Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Qanun adamları qanunsuz cəzalandıranlar haqda nə deyir


Hakim
Hakim

Azərbaycan məhkəmələrin çox nadir hallarda bəraət hökmü çıxardığı ölkələrdəndir. Statistik göstəricilərə nəzər salanda aydın olur ki, ölkədə bəraət hökmlərinin sayı heç bir faizə çatmır.

Hələ ki, 2019-cu ilə aid statistika açıqlanmadığına görə ondan əvvəlki üç ilin rəqəmlərinə diqqət yetirək: 2018-ci ildə 10 min 172 ittiham üzrə 87 bəraət hökmü; 2017-ci ildə 11 min 356 ittiham üzrə 87 bəraət hökmü; 2016-cı ildə 11 min 650 ittiham üzrə 68 bəraət hökmü çıxarılıb.

Hökm ancaq cinayət işləri üzrə prosesin sonunda yekun nəticədir. Şəxsin barəsində bəraət hökmü çıxarılırsa, bu o deməkdir ki, onun haqqındakı cinayət işi əsassız, qanunsuz olub. Əgər bu hökmü birinci instansiya məhkəməsi çıxarırsa, istintaq orqanının yol verdiyi qanunsuzluğu aradan qaldırmış olur. Yox, yuxarı instansiyalar belə nəticəyə gəlirsə, bu o deməkdir ki, istintaqdan başlanmış qanunsuzluğu aşağı instansiya məhkəməsi də aradan qaldırmayıb.

Bəraət almış şəxsin maddi və mənəvi ziyana görə kompensasiya tələb etmək hüququ var. Eyni zamanda, qanunvericilik ona təqsirsiz olduğu halda, cəzalanmasına səbəb olan müstəntiq, prokuror və hakimlərin cəzalanması üçün şikayət etmək hüququ verir.

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Azadlıqdan məhrumetmə cəzası da var

Qanunvericilikdə adamları qanunsuz və əsassız cəzalandıran istintaqçılar, hakimlər üçün hətta cinayət məsuliyyəti, həbs cəzası da nəzərdə tutulub. Məsələn, Cinayət Məcəlləsinin 290-cı maddəsində "təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə", 292-ci maddədə "qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama", 295-ci maddədə "bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma"ya görə cəzalar müəyyənləşdirilib.

Məsələn, CM-in 290.2 maddəsində təqsiri olmadığını bildiyin halda, şəxsi ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edib, həbsdə saxlamağa görə 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Yaxud da CM-in 295.2 maddəsində bilə-bilə ədalətsiz hökm çıxarmaqla şəxsin həbsdə qalmasına səbəb olanlar üçün 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Konkret ReAL Partiyasının sədri İlqar Məmmədovun işində Ali Məhkəmənin Plenumu 23 aprel qərarıyla təsdiqlədi ki, o, təqsiri olmadığı halda 5 il yarım həbsdə saxlanıb. Buna görə İ.Məmmədova 234 min manat təzminat ödənilməsinə qərar verilsə də, təqsirsiz şəxsin həbsdə saxlanmasına səbəb olan müstəntiq, prokuror və hakimlərlə bağlı heç nə deyilmədi. Hərçənd, İ.Məmmədovun işi indiyədək 20-yə yaxın hakimin əlindən gəlib keçib. Bu işə bir dəfə Şəki Ağır Cinayətlər Məhkəməsində, iki dəfə Şəki Apellyasiya Məhkəməsində, iki dəfə Ali Məhkəmədə kollegial şəkildə (hər birində üç hakim) baxılmışdı.

ReAL sədri onun haqqında cinayət işi başlamış və istintaqı aparmış müstəntiq və prokurorların, hökm çıxarmış və bu hökmü qüvvədə saxlamış hakimlərin cəzalandırılması üçün hüquqi addımlar atıb-atmayacağı barədə AzadlıqRadiosunun sualına şərh vermək istəməyib.

