Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:16

'İşğalın 100 ili': 3 tarixçiyə 5 sual (Aydın Balayev)


Qırmızı Ordu, Bakıda, 1920
Qırmızı Ordu, Bakıda, 1920

AzadlıqRadiosunun arxivindən (2020). Aprelin 28-də (əslində, 27-də) rus-bolşevik qoşunlarının Azərbaycan Cümhuriyyətini işğal etdiyi günün 100-cü ili tamam olur. AzadlıqRadiosu-nun "İZ" proqramı o dönəmin 3 tanınmış araşdırıcısına - Cəmil Həsənliyə, Solmaz Tohidiyə və Aydın Balayevə üz tutaraq bu işğal olayını dəyərləndirmələrini xahiş edib. “3 tarixçiyə 5 sual” adlanan müsahibə 3 bölümdə diqqətinizə yetiriləcək və hər bölümdə bir tarixçinin cavabları əksini tapacaq.

“İşğalın 100 ili”. 2-ci müsahibə

Azerbaijan -- historian Aydin Balayev - 2013
Azerbaijan -- historian Aydin Balayev - 2013

Aydın Balayev: “Azərbaycanı ruslar üçün cəlbedici edən əsas amil nə qara, nə ağ, nə də başqa bir rəngdəki “qızıl” deyil, onun geostrateji mövqeyi idi”

AzadlıqRadiosu (AR): Qarşıdan Rəsulzadənin diliylə deyilsə, “böyük faciə”nin - bolşevik işğalının 100 illiyi gəlir. Sizcə, bu qanlı tarix niyə unudulmamalıdır?

Aydın Balayev (A.B.): İndira Qandinin məşhur bir kəlamı var: “Tarix - ən yaxşı müəllimdir. Lakin təəssüflər olsun ki, onun şagirdləri - ən pis şagirdlərdir”. Bu mənada, dünyada öz tarixindən dərs almaq iqtidarında olan çox az sayda xalq var və nə yazıq ki, bizlər hələ onların siyahısına daxil deyilik. Bununla belə, şübhə doğurmur ki, 100 il öncəki qanlı hadisələrin unudulması daha böyük miqyaslı faciələrə gətirib çıxara bilər. Çünki tarixi bilmək, sadəcə onunla qürur duymaq üçün yox, bu gün və ən əsası, sabah edə biləcəyimiz yanlışlardan qurtulmaq üçün vacibdir. Eyni zamanda, unutmayaq ki, üstündən 100 il keçməsinə baxmayaraq, şimaldan da, cənubdan da istiqlalımızı təhdid edən qüvvələr dəyişməz olaraq qalır.

Kirov və Orzhonokidze Bakı dəmir yol vağzalında, 28 aprel 1920
Kirov və Orzhonokidze Bakı dəmir yol vağzalında, 28 aprel 1920

AR: Sizcə, “28 Aprel olmaya bilərdimi” sualının cavabı doğruları üzə çıxarmaq baxımından nə dərəcədə önəmlidir?

A.B.: İstənilən halda aprel işğalı qaçılmaz idi. Bu səbəbdən də, “28 Aprel olmaya bilərdimi?” sualına cavabın həqiqətləri üzə çıxarmaq baxımından nə dərəcədə önəmli olması məsələsini müzakirə etmək, məncə, mənasızdır. Azərbaycan nə o zaman, nə də indi yalnız öz qüvvəsi hesabına istiqlalını xarici müdaxilələrdən qoruyub saxlamaq gücündə deyildi. Belə bir vəziyyətdə Azərbaycan istiqlalının yeganə qarantı Türkiyə ola bilərdi ki, 1920-ci ilin baharında onun başı öz problemlərinə qarışmışdı. Bizim bəzi “patriot”larda qıcıq yaratsa da, deməliyəm ki, məhz o zamankı geosiyasi durumu və Azərbaycan cəmiyyətinin yetkinlik səviyyəsini dərindən təhlil edən Əhməd bəy Ağaoğlu belə bir nəticəyə gəlmişdi ki, üç qocaman imperiya – Rusiya, Osmanlı və İranın strateji maraqlarının toqquşduğu Cənubi Qafqaz kimi bir regionda Azərbaycan türklərinin həyat qabiliyyətli müstəqil dövlətinin yaradılması qeyri-realdır. Əhməd bəy əmin idi ki, hətta belə bir dövlətin yaranacağı təqdirdə belə, o ən yaxşı halda daha qüdrətli qonşularının əlində oyuncağa çevriləcək, ən pis halda isə gec-tez onlar tərəfindən ilhaq olunacaqdır. Buna görə də, Ə. B. Ağaoğlu öz düşüncəsinə görə, daha real və mümkün bir variant, Azərbaycan türklərinin Türkiyənin tərkibinə inteqrasiyasını təklif edirdi. Bu halda Azərbaycan Türkiyənin müdafiəsi və himayəsi altında sakit və azad inkişaf etmək imkanı qazanacaqdı. Və nəticə Ə. Ağaoğlunun proqnozlaşdırdığı kimi oldu.

