Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:17

'ASAN viza' vizaların 45 günə rəsmiləşdirilməsini dayandırır


“ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır.

Bu barədə martın 12-də Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının koronavirus infeksiyasını (COVİD-19) qlobal pandemiya elan etməsi və Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə izah edilib.

Açıqlamada yazılıb ki, Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşlarından viza rəsmiləşdirilməsi üçün bu ölkənin müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur:

“Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcək. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi siyahıya əsasən xüsusilə COVID-19 virusunun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVID-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil olunacaq. Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin, əcnəbi ölkə vətəndaşları COVID-19 testindən keçirilə bilər”.

Məlumatda habelə bildirilib ki, Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa və Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14günlük (tələb olunduğu halda 21 günlük) karantin rejiminə yerləşdiriləcəklər:

“Bütün vətəndaşlardan COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.”

Açıqlamada Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı və digər dövlətlərdə olan Azərbaycan vətəndaşlarından xahiş edilir ki, ölkələrinin aidiyyəti səfirlik və konsulluqlarında qeydiyyata düşsünlər.

Habelə, onlardan olduqları ölkələrin COVID-19 virusu ilə əlaqədar karantin qaydalarına riayət etmələri xahiş olunur.

XS
SM
MD
LG