşəsi ilə vurmaqda suçlanıb 5 il azadlıqdan məhrum edilən jurnalistin cəzasının başa çatmasına 3 ay qalıb, hələ də həbsdədir. A.Yusiflinin isə cəmi 6 ay cəzası qalıb.

«Ölkənin on milyonlarla vəsaitini mənimsədiyi konkret sübutlarla təsdiqlənən, xalqa, dövlətə ziyan vuran adamlar, uzağı, 2-3 ildən sonra buraxılır, sağlamlığını bu ölkənin azadlığı, ərazi bütövlüyü uğrunda qurban verənlər isə qanunun verdiyi imkanlardan yararlana bilmir. Çünki bu cür məsələlərdə əsas olan siyasi hakimiyyətin baxışıdır. Aydındır ki, məhkəmələr bu qərarları sifariş əsasında verir. Hakimiyyət istəyirsə, ən ağır cinayət törətmiş şəxslər qısa müddətdə azadlıqda olur. Yox, əgər siyasi hakimiyyət üçün «arzuolunmaz» şəxsdirsə, deməli, onu sübut-dəlilsiz uzunmüddətli cəzaya məhkum etmək, xırda inzibati xətanı şişirib, ağır cinayət kimi təqdim etməklə, illərlə həbsdə saxlamaq olar. Yəni bu cür məsələlərdə «qanun şahdır» yox, «şah qanundur» prinsipiylə çıxış edirlər», - N.Səfərov belə deyir.

XS
SM
MD
LG