Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:51

Piylənmə varlı ölkələrin xəstəliyi deyilmiş


Arxiv fotosu
Arxiv fotosu

Uzun illər piylənmənin zəngin ölkələrə xas xəstəlik olduğu düşünülürdü. Amma elə deyilmiş. Son araşdırmalara görə, dünyada 2 milyard artıq çəkili və piylənmiş əhalinin 70 faizindən çoxu aşağı və ortagəlirli ölkələrdə yaşayır. Piylənmənin səbəb olduğu əlillik, ölüm halları, tibbi xidmətin bahalığı və daha az məhsuldarlıq getdikcə gəlir səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə artan problemə çevrilir. Bunu Dünya Bankı fevralın 7-də açıqladığı hesabatında deyir.

Piylənmə ölkə iqtisadiyyatlarına və insan kapitalına böyük təsir göstərir – məhsuldarlığı və ömür uzunluğunu azaldır, əlilliyi və tibbi xidmət xərclərini artırır. Gələn 15 il ərzində piylənmənin inkişaf etməkdə olan ölkələrə 7 trilyon ABŞ dollarından çox vəsaitə başa gələcəyi proqnozlaşdırılır.

Artan piylənmə və xərclər

Hesabatda qeyd olunur ki, piylənməylə bağlı xəstəliklər dünyada 3 əsas ölüm səbəbi sırasındadır. Bu, təkcə Saharaaltı Afrikaya aid deyil.

1975-ci ildən bəri piylənmə üç dəfəyə yaxın artıb və hər il dünyada 4 milyon nəfərin ölümünə səbəb olur.

Piylənmə epidemiyasını gücləndirən faktorlar sırasında ultra-emala məruz qalmış və şəkərli ərzaq, fiziki fəaliyyətin azlığı, gəlirlərin çoxalması göstərilir. Qeyri-sağlam ərzaqdan aşırı istifadə də bu sıradadır.

“Ölkələr iqtisadi baxımdan inkişaf etdikcə, adambaşına düşən gəlir artdıqca, piylənmənin məhvedici təsirləri və yükü kasıblara doğru yönlənəcək”, – hesabatın həmmüəlliflərindən, Dünya Bankında Qidalanma üzrə direktor Dr. Meera Shekar deyib. Sənədin digər müəllifi isə Şimali Karolina Universitetindən Dr. Barry Popkindir.

2000-2009-cu illərdə Çində piylənmənin tibbi xərclərinin ölkənin illik səhiyyə xərcləməsindəki çəkisi yarım faizdən 3 faizə yüksəlib. Braziliyada isə piylənməylə bağlı tibbi xərclər 2010-cu ildə 6 milyard ABŞ dollarından azı idi, 2050-ci ildə 10 milyard ABŞ dollarını keçəcək.

Birbaşa xərclərdən başqa, dolayı xərclər də mövcuddur. Məsələn, iş məhsuldarlığının azalması, işdən yayınma, daha erkən təqaüd çıxma həm fərdlərə, həm də cəmiyyətə təsirini göstərir.

Dünyada bir çox ölkələrin “pis qidalanmanın ikiqat yükü”ndən əziyyət çəkdiyi vurğulanır. Bu, boyun qısalması, piylənmə səviyyəsinin artması deməkdir ki, insan kapitalını daha artıq zərbə altında qoyur.

Çıxış yolları

“Piylənmə və digər keçici olmayan xəstəliklərin müalicəsinin effektiv yollarından biri əlçatan, keyfiyyətli ilkin tibbi xidmətə investisiyanı artırmaqdır”, – Dünya Bankında Səhiyyə, Qidalanma və Əhali üzrə Qlobal Direktor Dr. Muhammad Pate deyib.

“Bu, həm səhiyyə, həm də iqtisadi perspektivdən məqsədəuyğundur. Vəziyyəti daha tez, ciddiləşmədən aşkarlayıb müalicə etməkdən ötrü ön cəbhəyə daha çox resurs yönəltmək, həyatları xilas edir, sağlamlıqla bağlı nəticələri yaxşılaşdırır, səhiyyə xərclərini azaldır və hazırlığı gücləndirir”, – o, sözlərinə əlavə edib.

Hesabatda qeyd olunur ki, gələcək nəsillərin piylənməsini azaltmaqdan ötrü hökumətlər və inkişaf tərəfdaşları daha hərtərəfli yanaşma qəbul etməlidirlər. Emal olunmuş ərzağın etiketlənməsini məcburi etmək; istehlakçı maarifləndirməsini gücləndirmək; duzlu və şəkərli-şirinləşdirilmiş içkiləri azaltmaq; daha erkən uşaq qidalanması proqramlarına sərmayə qoymaq kimi qabaqlayıcı tədbirlər təklif olunur.

Güclü fiskal siyasətin vacibliyi də vurğulanır. Məsələn, qeyri-sağlam ərzağa vergi qoyula bilər. Yaxud şəhərsalma dizaynını təkmilləşdirmək olar, məsələn məktəblərdə oyun meydançaları salmaq, piyada və velosiped cığırlarını artırmaq kimi.

XS
SM
MD
LG