F.Mehdiyev
F.Mehdiyev

"O hakimlərin cəzalanması real deyil"

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyir ki, şəxs özü də şikayət verib, əsassız cinayət təqibinə məruz qalmasına səbəb olanların cəzalandırılmasını tələb edə bilər. Amma hansısa istintaqçı və ya hakimin bilə-bilə qanunsuz qərar (hökm) verməsi üzə çıxarılırsa, onun cəzalanması üçün ziyan çəkmiş şəxsin şikayətini gözləmək vacib deyil. Çünki Cinayət Məcəlləsinin 290, 295-ci maddələri "ictimai ittiham qaydasında başladılan cinayət işləri" kateqoriyasına aiddir. Yəni, vətəndaşın şikayət etməsi mütləq deyil.

Bəzi hallarda hakimlər bəraət hökmü çıxararkən həmin iş üzrə pozuntuya yol vermiş müstəntiq və ya hakim haqqında da xüsusi qərar çıxarır.

Konkret İ.Məmmədovla bağlı məsələyə toxunan ekspert vaxtilə bu iş üzrə qanunsuz qərarlar vermiş şəxslərin cəzalandırılacağına inanmır. Fikrini də belə əsaslandırır: "İlqar Məmmədovun işində Avropa Məhkəməsi Konvensiyanın 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsinin pozuntusunu tanıyıb. Yəni, İlqar Məmmədovun azadlığı siyasi məqsədlərlə məhdudlaşdırılıb. Bu da o anlama gəlir ki, hakimlər siyasi sifariş əsasında - bilə-bilə onun cəzalandırılması haqda hökm, qərar çıxarıblar. Belə olan halda o hakimlərin cəzalanması da real deyil".

F.Mehdiyevin fikrincə, qanunsuz qərarlar verən müstəntiq və hakimlərin cəzalanmasını nəzərdə tutan normalar o zaman işlək olacaq ki, ölkədə məhkəmələr müstəqil fəaliyyət göstərəcək. Onun sözlərinə görə, reallıqda qanunsuz hökm və qərarların sayı çox olsa da, buna görə cəzalanan yoxdur: "Çünki hakimlər müstəqil deyil, nə deyirlərsə, onu eləyirlər. Cəzalandırılanda deyəcəklər ki, siz demisiz, biz də eləmişik...".

Ə.Nuriyev
Ə.Nuriyev

"Söhbət bilə-bilə qanunsuz qərar verməkdən gedir"

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, təqsirsiz şəxsin əsassız cinayət məsuliyyətinə cəlb olunmasına görə məsuliyyət daşıyan şəxslər (müstəntiqlər, hakimlər) haqqında dəfələrlə xüsusi qərarlar çıxarılıb. Amma o adamların cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasıyla bağlı presedent xatırlamır: "Burada bir məsələyə diqqət yetirmək lazımdır. Söhbət bilə-bilə qanunsuz qərar verməkdən gedir. Ola bilər ki, hakim və ya müstəntiq qanunu yanlışlıqla düzgün tətbiq eləmir. Bu halda intizam xarakterli tənbeh tədbirləri tətbiq olunur. Amma bilə-bilə edirsə bunu, artıq cinayət məsuliyyəti yaranır. Bunu da mütləq sübut etmək lazımdır".

Ə.Nuriyev onu da əlavə edib ki, bəraət almış şəxsin nəinki özünün, hətta yaxınlarının çəkdiyi iztiraba görə də kompensasiya tələb etmək hüququ var: "Qanun bəraət almış şəxsə həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb etmək hüququ verir".

Xatırlatma

Aprelin 23-də Ali Məhkəmənin Plenumu ReAL sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun Avropa Məhkəməsinin çıxardığı qərarlar əsasında işinə baxıb. Plenum belə nəticəyə gəlib ki, bu şəxslər barədə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar əsassız, qanunsuz olub, ona görə də barələrindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəyəcək.

XS
SM
MD
LG