Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:24

Tokio Olimpiya Oyunları təxirə salınır


Shinzo Abe
Shinzo Abe

2020-ci il Tokio Olimpiya oyunları koronavirus pandemiyasına görə bir illiyə təxirə salınır.Yaponiyanın Baş naziri Shinzo Abe deyir ki, o, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Thomas Bach ilə belə bir razılaşma əldə edib.

“Oyunları bir illiyə təxirə salmağı təklif elədim və Prezident Bach bununla 100 faiz razılaşdı”, – Abe martın 24-də jurnalistlərə deyib.

Sülh dövründə görünməmiş bu addım “mövcud durumu nəzərə alaraq” atılıb, Abe deyib. O, bütün tərəflərin atletlər və izləyicilər üçün təhlükəsiz mühit istədiyini vurğulayıb.

Olimpiya məşəli Yaponiyada qalır

BOK bildirib ki, oyunlar “2021-ci ilin yayından gec olmayaraq keçiriləcək” və yenə də 2020-ci il Tokio Olimpiya Oyunları adlandırılacaq.

“Liderlər razılaşıblar ki, Tokioda Olimpiya Oyunları bu narahat dönəmdə dünya üçün bir ümid qığılcımı olsun, Olimpiya məşəli dünyanın hazırda içinə düşdüyü tunelin sonundakı işığa çevrilsin. Buna görə Olimpiya məşəlinin Yaponiyada qalması razılaşdırılıb”, – BOK bəyanatında bildirir.

1948-ci ildən bəri hər dörd ildən bir keçirilən Olimpiya oyunları virusun təsir göstərdiyi ən yüksək səviyyəli tədbirdir.

Artıq bu virusdan dünya üzrə 17 mindən çox adam dünyasını dəyişib, qlobal idman tədbirləri dayandırılıb.

BOK ilkin vaxtlar oyunların keçirilməsində israrlıydı, son günlər siyasətini dəyişdi. Belə ki dünyada 1,7 milyard nəfər karantin altındadır.

Son rəqəmlərə görə, Tokio Oyunların keçirilməsinə 12,6 milyard dollar xərcləyir. Ekspertlər təxirə salmanın Yaponiyaya qısa müddətə 6 milyard dollara başa gələcəyini hesablayıblar.

XS
SM
MD
LG