Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

İmpiçment Trump-ın mülki hüquqlarını pozurmu – Qərb mediası


Donald Trump
Donald Trump

Ağ ev bildirir ki, ABŞ Prezidenti Donald Trump demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının impiçment araşdırması ilə əməkdaşlıq etməyəcək. Buna səbəb kimi araşdırmanın tamamilə ədalətsiz olması, onun hüquqlarını pozması göstərilir.

Ağ evin müşaviri Pat Cipollone Palatadakı Demokratlara məktubunda yazıb ki, Trump-ın vəkillərinə şahidlərin dindirilməsinə, dəlilə çıxış verilməlidir, “bütün amerikalılar üçün nəzərdə tutulan təməl hüquqlar” təmin olunmalıdır. Hüquq ekspertləri isə bildirirlər ki, impiçment hüquqi deyil, siyasi proses olduğundan Palatanın araşdırmanın əsas qaydalarını təyin etmək səlahiyyəti var.

“Reuters” agentliyi impiçment araşdırmasının prezidentin hüquqlarını pozub-pozmadığından yazır.

Agentlik qeyd edir ki, Ağ evin istədiyi bəzi qorumalar keçmiş prezidentlər Bill ClintonRichard Nixon-a da verilmişdi. Məsələn, Palata Nixon-un vəkillərinə impiçment araşdırması zamanı dəlilə və ifadələrə çıxmasına icazə verib. Nixon 1974-cü ildə, impiç olunmadan istefa verib.

Palata buna “borclu deyil”

Missuri Universitetində hüquq professoru Frank Bowman deyir ki, ABŞ Konstitusiyası Palataya proses üçün öz qaydalarını təyin etmək azadlığı verir. Onun sözlərinə görə, Nümayəndələr Palatası Trump-ın vəkillərinə prosesdə iştiraka icazə verməyə də borclu deyil.

Trump tez-tez məhkəmələrə üz tutaraq hansısa qaydaya dəyişiklik istəyir, ancaq eksperlər bu variantın bu halda keçərli olmadığını bildirir. Konqresin keçmiş hüquqşünası Michael Stern deyir ki, Ali Məhkəmə daxil olmaqla federal məhkəmələr impiçment araşdırmasının legitimliyinə baxa bilməz.

“Bu prosesdə məhkəmələr üçün rol nəzərdə tutulmayıb”, – 1996-2004-cü illərdə Palatanın aparıcı müşaviri olmuş Stern vurğulayıb.

Ancaq hüquq ekspertlərinin fikrincə, Trump-a təməl qorumalar, onun vəkillərinə isə prosesdə iştiraka icazə verilərsə, araşdırma daha ədalətli olar. Bu, demokratlar tərəfindən müdrik siyasi addım olardı, Vaşinqtonda impiçment vəkili Ross Garber deyib.

“The Associated Press” agentliyi də sözügedən məsələni araşdırıb.

“Konstitusiyada qeyd olunur ki, təkcə Palatanın impiçment aparmaq səlahiyyəti var və təkcə Senat impiçment məhkəməsi qura bilər”, – yazan agentlik ana qanunda digər prosedurlar haqda ətraflı bilgi verilmədiyini qeyd edir.

XS
SM
MD
LG