Atatürk
Atatürk

AR: Azərbaycanın işğalına o vaxtlar hələ Atatürk adlandırılmayan Mustafa Kamal paşanın xeyir-dua verməsi nə dərəcədə düzdür? Belə bir xeyir-duaya rusların nə ehtiyacı vardı?

A.B.: Gəlin o zamankı situasiyanı göz önünə gətirək. Mustafa Kamal paşa I dünya müharibəsinin gedişində dünyanın az qala yarısını diz çökdürmüş Antanta qüvvələri ilə ölüm-dirim savaşında idi. İstanbul da daxil olmaqla ölkənin əsas hissəsi Antanta orduları tərəfindən işğal olunmuşdu. Bu qarşıdurmada Mustafa Kamal paşanın yardım ala biləcəyi yeganə ölkə isə bolşevik Rusiyası idi. Belə bir durumda öz xalqının köklü maraqlarından çıxış edən Mustafa Kamal paşa çox düzgün olaraq hərbi yardım üçün bolşeviklərə müraciət etdi. Bununla da o, faktiki olaraq Türkiyəni məhv olmaq və dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsindən xilas etdi. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Mustafa Kamal paşa həmin dönəmdə istəsəydisə belə, ruslarla qarşıdurmada Azərbaycana hansısa ciddi hərbi dəstək vermək imkanında deyildi. Nə qədər acı olsa da, etiraf etməliyik ki, o zamankı seçim beləydi: ya Türkiyə və Azərbaycan hər ikisi məhv olacaq, ya da Cənubi Qafqaz, o cümlədən Azərbaycanı müvəqqqəti güzəştə getməklə Türkiyənin qurtuluşuna nail olunacaq. Eləcə də unutmayaq ki, Naxçıvanın Azərbaycanın tətkibində qalması və Azərbaycanın formal da olsa, ayrıca respublika statusunda SSRİ-nin tərkibinə daxil olması Türkiyə ilə Rusiya arasındakı bu kompromisin tərkib hissəsi idi. Məhz bu status sayəsində 70 il sonra, sovet imperiyasının süqutu ilə Azərbaycan yenidən müstəqilliyini bərpa edə bildi. Və Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə də elə Türkiyə oldu. Rusiyaya gəlincə isə, Avropa tərəfindən tam iqtisadi-siyasi blokada şəraitində olan bolşeviklər üçün istənilən ölkə ilə yaxınlaşmaq böyük uğur sayıla bilərdi. Hərçənd, vurğulamaq lazımdır ki, Mustafa Kamal paşadan fərqli olaraq, Kreml üçün bu “məcburi ittifaq” hərbi deyil, siyasi-diplomatik baxımdan daha önəmnli idi. Çünki bolşeviklər onsuz da Azərbaycan və bütün Cənubi Qafqazı işğal etmək üçün tələb olunan hərbi gücə sahib idilər və Mustafa Kamal paşanın “xeyir-duası” olmadan da bu planlarını gerçəkləşdirəcəkdilər. Xüsusilə də ona görə ki, Azərbaycanın işğalının qarşısını almaq gücündə olan yeganə qüvvə - Avropa dövlətləri bolşeviklərin bu təcavüzkar hərəkətlərinə münasibətdə kənar müşahidəçi mövqeyində durmağa üstünlük verirdilər.

Azərbaycan, xəritə
Azərbaycan, xəritə

AR:“Qara qızıl və ağ pambıq!.. Bax bu üzdən “sovetləşdirilib” Azərbaycan!”. Bu sözləri Mirzə Bala Məmmədzadə işğaldan bir müddət sonra söyləyib. Yəni doğrudanmı qara və ağ qızıl olmasaydı, işğala ehtiyac qalmazdı?

A.B.: “Neft amilinin” önəmini inkar etmədən, qısaca onu deyə bilərəm ki, belə bir yanaşma kökündən yanlışdır. Azərbaycanı ruslar üçün cəlbedici edən əsas amil nə qara, nə ağ, nə də başqa bir rəngdəki “qızıl” deyil, onun geostrateji mövqeyi idi. Azərbaycan – Cənubi Qafqazın “açarı”dır. Bu baxımdan, Cənubi Qafqazda dominantlıq etmək iddiasında olan istənilən qüvvə, ilk növbədə, Azərbaycana nəzarət etməlidir.

Qırmızı Ordu əsgərləri Bakıda, 1920
Qırmızı Ordu əsgərləri Bakıda, 1920

AR.: Bir əsr öncənin hansı ibrət dərsləri var, sizcə?

A.B.: Fikrimcə, 100 il öncəki hadisələrin birinci və əsas ibrət dərsi ondan ibarətdir ki, istiqlalı qoruyub saxlamağın ilkin şərti - Azərbaycan cəmiyyətinin monolitliyinin təmin olunması və ölkənin siyasi elitası ilə geniş xalq kütlələri arasında uçurumun yaranmasının qarşısının alınmasıdır. Müəyyən obyektiv səbəblərdən 100 il öncə bunu təmin etmək mümkün olmadı. Belə ki, Azərbaycanın həmin dönəmdəki siyasi-intellektual elitası öz tərəqqisində cəmiyyətin sıravi üzvlərini o dərəcədə qabaqlamışdı ki, sonuncular onların ideyalarını anlamaq iqtidarında belə deyildilər. Təkcə bunu demək kifayətdir ki, Azərbaycan toplumu öz milli kimliyini dərk etmək səviyyəsinə belə gəlib çatmamışdı. Bununla bağlı M.Ə. Rəsulzadə xatırlayır ki, milli hərəkatın önəmli isimlərindən biri mənə yaxınlaşaraq sual etmişdi: “Hamımız türk və müsəlman olduğumuz halda, bu Azərbaycan haradan çıxdı?” Əgər hərəkatın öncülləri bu şüur sahibi idilərsə, o zaman Azərbaycan cəmiyyətinin ümumi səviyyəsindən, məncə, danışmağa dəyməz. Əminliklə demək olar ki, qonşularımızdan fərqli olaraq, bizdə müstəqillik ümumxalq hərəkatının nəticəsi olaraq deyil, 10-15 münəvvər kişinin fədakarlığı sayəsində qazanılmışdı. Bütün bu amillər son nəticədə ona gətirib çıxardı ki, bütövlükdə, Azərbaycan kütlələri cərəyan edən proseslərdə seyrçi mövqe tutdular. Aprel işğalı gedişində bu özünü xüsusilə göstərdi. Gürcülər və hətta Rusiyanın “forpostu” saydığımız ermənilər belə Qırmızı ordu ilə aylarla vuruşduğu halda, bizlər demək olar ki, müqavimətsiz bir sutka ərzində ruslara təslim olduq. Doğrudur, burada rus ordusunun yetirməsi olan Azərbaycanın o zamankı hərbi naziri və onun müavinin hərəkətləri də az rol oynamadı. Onlar faktiki olaraq Qırmızı orduya qarşı döyüşməkdən imtina edərək, rus zirehli qatarının Bakıya doğru sürətli hərəkətinin qarşısını almaq üçün Yalama körpüsünü partlatmaqdan boyun qaçırdılar. Sonuncu faktdan irəli gələn ikinci ibrət dərsi budur ki, Azərbaycan dövlətinin güc strukturları və ilk növbədə, ordunun komanda heyətinə Rusiyanın ən cüzi təsirinin olması belə fəlakətli nəticələrə gətirib çıxara bilər.

XS
SM
MD
LG